Beşmərtəbə
Beşmərtəbə — Bakıda tarixi bina. Füzuli küçəsi, 15 ünvanında yerləşir. 1929-cu ildə şəhərdə ilk çoxmərtəbəli bina olmuşdur, buna görə də el arasında Beşmərtəbə adını almışdır. Sovet dövründə "Metalist" yaşayış binası kimi tikilmişdir.[1] Bina geniş yolun ayrıcında yerləşdiyinə görə ilk yeraltı keçidlər sonralar burada yaranmışdır.
Beşmərtəbənin yerində Abbasqulu ağa Bakıxanovun qızı Töhrə xanıma məxsus olan birmərtəbəli karvansara var idi.[2] Həmin ərazidə bazar da var idi. 1903-cü ildə şəhər hakimiyyəti antisanitariya və kriminogen vəziyyətə görə bazarı sökmək qərarına gəldi. Sonra karvansara xarabalıqlarının daxil olduğu təmizlənmiş ərazidə Beşmərtəbə binası tikilmişdir.[2] "Sovet Azərbaycanının memarlığı" kitabına görə binanın memarları M. S. Finkelşteyn və A. M. Şuşerov, "Azərbaycan Milli Ensiklopediyasına" görə isə memarı binada milli adət-ənənələrdən istifadə etmiş A. A. Nikitin olub. Binada bərpa işləri aparılmışdır, fasadlar yenilənib.[1]
İstinadlar
- ↑ 1 2 "Жилой дом "Металлист" [Бешмертебе]". «Конструктивистский проект». İstifadə tarixi: 23 yanvar 2024.
- ↑ 1 2 P. Sultanova. "Karvansaralar: uzaq yolların tozunu, yorğun yolçuların izini bugünə daşıyan abidələr". 525-ci qəzet. 15 aprel 2011. İstifadə tarixi: 23 yanvar 2024.