Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar.
Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s... buna misal ola bilər.
İslamda ədalət
Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.
Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.
Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
İlahi ədaləti iki hissəyə bölmək olar:
- Təkvini ədalət;
- Təşrii ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır.
Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
Ədl sözünün mənası
Lüğəti mənası
Ədl dogru olmaq, düzgün davranmaq, ədalətlə hökm etmək və s. mənalar bildirən məsdərdir. Ayrıca doğruluq və ədalət anlamları ilə isim olaraq istifadə olunduğu kimi, çox adil mənasında sifət kimi də işlənir.
Termin mənası
Ədl Allahın doxsan doqquz adını sayan Əsmai-husnə hədisində yer alır. Ədl Allahın adlarından biri olaraq istifadə olunanda mübaliğə bildirən bir sifət olub “çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən” anlamına gəlir. İslam alimləri ədl sifətini “Allahın hər varlığa layiq olduğu imkan və qabiliyyətləri bəxş etməsi” mənasını verən comərdlik sözləri ilə izah etmişlər. İbn Teymiyyə də bundan yararlanaraq ədlə Allahın yaratdıqlarına nemət verməsi mənasını verir. Qəzzali Allahın ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, feillərini, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını söyləyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. Ancaq ədl sifətinin şərhində Mötəzilə alimləri ilə başqa islam alimləri arasında fərqli fikirlər meydana gəlmişdir[1]. “Ədalət” hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az olmamalıdır. Bu haqda Hz. Əli (ə) belə buyurur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir”.
Ədalətin digər iki mənası
a. Bu sözün leksik mənası hər yerdə, qalaktikamızda, insanın vücudunda, bitkilər və digər canlı aləmlərdə kökmranlıq edir. Bu mənanı Hz. Peyğəmbərin buyurduğu “bil-ədli qamətis-sələvatu vəl-ərd” (yəni yer və göy ədalət əsasında bərpa olunmuşdur) hədisindən hədisindən də bilmək olar. Əgər yer kürəsi cazibə qüvvəsini itirsə, yer öz tarazlığını saxlaya bilməz və çox böyük fəlakət baş verər. b. Ədalətin digər mənası isə “camaatın hüququna riayət etməkdir”. Allahın ədalətinin mənası budur ki, O haqq tapdalamır, birinin haqqını başqasına vermir və insanlar arasında ayrıseçkilik salmır. O, hər cəhətdən adildir[2].
Həmçinin bax