Aşıq Şəmşir
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aşıq Şəmşir | |
---|---|
Doğum adı | Şəmşir Qurban oğlu Qocayev |
Təxəllüsü | Dədə Şəmşir |
Doğum tarixi | 15 mart 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 10 fevral 1980 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Güllü Seyid Həsən qızı |
Uşaqları | Qənbər, Ələsgər, Şabər və 3 oğlan. 5 qız |
Atası | Ağdabanlı şair Qurban |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mükafatları |
|
dedeshemshir.com |
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.
Professorlardan M. Arif, H. Araslı, M. H. Təhmasib, M. Quluzadə, M. Vəkilov, V. Vəliyev, P. Əfəndiyev, Q. Xəlilov, Q. Namazov, İ. Abbas, S. Paşayev, T. Bünyadov, C. Abdullayev, dosentlərdən Y. Babayev, M. Allahmanov, İ. Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S. Vurğun, O. Sarıvəlli, N. Xəzri, M, Rahim, T. Bayram, Q. İmamverdiyev, M. Aslan, M. İsmayıl, H. Kürdoğlu, N. Həsənzadə, Z. Yaqub, Ş. Əsgərov, İ. Tapdıq, S. Rüstəmxanlı, Z. Cabbarlı, F. Sadıq, A. Babayev, Ə. Qurbanov, A. Əlizadə, B. Vətənoğlu, İ. Coşqun, S. Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə. Vəliyev, B. Bayramov, İsa Muğanna, İ. Məlikzadə, Ə. Qasımov, C. Əlibəyli, S. Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin "Şerlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb . Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şerlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb.
Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya" (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.
Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Kəlbəcər Ermənistanın işğalına məruz qaldığı dövrdə Ağdabanda yerləşən məzarı dağıdılmışdır.[2]
Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, 9 dekabr 1963-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, 14 mart 1973-cü ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldılmışdır.
Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə "Aşıq Şəmşir" mədəniyyət ocağı fəaliyyətə başladı. Mədəniyyət ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-ci ildən "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanıb.
Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.
Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Aşıq Şəmşir Mədəniyyət ocağı
- Qənbər Şəmşiroğlunun atasıdır.
- Aşıq Qurban Ağdabanlının oğludur.
- Cavid Qurbanovun babasıdır.
Dədə Şəmşirin oğlu aşıq sənətinin dərin biliçisi şair, Qurbanov Şabər Şəmşir oğlu 04.01.2016-cı il tarixində yaşadığı Tərtər rayonun Sarov kəndində vəfat etmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Qoşmalar (1971)
- Aşıq Şəmşir. Şeirləri. Bakı, 1973, 420 səh.
- Seçilmiş əsərləri (1974)
- Dağ havası (1978)
- Şe’rlər (1980)
- Öyüdlər. Bakı, "Ozan", 1996.
- O Kürün, Arazın Tərtəriyəm mən. 2004.
- Dədə öyüdləri (I cild), Bakı: "Elm və təhsil", 2013. 560 səh.
- Dədə öyüdləri (II cild), Bakı: "Elm və təhsil", 2014. 560 səh.
Aşıq Şəmşir Mədəniyyət ocağı
[redaktə | mənbəni redaktə et]29 yanvar 2010-cu ildə yaradılmış "Aşıq Şəmşir" Mədəniyyət ocağı Aşıq Şəmşirin adını daşıyır. İctimai Birliyin sədri Qənbər Şəmşiroğludur.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "Dədə Şəmşir yaddaşlarda" (xatirələr, məqalələr məcmuəsi) "Gənclik" nəşriyyatı,(2000). Qənbər Şəmşiroğlu və Füzuli Ramazanoğlu.
- Ələmdar Cabbarlı. "Dədə Şəmşir zirvəsi". Bizim söz qəzeti. № 2. 15 iyun 2009-cu il.
- Razim Məmmədov. "Aşıq Şəmşir Hüseyn Kürdoğlu haqqında". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı). 25.09.2014: səh.44–49. (#accessdate_missing_url)
- Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.212–229.
- "Qocaman nəğməkar". Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 328–332.
- "Özü də Şəmşir, sözü də Şəmşir". Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 333–348.
- Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh. 23.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Real TV. "Ağdabanda Aşıq Şəmşirin məzarı" (az.). Youtube.com. 07.04.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ Qasımov, P. Nəsillərə nümunə: ["Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri Qənbər Qurbanov haqqında] //Ədalət.- 2013.- 14 noyabr.- S. 6.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İsmayıl Məmmədli. "Aşıq Şəmşirin dil sənətkarlığı" (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-09.
- Aşıq Şəmşir Arxivləşdirilib 2011-06-24 at the Wayback Machine
- Aşıq Şəmşirin 120 illik yübileyinə həsr edilimiş elmi-nəzəri konfrans keçirililib — YouTube saytı
- 15 martda doğulanlar
- 1893-cü ildə doğulanlar
- Cavanşir qəzasında doğulanlar
- 10 fevralda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Kəlbəcər rayonunda vəfat edənlər
- Kəlbəcər rayonunda dəfn olunanlar
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Aşıq Şəmşir
- Azərbaycan aşıqları
- Azərbaycanlı aşıqlar
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Kişi şairlər