Yorklu Yelizaveta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yorklu Yelizaveta
ing. Elizabeth of York
18 yanvar 1486 – 11 fevral 1503
ƏvvəlkiAnna Nevil
SonrakıAraqonlu Yekaterina
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1466
Doğum yeri
Vəfat tarixi 11 fevral 1503 (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
Fəaliyyəti royalty[d]
Atası IV Eduard[1]
Anası Elizabet Vudvil[1]
Həyat yoldaşı
Uşaqları
Ailəsi York sülaləsi
Dini katolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yorklu Yelizaveta (ing. Elizabeth of York; 11 fevral 1466, Vestminster sarayı, Böyük London regionu[d]11 fevral 1503, London qalası) — İngiltərə kralı IV Eduardın qızı, VII Henri Tüdorun xanımı, İngiltərə kraliçası. Al və ağ qızılgül müharibələri dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri.

11 fevral 1466-cı ildə Vestminster sarayında dünyaya gəldi. Atası York ailəsinə mənsub ilk İngiltərə kralı IV Eduard, anası isə yerli əsilzadələrdən Yelizaveta Vudvildir. Doğumundan qısa müddət sonra keçirilən vəftiz mərasimində hər iki nənəsi - Lüksemburqlu JakettaSesilya Nevil xaç anası oldu. 1469-cu ildə hələ 3 yaşında ikən dövrün güclü komandanlarından Vorvik lordu Riçard Nevilin qardaşı oğlu Corc Nevillə nişanlandı. Ancaq Riçard Nevilin həmin il atasına qarşı üsyan başlatmasıyla nişan pozuldu. 1475-ci ildə Fransa kralı XI Lüdoviklə bağlanan sülhə əsasən, kralın oğlu vəliəhd Karlla nişanlandı. Ancaq 1483-cü ildə XI Lüdovik bu razılığı pozdu və oğlunu Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqaritayla nişanladı. 1477-ci ildə adaşları olan anası Yelizaveta Vudvil və bibisi Yorklu Yelizaveta ilə birlikdə Bant ordeniylə mükafatlandırıldı.

V Eduard dövrü

[redaktə | mənbəni redaktə et]

9 aprel 1483-cü ildə atası IV Eduard gözlənilmədən vəfat etdi və qardaşı V Eduard uşaq yaşda taxta çıxarıldı. Atasının vəsiyyətinə əsasən isə, əmisi Qloster hersoqu Riçard taxt naibi təyin olundu. Ancaq əmisi ilk iş olaraq yeni kralı London qəsrində gözaltına aldı. Məqsəd isə azyaşlı kralı Vudvil ailəsinin, xüsusilə də anası Yelizaveta Vudvilin təsirindən uzaq tutmaq idi. O əsnada Uelsdə şahzadəylə birlikdə olan dayısı Antoni Vudvil və ögey qardaşı Riçard Qrey həbs olundular. Anası Yelizaveta Vudvil isə digər oğlu Riçard və qızlarıyla birlikdə saraydan qaçdı və xəzinənin böyük hissəsini də yanına alaraq Vestminster Abbadlığına sığındı. Ancaq çox keçmədən bu oğlunu da Qloster hersoquna təslim etməyə məcbur oldu.

Cəmi 2 ay sonra - 22 iyun 1483-cü ildə verilən parlament qərarıyla IV Eduardın Yelizaveta Vudvillə olan evliliyi ləğv edildi və bu evlilikdən doğulan uşaqlar nigahdan kənar elan edilərək taxt haqları əllərindən alındı. Beləcə, IV Eduardın taxtı yeganə qardaşı olan Qloster hersoqu Riçarda miras qaldı. Uşaq yaşdakı kralın həbs edilən dayısı Antoni Vudvil və ögey qardaşı Riçard Qrey 25 iyunda edam edildilər. 6 iyul 1483-cü ildə keçirilən tacqoyma mərasimiylə III Riçard taxta çıxdı və İngiltərə kralı oldu. O əsnada London qəsrində həbs tutulan V Eduard və qardaşı Şahzadə Riçard isə qısa müddət sonra anidən yoxa çıxdılar. Onların əmiləri tərəfindən gizlicə öldürülməsi barədə şayələr yayıldı və bu şayələr III Riçarda qarşı müxalif cəbhəni gücləndirdi.

III Riçard dövrü

[redaktə | mənbəni redaktə et]

Vestminster Abbadlığında gizləndiyi dövrdə anası Yelizaveta Vudvil digər taxt iddiaçısı olan Henri Tüdorun anası Leydi Byufortla görüşərək aralarında sözləşdilər və Henri Tüdor taxt iddiasını gücləndirmək üçün sabiq kral IV Eduardın böyük qızı Yorklu Yelizaveta ilə evlənməyə razılıq verdi. 1483-cü ilin dekabrında Ren kafedralında keçirilən mərasimdə tərəflər qyabi olaraq nişanlandı.

1484-cü ilin martında III Riçard üzərindəki təzyiqi azaltmaq məqsədilə Vestminster Abbadlığında gizlənən Yelizaveta Vudvillə razılığa gəldi və qızlarının canına toxunmayacağına söz verdi. Nəticədə sabiq kralın 2 böyük qızı Yelizaveta və Sesilya kralın sarayına alındı və kraliça Anna Nevilin nədiməsi oldu. Yelizaveta Vudvil isə digər 2 azyaşlı qızı KetrinBrijitlə birlikdə öz ata-baba yurdu olan Qrafton malikanəsində yaşamağa göndərildi. Əmisi III Riçardın sarayında yaşadığı dövrdə Yelizavetanın əmisiylə gizlicə eşq yaşamasıyla bağlı şayələr yayılsa da, kraliça Anna Nevilin vəfatının ardından Yelizavetanın saraydan göndərilməsi bu şayələrə son qoydu. 7 avqust 1485-ci ildə nişanlısı Henri Tüdorun Uels sahillərinə gəlməsi və İngiltərəyə ordu yürütməsinin ardından tərəflər Bosvort düzənliyində qarşı-qarşıya gəldilər. Nəticədə, III Riçard döyüş meydanında həlak oldu Henri Tüdor taxta çıxdı.

İngiltərə kraliçası kimi

[redaktə | mənbəni redaktə et]

Başlanğıcda nişanlısı Yelizaveta və III Riçard haqqında yayılan şayələr səbəbilə, bu nişanı pozmaq istəsə də, İngiltərədə nüfuz qazanmaq və taxt iddiasını gücləndirmək məqsədilə VII Henri Tüdor Yelizaveta ilə olan münasibətini davam etdirdi. IV Eduardın Yelizaveta Vudvillə olan nigahını illeqallaşdıran parlament qərarını ləğv etdi və beləliklə, Yelizaveta və bacıları yenidən IV Eduardın rəsmi mirasçıları oldu. 18 yanvar 1486-cı ildə cütlük Roma papasından gələcək təsdiqi gözləmədən evləndilər. Cütlüyün ilk övladı olan Şahzadə Arturun doğumunun ardından 25 noyabr 1487-ci ildə Yorklu Yelizaveta rəsmi tacqoyma mərasimiylə İngiltərə kraliçası elan olundu. Çox sayıda övladı doğulsa da, bunlardan yalnız dördü yetkinlik yaşına çatdı - Artur, Marqarita, HenriMariya.

Cütlük siyasi məqsədlərlə evlənsə də, sonrakı dövrdə bir-birlərinə bağlandılar. İllərdir davam edən Al və ağ qızılgül müharibələrinə son qoymaq və İngiltərəni Tüdor bayrağı altında birləşdirmək istəyən cütlük bu yolda mühüm addımlar atdı. Kraliçanın bacıları AnnaSesilya, eləcə də əmisi qızı Marqarita Poul Lankaster ailəsindən mühüm şəxslərlə evləndirildilər. Qaynanası Leydi Byufortun saraydakı nüfuzu səbəbilə güclü bir kraliça ola bilməyən Yelizaveta siyasi məsələlərdən uzaq qaldı və vaxtını xeyriyyə işləriylə keçirdi.

1500-cü ildə KaleKastiliya kralı I Filipplə baş tutan görüşdə ərini müşayiət etdi. Övladlarının güclü və siyasi olaraq nüfuzlu şəxslərlə evlənməsini arzuladı və bu məqsədlə Kastiliya kraliçası İzabella ilə məktublaşdı. Bu yazışmaların nəticəsi kimi, böyük oğlu Şahzadə Arturu Kastiliya infantası Ketrinlə evləndirdi. Oğlunun gənc yaşda anidən vəfat etməsinin ardından isə bu ittifaqın pozulmaması adına Ketrini kiçik oğlu Henriylə evləndirdi. Bu isə gələcəkdə Anqlikan kilsəsinin qurulmasında atılan ilk addım oldu.

1502-ci ildə hamilə olduğu elan olunan Yorklu Yelizaveta bu dövrü London qəsrində keçirdi. 2 fevral 1503-cü ildə Ketrin adı verilən bir qız uşağı dünyaya gətirsə də, bu uşaq yalnız bir neçə gün sonra vəfat etdi. Ancaq doğuşdan sonra tutulduğu infeksiya səbəbilə doğum günündə 11 fevral 1503-cü ildə vəfat etdi. Onun ölümüylə ailəsinin, xüsusilə də VII Henri Tüdorun güclü sarsıntı keçirdiyi bilinir.

  • Licence, Amy (2014). Elizabeth of York: Forgotten Tudor Queen. Amberley Publishing. ISBN 978-1-4456-3314-5
  • Morgan, Kenneth O. (1988). The Oxford History of Britain. Oxford University Press. ISBN 0-1928-5202-7
  • Okerlund, Arlene (2009). Elizabeth of York (1st ed.). New York: Palgrave Macmillan. ISBN 978-0-2301-0065-7
  • Weir, Alison (2014). Elizabeth of York : a Tudor queen and her world (Trade paperback ed.). New York: Ballantine. ISBN 978-0-3455-2137-8
  • Williams, Neville (1977). "Henry VII". In Fraser, Antonia (ed.). The Lives of the Kings and Queens of England. Futura. ISBN 0-8600-7449-8