Ədalət
Ədalət — Mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar.
Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s... buna misal ola bilər.
İslamda ədalət
Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.
Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.
Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
İlahi ədaləti iki hissəyə bölmək olar:
- Təkvini ədalət;
- Təşrii ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır.
Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.