Bəxşi Qələndərli
Bəxşi Qələndərli | |
---|---|
Bəxşi Həsən oğlu Qələndərli | |
Doğum tarixi | 20 iyul 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1985 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1934-cü ildən |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür. 1934–1951-ci illər ərzində burada çalışan rejissor 1939-cu ildə Ermənistan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. [1]
Baxşı Qələndərli 14 sentyabr 1985-ci ildə, 82 yaşında vəfat etmiş və İrəvan şəhərində dəfn olunmuşdur.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1944-cü ildə İrəvanda Vilyam Şekspirin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında onun hazırladığı "Otello" tamaşası birinci yerə layiq görülür. Münsiflər heyətinin üzvü, professor Mixail Morozov pyesin Azərbaycan dilində mətninin üzərində bu sözləri yazıb: "Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların "Otello" tamaşasından aldım". Naxçıvan teatrının keçmiş aktyoru, Əməkdar artist Yusif Allahverdiyev Baxşı Qələndərlinin bu barədə söhbətini belə xatırlayır:
“Baxşı müəllim deyirdi ki, Morozov hamıya bildirmişdi ki, o, Otellonun Dezdemonanı boğması səhnəsinə baxa bilmir. Hətta bunu Şekspir tərəfindən istifadə olunan vəhşilik kimi dəyərləndirirdi. Çünki tamaşaçının gözü qarşısında insanı boğmaq və öldürmək düzgün deyil. Amma Baxşı müəllim çox orijinal bir üsul tapmışdı. O, sonuncu səhnədə, ölüm yerində baş tərəfi taxta ilə qapalı və ayaq hissəsi tamaşaçıya sarı olan bir çarpayı qoymuşdu. Yəni tamaşaçı yatağında uzanan Dezdemonanı görmürdü. Otello onun yatağına yaxınlaşır və Dezdemonanı boğurdu. Otello ayağa qalxandan sonra isə çarpayıdan heysiz bir qadın əli yana düşürdü. Bu mizan ilk dəfə olaraq belə işləndiyi üçün dəhşətli ölüm səhnəsi birbaşa tamaşaçının gözü qarşısında baş vermirdi. Ona görə də bütün münsiflər heyəti tamaşanı ayaq üstə alqışladılar” |
1964–1982-ci illərdə fasilələrlə Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşçu rejissoru, baş rejissoru və baş inzibatçısı vəzifələrində çalışmışdır.[2]
1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına rejissor dəvət edildikdən sonra qısa müddət ərzində kollektivə uyğunlaşır. O, burada maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gəlmişdir: "Mösyö Jordan və dərviş Məstəli şah" (M. F. Axundzadə), "Od gəlini" (C. Cabbarlı), "Canlı heykəl" və "Mən onu axtarıram" (Süleyman Rəşidi), "Mehmanxana sahibəsi" (K. Qoldoni), "Cehizsiz qız" (A. Ostrovski), "Dördüncü" (K. Simonov), "Səadət nəğməsi" (Ə. Yusifli), "Qəmli günlər" (N. Əliyev) və s. tamaşalar onun yaradıcı təxəyyülünün səhnə məhsuluna çevrilmişdir. Onun şair-dramaturq Kəmalənin "Məhsəti" pyesi əsasında hazırladığı eyniadlı tamaşa Məhsəti Gəncəviyə həsr edilən ilk səhnə əsəri kimi qiymətləndirilir. Görkəmli teatrşünas Cəfər Cəfərov bu tamaşa haqda mətbuatda dərc etdirdiyi resenziyasında yazır:
“Təcrübəli rejissor olan Baxşı Qələndərli tarixi hadisələri təsvir etmək üçün xırda detallardan, bərli-bəzəkli geyimlərdən və parlaq əşyalardan imtina edib. Tamaşa yığcam, cəlbedici rejissor dəst-xəttinin sadəliyi ilə diqqəti çəkir. Burda tərki-dünyalıq və nikbinlik kimi iki dünyagörüşün, fəlsəfi baxışın arasında gedən mübarizə xərabat və məscidlə aydın şəkildə təzahür edir”. |
1978-ci ildə Süleyman Rəşidinin (Əliyev) “Canlı heykəl” pyesi əsasında hazırlandı. Onun da quruluşçu rejissoru B.Qələndərli idi. Quruluşçu rəssam M.Qasımov, musiqi tərtibçisi M.Ələkbərov olmuşdur. Mart ayının 15-də premyerası olan tamaşada əsas rollarda Z.Həmzəyeva (Anna İvanovna), N.Həmzəyev (Mahir), S.Hüseynova (Validə), S.Mirzəyeva (Valya) çıxış edirdilər. “Şərq qapısı” qəzetində C.Vəzirov və A.Haqverdiyevin müəllifləri olduqları resenziyada “Canlı heykəl” tamaşasında aktyor ifasının maraqla baxılması, səmimi, təsiredici olması xüsusi vurğulanmışdı [3]
Baxşı Qələndərlinin C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çəkdiyi zəhmət yüksək qiymətləndirilir. 1974-cü ildə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Şərəf Nişanı" ordeni (iki dəfə)
- Ermənistan SSR əməkdar incəsənət xadimi (1939)[2]
- Azərbaycan SSR əməkdar artisti (1974)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Rəhimli, 2005. səh. 237
- ↑ 1 2 Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, 1995. səh. 331
- ↑ "AXTARIŞLAR (ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU" (PDF). 2023-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-29.
Mənbə
[redaktə | vikimətni redaktə et]- İlham Rəhimli. Azərbaycan teatr tarixi (PDF). Çaşıoğlu. 2005. səh. 864.
- Нахичеванский драматический театр им. Мирзы Фатали Ахундова. 10. 1964. səh. 186.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: «Gənclik». 1995. səh. 440. ISBN 5-8020-0852-0.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- 20 iyulda doğulanlar
- 1903-cü ildə doğulanlar
- Xankəndidə doğulanlar
- 14 sentyabrda vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Naxçıvanda vəfat edənlər
- İrəvanda dəfn olunanlar
- Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycanın teatr rejissorları
- Ermənistan SSR əməkdar incəsənət xadimləri