İman

Vikipediya, azad ensiklopediya
Agamirzezade.18.mirzeli (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:16, 30 oktyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

İman (ərəb. إيمان‎) - dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.[1]

Ümumiyyətlə iman sözü lüğətdə "təsdiq" mənasındadır. Qurani-Kərimdə imanın gerçək nöqtəsinin insanın qəlbi olduğu bəyan edilmişdir:

" (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir)." [2] "

İslam dininin üç əsas hissəsindən biridir: islam, iman, ihsan.

İman ilə islam, yəni təslim olmaq ayrı-ayrı anlayışlardır. Bu məsələ Qurani-Kərimdə də açıq şəkildə qeyd olunur:

" (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"[3] "

Başqa bir ayətdə Allah belə buyurur:

" Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür." [4] "

Məhəmməd Baqirdən (ə) soruşurlar ki, islam ilə imanın fərqi nədir?

İmam buyurur: İslam odur ki, Allahın birliyinə, Məhəmməd peyğəmbərin onun rəsulu olduğuna şəhadət verəsən, namaz qılasan, zəkat verəsən, Ramazan ayının orucunu tutasan, ömründə bir dəfə həcc ziyarətinə gedəsən.

İman isə odur ki, Allahın birliyinə, Məhəmməd peyğəmbərin onun rəsulu olduğuna şəhadət verəsən, namaz qılasan, zəkat verəsən, Ramazan ayının orucunu tutasan, ömründə bir dəfə həcc ziyarətinə gedəsən və Allahın hüzuruna günahsız gedəsən.

Soruşdular ki, biz günahkar ola-ola Allahın hüzuruna necə günahsız gedə bilərik?

O buyurdu, burada günahsız getmək dedikdə günahlardan tövbə edərək getmək nəzərdə tutulur.[5]

وعن عمر أيضا قال: بينما نحن جلوس عند رسول الله -صلى الله عليه وسلم- ذات يوم، إذ طلع علينا رجل شديد بياض الثياب، شديد سواد الشعر، لا يرى عليه أثر السفر، ولا يعرفه منا أحد حتى جلس إلى النبي -صلى الله عليه وسلم- فأسند ركبتيه إلى ركبتيه، ووضع كفيه على فخذيه. فقال: يا محمد أخبرني عن الإسلام، قال: الإسلام أن تشهد أن لا إله إلا الله وأن محمدا رسول الله، وتقيم الصلاة، وتؤتي الزكاة، وتصوم رمضان، وتحج البيت إن استطعت إليه سبيلا. قال: صدقت، فعجبنا له يسأله ويصدقه! فقال: فأخبرني عن الإيمان، قال: أن تؤمن بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، وتؤمن بالقدر خيره وشره. قال: صدقت. قال: فأخبرني عن الإحسان، قال: أن تعبد الله كأنك تراه، فإن لم تكن تراه فإنه يراك. قال: فأخبرني عن الساعة، قال: ما المسئول عنها بأعلم من السائل. قال: فأخبرني عن أماراتها، قال: أن تلد الأمة ربتها، وأن ترى الحفاة العراة العالة رعاء الشاة يتطاولون في البنيان. ثم انطلق فلبثت مليًّا، ثم قال: يا عمر أتدري من السائل؟ قلت: الله ورسوله أعلم، قال: هذا جبريل أتاكم يعلمكم دينكم رواه مسلم.:

Ömər İbn Xəttab rəvayət edir ki: bir gün Peyğəmbərin (s) hüzürunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində heç bir səfər əlaməti görünməyən və aramızdan heç kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbərin (s) yanına oturdu. İki dizini onun dizinə söykəyib, əllərini dizinin üstünə qoyaraq dedi: " Ey Muhamməd, mənə İslam haqqında xəbər ver!". Peyğəmbər: "İslam, ALlahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhammədin onun Rəsulu olduğuna şəhadət etmək,namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni (imkanın olduqca) Həcc etməkdir."-deyə buyurdu. (Adam): " Doğru söylədin"- dedi. Ömər dedi ki,adama heyrət etdik. Həm ona sual verir,həm də onun söylədiklərinin doğru olduğunu təsdiq edirdi.

Yenə soruşdu: "Mənə iman haqda xəbər ver!"

Peygəmbər: "İman, ALlaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyir və şərridə ALlahdan olmasına inanmaqdır." -deyə buyurdu.

(Adam): " Doğru söylədin. Mənə ihsandan haqqında xəbər ver!" dedi.

(Peyğəmbər): "İhsan, ALlah onu görür kimi ibadət etməkdir. Sən Onu görməsən də, O səni görür."

(Adam): " Mənə Qiyamət günü haqqında xəbər ver!"-dedi.

(Peyğəmbər): "Bu haqda soruşulan soruşandan çox bilmir"

Adam: " Onda mənə onun əlamətləri haqqında xəbər ver!" -dedi.

(Peyğəmbər): " Qul qadının öz ağasını doğması, ayaqyalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-biriləriylə yarışmaları." - deyə buyurdu. (Ömər) dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra (Peyğəmbər)mənə buyurdu : "Ey Ömər, o sual verənin kim olduğunu bilirsənmi?" Allah və Rəsulu daha yaxşı bilir. Buyurdu: " O, Cəbrail (ə) idi. Sizə dininizi öyrətməyə gəlmişdi." [6]

İmanın altı şərti

Bu şərtlər bir biriylə əlaqəlidir və biri olmasa digərləri də olmaz. Cəbrail mələk Peyğəmbərimizdən (s) imanın şərtlərini soruşduqda o belə buyurur:

1.Allaha iman gətirmək

2.Mələklərinə iman gətirmək

3.Kitablarına iman gətirmək

4.Peyğəmbərlərinə iman gətirmək

5.Axirətə iman gətirmək

6.Qədərə iman gətirmək

İman əməl münasibəti

İmanın nə olması haqqında kəlam məktəblərinin hər birinin özünə xas görüşləri vardır ki, təbii olaraq hər biri öz görüşünü Quran və Hədisə əsaslandırmağa çalışıblar. Onların iman əməl münasibəti haqqındakı görüşlərini belə sıralamaq olar.

A. İman qəlbin təstiqidir

Əşəri və Maturudi kəlamçılarına görə iman, inanılması gərəkən xüsusları qəlbin təstiq etməsidir. Maturudi, Əşəri, Baqillani, Cüveyni, Qəzali, Əbul-Muin Nəsəfi, Şəhristani və Amidi kimi əhli-sünnə kəlamçıların qənaəti budur. İmanın qəlbin təsdiqi olduğunu göstərən ayə və hədislərin bəzisi bunlardır. Ayələr.

1. Hz.Yusifin qardaşları tərəfindən hz. Yaquba xitabən deyilən «sən bizə inanan deyilsən» məalındakı ayə «sən bizi təsdəq edən deyilsən» mənasındadır. 2. Allah münafiqlər haqqında «Ey peyğəmbər, qəlbləri ilə inanmadıqları halda ağızları ilə inandıq deyənlərlə, yahudilərdən o küfür içində danışanlar səni üzməsin» buyurmuş və imanı qəlbin təstiqi hesab etmişdir. 3. «Alah kimə doğru yolu göstərib imana müvəffəq edərsə, onun qəlbini islam üçün açar»

Hədislər.

1-Bir hədisdə nəql edildiyinə görə Usamə bin Zeyd (öl. 54/674) döyüşlərin birində öldürmək istədiyi şəxs «lə iləhə illəllah» dediyi halda onu öldürmüş və müharbədən qayıdarkən hadisəni hz. peyğəmbərə danışdığı zaman Hz. Peyğəmbər «öldürdüyün adam doğru yaxud yalan sölüyür deyə qəlbini yarıb baxdınmı?» deyə onu qınamışdır. Hz. Peyğəmbərin «qəlbini yarıb baxdınmı?» sözü imanın qəlbin təstiqi olduğuna dəlildir. 2- Sumayə deyir: İmam Sadiq (ə)-dan islam və imanın bir-birindən ayrı olub olmadığını soruşdum. İmam buyurdu: İman islamdır ( Hər yerdə islamla şərikdir) amma islam iman deyildir (hər yerdə şərik deyil ). Davamında buyurdu: islam həmin dillə iqrardır ki onunla müslman kimi davranmağı zəruri edər. İman isə mənəvi bir hidayət və əqidədir ki ,insan qəlbində islamı qəbul edib, ona əməl edər. İman islamdan üstün mərtəbədir. Əbu Muin ən-Nəsəfiyə görə iman qəlbin təstiqdir. Əməllə iman arasında bir başa əlaqə yoxdur.

Əhli-sünnə və İmamiyyə kəlamçılarına görə hər bir şəxs imanı dili ilə iqrar etməsə belə Allah qatında həqiqi mömindir. Amma dünya hökümlərinin tətbiqi üçün də qəlbdəki imanın dil ilə iqrarı şərtdir.

B. İman qəlbin mərifətidir

Cəhmiyyə məzhəbinə görə iman qəlbin bilməyindən (marifetinden) ibarət olub Allahı və Hz. Peğəmbərin xəbər verdiyi şeyləri qəlbən bilməkdir.Təstiqlə bilmənin hərikisinin qəlb işi olmasına baxmayaraq aralarında fərq var. Təsdiq qəlbdə bir kəsb və iradə nəticəsində meydana gəlir. Bilgi isə kəsb və ixtiyar olmadan qəlbdə olar. Bilginin iman ola blməsi üçün onda iradə və təslimiyyət olmalıdır. Maturudi imanın qəlbdəki mücərrəd bilgidən ibarət olmadığını bildirmiş və «bilgi cəhalətin ziddidir. Halbuki imanın ziddi küfürdür. Əgər iman bilgi olsaydı o zaman cəhalətin küfür olması dolaysıyla hər cahilin kafir, hər alimin mömin olması gərəkəcəkdir ki, buda mümkün deyildir». Həmçinin Zahiri İbni Hazım da bu görüşdədir. Təstiq zənni qalib v' mütləq təstiq olmaqla iki növə ayrılır.Zənni qaliblə təstiq dediyimiz həmən sadə camatın təstiqidir ki ona təqlidi iman da deyilir. Mütləq təstiq isə kəsb, iradə və qəlbin itminan olaraq etdiyi təstiqdir.

C. İman dil ilə iqrardır

İqrar imanın dil ilə deyilməsidir. Mürciə və Kərramiyyə məzhəbləri imana inanılması gərəkən şeyləri qəlbin təstiqi olmadan sadəcə dil ilə iqrar etməkdir deyə tərif veriblər. Buna Hz. Peyğəmbərin '' kəlmeyi-tövhidi deyən kimsənin canı və malı amanda olar. İç üzünün mühakiməsi isə Allaha aittir. hədisini dəlil olaraq göstərirlər. Əgər belə olsaydı o zaman münafiqlər də mömin olardılar. bir haldaki elə deyil. «İnsanların bəziləri imanları olmadğı halda- biz Allaha və axirət gününə iman gətirdik- deyərlər». Ayədən belə nəticəyə gəlmək olar ki, bu hədisi- şərif kəlmeyi-tövhidi deyən şəxsə müsəlman müamiləsinin göstəriləcəyinə dəlildir.

D. İman qəlblə təstiq dil ilə iqrardır

İmam Hənəfi, Pəzdəvi, Sərasi kimi hənəfi fiqhinin önəmli fəqihlərinə görə iman, inanılması lazım olan xüsüsları qəlbin təstiqi və dilin iqar etməsidir. Hənəfi fəqihlərə görə imanın təsdiq və iqrar olmaqla iki rukunu(ünsürü, əsası) var. Bunların dəlili isə bu hədisi-şərifdi «Qəlbində buğda dənəsinin zərrəsi qədər iman olduğu halda Allahdan başqa ilah yoxdur, Muhəmməd onun rəsuludur'' deyən kimsə cəhənnəmdən çıxar.»

E. İman qəlb ilə təstiq dil ilə iqrar və əməldir

Xarici, Mötəzilə, Zeydiyyə və Sələfdən Malik, əl-Əvzai, Şafi, Haris əl-Muhasibi, Kalanisi, Əhməd bin Hənbəl kimi alimlər İman, dil ilə iqrar, qəlb ilə təstiq və əməldən ibarətdir deyiblər. Bu görüşə görə bütün dini vacibləri yerinə yetirmək imanın bir parçasıdır. Yəni dini vaciblərdən birinə əməl etməyən dindən çıxmış olar. Amma vaciblərin hamsını yoxsa bir qismini əhatə etməsi mövzusunda ixtilaf ediblər. Misal olaraq xaricilərə görə isətər fərz(vacib) olsun istər nafilə(müstəhəb) bütün vaciblər imandandır. Bunlardan birini tərk edən dindən çıxar. Mötəzilədən bəzilərinə görə məxsusən də, Bəsrəli mötəzilələrə görə fərzlər imandandır. Nafilələr isə imandan deyil. Bu göruşü müdafə edənlər bu ayəni «Allah sizin imanlarınzı (namazlarınızı) zay etməz.» dəlil olaraq istifadə edirlər. Burda imanı bir əməl olan namazın yerinə işləndiyini iddia edərək əməl imandan bir cüzdür deyirlər. Əşəri və İmamiyyəyə görə isə əməl imanın ünsürü deyil şərtidir. Qəlb ilə təstiq edib, dil ilə iqrar edən kimsə əməllərdən birini və ya bir neçəsini tərk edərsə fasiq (günəhkar) mömin olar. Amma sonda cənnətə gedər. Dəlil olaraq isə aşağdakı ayələri gətirirlər: 1. Qurani-Kərimdə « iman edənlər və salih əməl edənlər» deyə bir çox ayə işlənmişdir. Bu ayələrdə iman ednlərlə salih əməl işləyənlər ayrı-ayrı qeyd onunur. Əgər əməl imanın bir parçası olsaydı sadəcə iman edənlər deyərdi. 2. Bəzi ayələrdə əməlin qəbul olunması üçün iman şərt qoyulub: « Mömin olarq yaxşı işlər görən kəs, əsla nə zülümdən nə hqqının kəsilməsindən nə də ki, şəxsiyyətin kiçildilməsindən qorxar.» burda əməlin qəbulu üçün iman şərt olaraq işlədilib. 3. Bəzi ayələrdə böyük günahın imanla bir yerdə ola biləcəyi qeyd olunmuşdur. Bunlardan birində « Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşarsa, onların arasını düzəldin…» buyurulub və böyük günah sayılan öldürmə felini işləyərək əməli tərk edən şəxslərə «möminlər» deyir. 4. bu haqda icma var- Səhabə zamanından etibarən böyük din alimləri, qəlbində imanı olduğu və bu imanı dili ilə iqrar etdiyi halda əməlləri etməyən və qadağaları pozan şəxsləri mömin sayıb və onların bir müsəlman həyatı yaşamalarına da qarşı çıxmayıblar.

Mömin

Yuxarıda sadalananlara iman gətirən müsəlman mömin adlanır. İnsanın mömin olması onun daxili hissi olmasına baxmayaraq, Qurani-Kərimdə və hədislərdə möminlərin xüsusiyyəti haqqında kifayət qədər bəhs olunub. Bu barədə Qurani-Kərimdə buyurulur: "Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar,..."[7] Buradan belə başa düşülür ki, eyni zamanda insanın imanının kamilləşməsinə Allah ayələrinin oxunması birbaşa təsir göstərir.

Peyğəmbərdən (s) nəql olunur ki, bəndədə bu xislətlər olmayınca onun Allaha olan imanı kamilləşməz: "Allaha təvəkkül etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavü-qədərinə razı olmaq və Allahın göndərdiyi bəlaya səbr etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə imanı kamal həddinə çatdırıb."[8] Eləcə də, Cəfəri Sadiqdən belə rəvayət olunur ki, "Üç xislət olmayınca heç bir bəndə imanını kamilləşdirə bilməz: Dini dərk etmək, maliyə məsələlərini düzgün proqramlaşdırmaq və bəla və çətinliklər müqabilində səbr."[9]

Möminin gözəl əxlaqa sahib olması xüsusunda Əli ibn Əbu Talib buyurur: "Sizin imanı daha kamil olanınız əxlaqı daha gözəl olanınızdır." [10]

Qurani-Kərimdə qeyd olunur: "İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!"[11]. Buradan aydın olur ki, möminlər, əməlisalehlər, bir-birilərinə haqqı və səbri tövsiyə edənlərdən başqa bütün insanlar zəlalət içindədirlər.

İmanın ən aşağı mərtəbəsi Allahın birliyinə, Məhəmməd peyğəmbərin nübuvvətinə və axirətə iman gətirməkdir. Çünki bir insan kafir olarsa və bunlara iman gətirib dünyadan köçərsə, dünyadan mömin kimi köçmüş hesab olunur. Ancaq sadalananlara iman gətirib və həyatdadırsa, onda Allahın vacib və haram buyurduqlarına mütləq şəkildə riayət etməlidir. Bu barədə Məhəmməd Baqirdən nəql olunan hədisdən aydın olur:"Bir nəfər Hz. Əlidən soruşur: "Allahın birliyi və Məhəmməd peyğəmbərin peyğəmbərliyinə şəhadət verən şəxs mömindirmi?" Əli cavabında deyir: "Bəs Allahın buyurduğu vacib əməllər hara getdi?!" Əli həmçinin buyurmuşdur ki, "Əgər iman yalnız Allah və peyğəmbərinə şəhadət verməkdən ibarət olsaydı, onda oruc, namaz, halalharam şəriətlə qanuniləşməzdi" [12]

Mömini incitmək

Qurani-Kərimdə deyilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"[13] İslam peyğəmbərindən nəql olunan hədisdə qeyd olunur ki, mömini kədərləndirən şəxs ona dünyanı da bağışlasa bu işin onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişin müqabilində ona savab verilməz.[14] Peyğəmbər (s) başqa bir hədisdə camaatı incitməyi insanın özün üçün verdiyin sədəqə olduğunu qeyd edir.[15]

Ədəbiyyat

  • Ahmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat,s.18.
  • Yusif,12\17
  • Maidə,5\41
  • Ənam, 6\125, həmçinin, Nəhil, 16/106; Hucurat, 49/14; Mücadilə, 58/22.
  • Məhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, İntişarate usvə, h.ş. 1372, cild, 4, s. 85.
  • Akuş Süleyman, “Ebül-Muin en-Nesefiye göre mahiyet, artma ve azlma yönüyle iman”, Sakarya üniversitesi ilahiyat fakültesi dergisi, N. 15, 2007, s. 75.
  • Mustafa Sinanoğlu, ”İman”, TDV İslam Anskıopedisi, İstanbul: İSAM yayınları, 2000, cild,22, s. 213.
  • Bəqərə, 2/8; Hucurat, 49/14,17; Münafiqin, 63/1.
  • Bəqərə, 2\143.
  • Baktır Mehmet, “ İmanın temellendirilmesi “, Cumhuriyyet Üniversitesi İlahiyat Fakultəsi
  • Dergisi, N. 6, Sivas, 2002, s. 130.
  • Bəqərə, 2/277; Həmçinin, Yunus, 10/9; Hud, 11/23; Ənkəbut, 29/7, 9; Loğman, 31/8; Fatir,
  • 35/7; Fussilət, 41/8.
  • Taha, 20/112.
  • Hucurat, 49/9

İstinadlar

  1. Bu barədə Peyğəmbərdən (s) nəql olunan hədisdə qeyd olunur: İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir. (Kənzul-Ummal, hədis 2)
  2. Mucadələ surəsi, 22
  3. Hücurat surəsi, 14
  4. Nisa surəsi, 136
  5. Zubdətul əhadis, səh. 225; Xisal, səh. 41.
  6. Müslim, 8
  7. Ənfal surəsi, 2
  8. Biharul-Ənvar, c.77, səh.177, hədis 10
  9. Biharul-Ənvar, c.78, səh.239, hədis 78
  10. Biharul-Ənvar, c.71, səh.387, hədis 34
  11. Əsr surəsi, 2-3
  12. Kafi, cild 2, səh. 33, hədis 2.
  13. Əhzab surəsi, 58
  14. Biharul-Ənvar, c.75, səh.150, hədis 13
  15. Biharul-Ənvar, c.75, səh.54, hədis 19