Şengen razılaşması
Şengen razılaşması | |
---|---|
Benilüks İqtisadi İttifaqı ölkələri, Almaniya Federativ Respublikası və Fransa Respublikası arasında Sərhəd məntəqələrində nəzarət yoxlamalarının tədricən aradan qaldırılması haqqında Saziş | |
| |
İmzalanma tarixi | 14 iyun 1985 |
İmzalanma yeri | Şengen, Lüksemburq |
Qüvvəyə minməsi | 26 mart 1995 |
Tərəflər | İsveçrə, Almaniya Federativ Respublikası, Fransa, Avstriya, Lüksemburq, İspaniya, Portuqaliya, Niderland, Belçika, Danimarka krallığı |
Vikianbarda əlaqəli mediafayllar |
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.
Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar.
Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı. Böyük Britaniya və İrlandiyaya görə bu razılaşma "gizli miqrasiya" təhdidini artırır və ölkənin bütövlüyünü "qismən də olsa" pozur.
Həmin razılaşmadan beş il keçdikdən sonra 19 iyun 1990-cı ildə Moselle çayında "Şahzadə Marie-Astrid" gəmisində II Şengen müqaviləsi imzalandı. Bu, bir tərəfdən, I Şengen müqaviləsinin tətbiqi məsələlərini əhatə edir, digər tərəfdən, vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarət məsələlərini (ildə bir dəfə pasport nəzarətinin həyata keçirilməsi) həll edirdi.
Şengen razılaşması 1991-ci ilin oktyabr ayında keçirilən Berlin konfransında müzakirə edildi. Konfransda Şərqi Avropadan da (Polşa, Çexoslovakiya, Macarıstan, Litva, Ukrayna) nümayəndələr də daxil olmaqla 27 dövlət iştirak edirdi. Konfrans Qərb dövlətlərinin təşəbbüsü ilə Şərqdən gələn mühacirlərin qarşısının alınması, onların vətənə qaytarılması məsələləri ilə əlaqədar keçirilirdi. Bu məqsədlə, 1994-cü illərin əvvəllərindən başlayaraq, Şengen dövlətlərinin İcra Komitəsi müəyyən mənada mühacir axınını dayandırdı.
Şengen razılaşmasının yerinə yetirilməsi ilə bağlı öhdəliklər iştirakçı dövlətlər tərəfindən narkotik vasitələrin yayılmasına, terrora və digər cinayətkar əməllərə qarşı mübarizənin gücləndirilməsini zəruri edirdi. Bu məqsədlə 1995-ci ilin iyul ayında Avropol - Avropa Polis İdarəsi yaradıldı.
Şengen sazişləri əsasında, xüsusilə də 1990-cı il konvensiyasının tələbləri nəzərə alınmaqla xüsusi bir hüquqyaradıcı orqan - İcraiyyə Komitəsi təsis edilmişdir. Bu Komitə Şengen hüquq qaydalarının inkişafına xidmət edən mühüm əhəmiyyətli normativ aktlar, yəni qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Hazırda bu iki Şengen sənədi və İcraiyyə Komitəsinin 200-ə yaxın qəbul etdiyi normativ sənədlər Şengen hüququnun əsas mənbəyini təşkil edir.
Üzv ölkələr
[redaktə | mənbəni redaktə et]Üzv dövlət olmaq üçün dövlətlər bir neçə şərtlərə cavab verməlidir:
- Avropa dövləti olmalıdır.
- Demokratik olmalıdır.
- Həmin dövlətdə insan hüquqları qorunmalıdır.
- Bütün Şengen qanunvericilik sistemi qəbul olunmalıdır (acquis communautaire).
- Ümumi xarici siyasət prinsiplərinə əməl olunması haqqında öhdəlik götürülməlidir (acquis politiqe).
- Birliyin məqsədlərinə əməl olunması haqqında öhdəlik götürülməlidir (finalites politiques).
- İnkişaf etmiş bazar iqtisadiyyatına malik olmalıdır.
- Dövlətin hüquqi və inzibati sistemi Birliyin ümumi sisteminə uyğun olmalıdır.
İndiyədək ümumilikdə 30 dövlət - Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti və 3 qeyri-üzv ölkə - İslandiya, Norveç və İsveçrə bu razılaşmaya qoşulmuş və bu ölkələrdən 15-i (Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Yunanıstan, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İspaniya və İsveç) razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməkdədirlər. İrlandiya Respublikası və Böyük Britaniya isə razılaşmada yalnız polis-məhkəmə əməkdaşlığı çərçivəsində iştirak edirlər, sərhəd nəzarəti və viza rejimi ləğv olunmayıb.
Avropa İttifaqına üzv olan daha 9 ölkədə (Polşa, Çexiya, Slovakiya, Macarıstan, Latviya, Litva, Estoniya, Malta və Sloveniya) 21 dekabr 2007-ci ildən sərhəd nəzarəti ləğv edilmiş, 29 mart 2008-ci ildən isə hava sərhədlərindəki nəzarət aradan qaldırılmışdır.
Şengen vizasının mahiyyəti
[redaktə | mənbəni redaktə et]Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen ölkəsinə səyahət edən zaman vahid viza sisteminin bir çox üstünlüyündən yararlanmaq olar. Şengen vizası ilə bir ölkəyə daxil olub bütün Şengen zonasında azad səyahət etmək mümkündür. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında bəzən nəzarətə də rast gəlinir. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur.
Hara müraciət etmək lazımdır?
[redaktə | mənbəni redaktə et]Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz.
Üzvlük tarixləri
[redaktə | mənbəni redaktə et]
|
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- M.Quliyev. Avropa hüququ. Bakı, 2009, 420 səh.