Çəng

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çəng
Hornbostel–Zaks təsnifatı 322.12
Mənşə ölkəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər.[1]

Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar [2].

Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər [3]. Eramızdan çox-çox əvvəllərə aid edilən çəng musiqi aləti XVI əsrin II yarısına kimi Azərbaycanda istifadə edilmişdir. Şərq əfsanələrində bu alətin ilahi qüvvə tərəfindən yaradıldığı deyilir. Hətta onu "Müqəddəs mələk" də adlandırırdılar.

İlk cəngin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir. Cəngin üzünə dəri çəkilir və ona sim əvəzinə sap bağlanılır ki, onlara pərdələr deyilir. Cəngdən Azərbaycanda XVI əsrin II yarısına kimi istifadə olunmuşdur. Onun üzünə ceyran və ya balıq dərisi çəkilir, simləri ipək və ya bağırsaqdan hazırlanırmış. Orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış qədim musiqi alətlərindən biridir. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün "Yeddi gözəl" poemasında çəngi belə təsvir edir:

Sazın ipək telli xoş avaz almış,
Çəngin qulağına halqalar salmış
Zil pərdədən qalxan nəğmələr gözəl
Çəngin ətəyində nazlanır qəzəl...

Çəng alıb əlinə o dilbər pəri,
Söylədi çəkdiyi əziyyətləri.
Yayıldı çəng səsi, düşdü hər yanə,
Nalə aşiqləri etdi divanə.

Türk xalqları musiqisinin tədqiqatçısı doktor Fərrux Sümer "Qədim türklərin musiqisi və rəqsləri" adlı məqaləsində yazırdı: "Altay Kurqanlarında aparılan qazıntılar zamanı tapılan mədəniyyət abidələri arasında 2 çəng daha böyük maraq kəsb edir."

Arxeoloqlarının araşdırmalarından belə məlum olur ki, çəngin Azərbaycanda ilk tapıntıları eramızdan əvvəllərə aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında Şatırlı kəndi ətrafında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid üzərində çəng çalan qadın fiquru təsvir edilmiş saxsı qablar tapılmışdır. Qablar həmin dövrə aid yerli istehsalın məhsuludur. Tarixi mənbələrdən belə məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəngin, təxminən, 18-24 simi olmuşdur.

XIV əsr görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağai "Məqasid-əl-əlhan" əsərində çəng haqqında yazır:

"Bu məşhur alətdir. Onun üzünə dəri çəkilir və sim əvəzinə sap bağlanır. Sazdan istifadə edənlər həmin sapları pərdələr adlandırırlar. Bəzən ona 24 sim bağlayırlar." [4]

Əvvəl 6-9 simli çəng, daha sonra isə 24-28 simli xromatik arfalar meydana gəlir.[5]

XIX əsrin əvvəllərində fransız Sebastyan Erar alət üzərində bir sıra uğurlu islahatlar apararaq mükəmməl çağdaş arfanı yaratmışdır.

  • İkri (egri, əyri) - çəngəbənzər ən qədim Azərbaycan aləti, çəngdən daha primitivdir. Əbdülqədir Marağayinin "Musiqi alətləri və onun növləri" əsərində bu alətin özəlliklərindən yazırdı ki, ikridə pərdələr ağacdan, çəngdə isə sapdandır.[2].
  • Həzzkar - 40 simli fil xortumuna bənzər qədim çəng [6]
  • NüzhəSəfiəddin Urməvinin icad etdiyi 81 simli çəngəbənzər alət. Simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[7]
  • Minzaf – cəng (arfa) tərzində dartımlı simli musiqi aləti.[8]
  • Arfa - çağdaş çəng

Çəngin milli musiqidə bərpası

[redaktə | vikimətni redaktə et]

XIX əsrdə çəng istifadədən çıxır və unudulur. Ona ikinci həyatı 1975-ci ildən milli çalğı alətlərin bərpasıyla məşğul olan musiqi məktəbinin tar üzrə müəllimi Məcnun Kərimov verdi. 1978-ci ildə ilk bərpa olunmuş alət çəng olur. Məcnun Kərimovun ardınca 1995-ci ildə Türkiyə musiqiçiləri Feridun Özgören və Fikret Karakaya çəngi bərpa edirlər, daha sonra isə Mehmet Söylemez Türkiyənin aparıcı arfaçısı Şirin Pançaroğlu üçün arfa hazırlayır. 2012-ci ildə Bakı musiqi akademiyasının çalışan mühəndis Məmmədəli Məmmədov təkmilləşdirilmiş 44 simli və asan köklənən çəng hazırlayır.[9]

Çəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərinə yerləşdirilmiş metal ilgəklərə, o biri isə taxta aşıqlara bağlanılır. Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi vardır.

Bu alətin müxtəlif növləri olmuşdur. Alətin ümumi hündürlüyü 930 mm, çanağının hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik sırası 24 səsdən (bəzən 30) ibarətdir. İfa tərzi arfada olduğu kimi sağ və sol əllərin barmaqları ilə çalınır. Çəngdə bir oktava daxilində bütün xromatik qamma səslərinin əldə edilməsinin mümkündür [10]. Diapazonu kiçik oktavanın "sol" səsindən 2-ci oktavanın "fa #" (və ya "si" )səsinə kimidir.[11]

Özbək çənginə Azərbaycanda "səntur" deyilir.[12]

Ünlü çalğıçılar

[redaktə | vikimətni redaktə et]
  1. "Qədim musiqi alətlərimiz zəngin mədəni tariximizi əks etdirir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  2. 1 2 Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
  3. "Аслан Мамедов - Канон. История возникновения и формирования. Международный музыкальный культурологический журнал HARMONY". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  4. "Məcnun Kərimov. Azərbaycanın qədim musiqi alətləri. Dədə Qorqud 1300. "Musiqi dünyası" jurnalı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  5. "Меджнун Керимов. О восстановлении забытых древних азербайджанских инструментов чанга и барбета. Международный музыкальный культурологический журнал HARMONY". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Həzzkar Arxivləşdirilib 2021-10-15 at the Wayback Machine
  7. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  8. "Muğam Ensiklopediyası - Minzaf". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  9. "Алла Байрамова. Возрождение чанга: очевидные достижения и очевидность разночтений. "Musiqi dünyası" jurnalı". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
  10. "Muğam Ensiklopediyası - Çəng". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  11. "Azərbaycan ənənəvi musiqi atlası - Çəng". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  12. "Tariyel Məmmədov. Özbək xalq və şifahi ənənəvi peşəkar musiqisi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]