Altay diyarı
Altay diyarı | |
---|---|
Алтайский край | |
52°46′ şm. e. 82°37′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Barnaul |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 sentyabr 1937 |
Sahəsi |
|
Hündürlük | 202 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-ALT |
Avtomobil nömrəsi | 22 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir.
Dövlət hakimiyyəti orqanları
[redaktə | vikimətni redaktə et]Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir.[2]
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir .[3] 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var.[2] Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən).[4]
Təbiət
[redaktə | vikimətni redaktə et]Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür. Altay diyarı ərazisinin 3/5-ü düzənliklər və ovalıqlardır. Dağlıq əraziyə cənubda Filizli Altayın alçaq və orta dağlığı və Rus Altayının (hünd. 2423 m-ədək) ətəkləri daxildir. Faydalı qazıntıları: daş kömür, dəmir filizi, manqan və polimetal filizləri, əlvan və nadir metallar, tikinti materialları, xörək duzu, qlauber duzu, soda, radonlu mineral sular və s. Mineral termal sular (həmçinin radonlu) əsasında Belokurixa balneoloji kurortu fəaliyyət göstərir.
İqlimi düzənlik hissədə mülayim kontinentaldır. Qışı uzun və soyuq, yayı qısa və istidir. Orta temperatur yanvarda –19 °C, iyulda 18,9 °C-dir. Dağlarda qış yumşaq, yay sərin keçir. İllik yağıntı 250–350 mm, dağlarda 1000–1500 mm-dir. Vegetasiya dövrü 160–170 gündür. Altay diyarı ərazisində ümumi uzunluğu təqribən 51 min km olan 17 mindən çox çay (95%-inin uzunluğu 10 km-dən azdır) axır; ərazinin əksər hissəsi Ob və onun qolları Biya və Katun hövzələrinin çayları ilə suvarılır; qalan çaylar Kulunda düzənliyinin axarsız hövzəsinə aiddir. 11 min göl var. Ən iriləri acı-şor sulu Kulunda (728 km2) və Kuçuk (181 km2) gölləridir. Altay diyarı çöl və meşə-çöl zonalarında yerləşir. Qara, şabalıdı, şorakətli-şoran, dağ-podzol, boz-meşə torpaqları üstünlük təşkil edir. Altay diyarının aşağı hissələri enliyarpaqlı meşələr (ağcaqayın, ağcaqovaq), yuxarı hissələri isə qaraşam və sidr meşələridir. Daha yuxarılarda meşələr yüksək dağlıq-tundra, subalp və Alp çəmənlikləri ilə əvəz olunur. Çöllərdə gəmiricilər, canavar, tülkü, quşlardan: torağay, cüllüt, dovdaq, bəzgək, çöl qartalı; dağlarda: sığın, maral, xallı maral və s. yaşayır. Qərbi Altayda, Qazaxıstanla sərhəddə 1999-cu ildə Tigirek qoruğu yaradılmışdır. Diyar ərazisində 30 yasaqlıq fəaliyyət göstərir.[2]
Əhali
[redaktə | vikimətni redaktə et]Əhalisi 2583,4 min nəfərdir(2004). Əhali ruslar (92%), almanlar (3%), ukraynalılar (2%), qazaxlar (0,4%), tatarlar (0,3%), belaruslar (0,3%), azərbaycanlılar (0,2%), altaylılar (0,07%), kumandinlər (0,06%) (2002) və s.-dən ibarətdir.[2]
Tarixi oçerk
[redaktə | vikimətni redaktə et]Altay diyarında Alt Paleolitə aid düşərgələr (Denis mağarası, Uşlep), Tunc dövrünə aid Yelunin (Beryozovaya Luka), İrmen (e.ə. 10–8-ci əsrlər), Yelov (e.ə. 9–8-ci əsrlər) və Andronovo (Firsovo XIV, Şipunovo) mədəniyyətlərinin qalıqları mövcuddur. Erkən Dəmir dövrünə aid Bolşereçensk mədəniyyətinin (e.ə. 7–1-ci əsrlər) qalıqları, e.ə. 5-ci əsrə aid skif-Sibir tipli kurqanlar aşkar olunmuşdur. 7–12-ci əsrlərdə Srostkin mədəniyyəti yayılmışdır. 9–12-ci əsrlərdə Qırğız və Kimak xaqanlıqlarının, 13-cü əsrdə Monqol imperiyasının, sonra Qızıl Orda və Ağ Ordanın, 15-ci əsrin əvvəllərində isə Sibir xanlığının tərkibində idi. 16–17-ci əsrlərdə Altayda hakim olan yerli teleut sülaləsi ərazini rusların və qərbi monqolların (oyrat və ya cunqarların) hücumundan müdafiə etmişdir. 17-ci əsrin 2-ci yarısında ruslar Ob çayının yuxarı axarlarında və Altayın dağətəyi rayonlarında məskunlaşmağa başladılar. 18-ci əsrdə Cunqar xanlığının təcavüzündən qorunmaq məqsədilə Beloyarsk (1717) və Bikatun (1718) qalaları tikildi. 18-ci əsrdə Altay diyarı ərazisi Sibir quberniyasının (1708–79), Kolıvansk vilayətinin (1779–83), Kolıvansk (1783–96), Tobolsk (1796–1804) və Tomsk quberniyalarının (1804-1917) tərkibində olmuşdur. 1917-ci ildə Müvəqqəti hökumətin qərarı ilə Altay quberniyası Tomsk quberniyasının tərkibindən ayrılmışdır. 1925–37-ci illərdə indiki Altay diyarının ərazisi Sibir və Qərbi Sibir diyarlarına qatılmışdır. 1937-ci il sentyabrın 28-də RSFSR-in tərkibində Altay diyarı yaradılmışdır.[2]
Təsərrüfat
[redaktə | vikimətni redaktə et]Aqrar-sənaye regionu olan Altay diyarı RF-nin Qərbi Sibir iqtisadi rayonuna daxildir. Sənaye məhsullarının həcmi kənd təsərrüfatı məhsullarının həcminin dəyərinə görə 1,4 dəfə üstələyir (2002). Altay diyarının Rusiyanın ÜDM-ində payı 0,8%-dir. Ölkənin iqtisadiyyatında traktorlar (9,8%, 2002; 4-cü yer), avtomobil şinləri (2%; 9-cu yer), kənd təsərrüfatı məhsulları (3,1% RF-yə görə, o cümlədən 21,5% kətan lifi, 20% yarma məmulatları, 5,5% taxıl, 4% heyvan yağı, 3,2% kartof, 2,5% ət, 1,6% süd məhsulları) istehsalı ilə fərqlənir. Respublikanın ümumi məhsulunun strukturunda kənd təsərrüfatı 21,1%, sənaye 20,8%, ticarət 13,4%, nəqliyyat 7,8%, tikinti 4,7% təşkil edir. Müəssisələrin mülkiyyət formasına görə (təşkilatların sayı üzrə, %-lə) nisbəti: özəl – 86,4; dövlət və bələdiyyə – 4,8; ictimai və dini təşkilatlar (birliklər) – 0,6; digər mülkiyyət formaları – 8,2. İstehsal edilən məhsulların həcmində özəl müəssisələrin məhsulları üstündür – 61,4%. İqtisadi cəhətdən fəal əhali 1284 min nəfərdir (2002). Məşğulluq kənd təsərrüfatı üzrə 22,6%, sənaye – 19,1%, ticarət və ictimai iaşə – 13,9%, təhsil – 10,1%, səhiyyə – 7,4%, nəqliyyat – 5,0%, tikinti – 4,7%, mənzil-kommunal təsərrüfatı üzrə 4,4%-dir. İşsizlik səviyyəsi 8,3% (RF üzrə orta səviyyəyə yaxın). Əhalinin hər adam -başına pul gəlirləri ayda 2,19 min rubl (RF üzrə orta məbləğin 55%-inə yaxın; əhalisinin 38,9%-inin gəliri yaşayış minimumundan aşağıdır).[2]
Təhsil
[redaktə | vikimətni redaktə et]Diyarda 870 məktəbəqədər müəssisə, 1540 ümumtəhsil məktəbi, 75 ibtidai peşə təhsili, 46 orta ixtisas təhsili, 10 ali məktəb, o cümlədən Altay Dövlət Universiteti (əsası 1973-cü ildə qoyulmuşdur) fəaliyyət göstərir (2004).[2]
Sənaye
[redaktə | vikimətni redaktə et]Sənaye məhsulunun həcmi 2002-ci ildə 45589 mln. rubl olmuşdur. Sənaye istehsalının sahələr üzrə quruluşu (2002): yeyinti sənayesi 22,6%, maşınqayırma və metal emalı 20,6%, elektroenergetika 18,5%, dəyirman-ding və kombikorm sənayesi 11,1% (sahənin RF üzrə payı bütövlükdə 1,5%), qara metallurgiya 10,0%, kimya və neft-kimya sənayesi 9,9%. Polimetal filizləri, qızıl, civə, göllərdən xörək və qlauber duzu hasil edilir. Kömür hasilatı cüzidir. Enerjisi qıt olan regiondur. Altay diyarının energetika sisteminin tərkibinə 8 İEM daxildir. Elektrik enerjisinə tələbatının yalnız 25%-ini öz istehsalı hesabına ödəyir. Qara metallurgiya “Altaykoks” müəssisəsi ilə təmsil olunur. Maşınqayırmanın yüksək inkişaf səviyyəsində olması Kuzbasın metallurgiya bazalarının yaxınlıqda yerləşməsi, şaxələnmiş dəmiryol şəbəkəsinin və qonşu regionların maşınqayırma kompleksləri ilə kooperasiya imkanlarının mövcudluğu ilə bağlıdır. Bütün iri maşınqayırma müəssisələri Barnaul, Rubtsov və Biysk sənaye qovşaqlarında cəmləşmişdir. Maşınqayırma sahələrində mərkəzi yeri traktor və kənd təsərrüfatı maşınqayırması tutur.
Altay diyarı ölkənin şərqində traktorlar (“Altayski traktor”) və kənd təsərrüfatı texnikalarının (“Altayselmaş-xoldinq”) ən iri istehsalçısıdır. Həmçinin buxar qazanları, magistral yük vaqonları (“Altay vaqon”), nəqliyyat mühərrikləri, dizellər (“Altaydizel”, “Sibenerqomaş”) və s. istehsal edilir. Hərbisənaye kompleksi 12 müəssisə, o cümlədən “Altay”, “Polieks”, “Sibpribormaş”, “Almaz”, Altay cihazqayırma zavodu “Rotor” ilə təmsil olunur. Müdafiə müəssisələrinin konversiyası nəticəsində paltaryuyan və mətbəx maşınları, telefon aparatları, avtomaqnitolalar, elektrik nasosları, “Drujba” benzin motorlu mişarları, məişət kimyası məmulatları, müxtəlif tibbi cihazlar və s. istehsal olunur. Kimya və neft-kimya sənayesi müəssisələri: “Xim vo lokno”, “Barnaulşin zavodu” (RF-də iri istehsalçılar onluğuna daxildir), “Kauçuk-sulfat”, “Mixaylovsk kimyəvi reaktivlər zavodu”, “Altay -ximprom” və s. Taxta-şalban kompleksi ağac tədarükü və mebel istehsalından ibarətdir. Yararlı oduncaq tədarükünün illik həcmi 300–500 min m3-dir. Mebel sənayesi (“Altaymebel” birliyi) daha çox yerli tələbatı ödəyir. Yüngül sənaye Barnaulda yerləşən melanj və pambıq parça toxuculuğu kombinatları ilə təmsil olunur.[2]
Kənd təsərrüfatı
[redaktə | vikimətni redaktə et]Altay diyarı ölkənin şərqində kənd təsərrüfatı məhsullarının ən iri istehsalçılarından biridir; kənd təsərrüfatı ümumi məhsulunun dəyərinə görə RF-də 5-ci yerdədir (31,821 mln. rubl, 2002). Bitkiçilik məhsulları dəyər ifadəsində üstünlük təşkil edir (54%). Kənd təsərrüfatı torpaqları sahəsi 105,7 min km2 (2002, Altay diyarı sahəsinin 65,3%-i), onlardan 63%-ə yaxını əkin sahələridir. Əkin sahələrinin strukturu (2002): dənli bitkilər 68,5%, yem bitkiləri 24,8%, texniki bitkilər 4,9%, kartof və tərəvəz 1,8%. Altay diyarı ölkədə əsas buğda istehsalçılarından biridir. Digər taxıl bitkilərindən yulaf və arpa becərilir. Altay diyarı Sibirdə günəbaxan, soya və şəkər çuğunduru yetişdirilən yeganə regiondur. Günəbaxan qərb və şimal-qərb hissələrdə, şəkər çuğunduru diyarın daha rütubətli mərkəzi hissələrində becərilir. Altay diyarı kartof və kətan lifinin ən böyük istehsalçılarından biridir.
Heyvandarlıq diyarın bütün ərazisində yayılmış, dağətəyi və dağlıq rayonlarda daha çox inkişaf etmişdir. Heyvandarlığın əsas sahələri südlük-ətlik maldarlıq, qoyunçuluq və donuzçuluq, həmçinin maralçılıq və arıçılıqdır. Dağlıq rayonlarda yerləşən maldarlıq təsərrüfatları qiymətli dərman xammalı –konservləşdirilmiş maral buynuzu (hər il 6 tondan çox) istehsal edir. Maralçılıq məhsullarının əsas hissəsi Koreya Respublikasıdır və Çinə ixrac edilir. Günəbaxan dəni və toxumu, əsasən, kənd təsərrüfatı təşkilatlarında (müvafiq olaraq 84,0 və 87,4%, 2002), kartof, tərəvəz, ətlik mal-qara və quş əhaliyə məxsus təsərrüfatlarda (müvafiq olaraq 98,6%, 88,4% və 67,1%) istehsal edilir. Süd istehsalında əhali təsərrüfatları və kənd təsərrüfatı təşkilatlarının payı təxminən bərabərdir. Altay diyarı su hövzələrinin balıqçılıq təsərrüfatı fondu ümumi sahəsi 112 min ha olan 2000 su obyektindən ibarətdir. Diyarın su hövzələrində yayılmış 38 balıq növündən cəmi 12 növü ovlanır.[2]
Nəqliyyat
[redaktə | vikimətni redaktə et]Dəmiryollarının uzunluğu 1803 km-dir (2002). Novosibirsk–Barnaul–Semipalatinsk əsas magistralı Sibir və Orta Asiyanı əlaqələndirir. Ən mühüm dəmiryolu stansiyaları: Barnaul, Biysk, Rubsovsk, Altayskaya (Novoaltaysk ş.), Aleyskaya (Aleysk ş.). Regiondan federal əhəmiyyətli iki yol keçir: Barnaul–Rubsovsk–Semipalatinsk (Qazaxıstan) və Barnaul–Rubsovsk–Biysk Taşanta (Çuysk traktı). Daxili daşınmaların əsas hissəsini avtomobil nəqliyyatı təmin edir (dağətəyi rayonların çox hissəsi üçün yeganə nəqliyyat növüdür). Ob, Katun, Biya çaylarında gəmiçilik inkişaf etmişdir, su yollarının uzunluğu 781 km-dir, əsas çay limanları Barnaul və Biyskdir. 292 km uzunluğunda, 1,7 mlrd. m3/il gücündə olan Novosibirsk–Barnaul magistral qaz kəməri 2000-ci ildən istismardadır. Barnaul (beynəlxalq), Biysk və Rubovskda aeroport var.[2]
Mədəniyyət müəssisələri
[redaktə | vikimətni redaktə et]Altay diyarında 2689 mədəniyyət və incəsənət müəssisəsi, o cümlədən 114 uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri, 3 diyar və 1168 kütləvi kitabxana, 1334 klub müəssisəsi, 1 ümumrusiya, 3 diyar və 38 bələdiyyə muzey və şəkil qalereyaları var. Barnaulda V.Y. Şişkov adına Altay diyar universal kitabxanası (1888), Altay Diyarşünaslıq muzeyi (1823), Altay Ədəbiyyatı, İncəsənəti və Mədəniyyəti Tarixi Dövlət muzeyi, Altay diyarı Dövlət İncəsənət muzeyi, Rubtsovsk, Mixaylovsk, Pavlovsk və Rodinoda şəkil qalereyaları, Srostki kəndində, V. M. Şukşinin vətənində federal əhəmiyyətli tarix-xatirə muzey-qoruğu fəaliyyət göstərir.[2]
Kütləvi informasiya vasitələri
[redaktə | vikimətni redaktə et]“Altayskaya nedelya”, “Altayskaya pravda”, “Molodyoj Altaya”, “Veçerni Barnaul”, “Svobodnı kurs” Altay diyarının iri qəzetləridir. “Altay” dövlət televiziyası ilə yanaşı “ATN”, “Qorod”, “Spektr” və b. müstəqil televiziyalar da fəaliyyət göstərir.[2]
Səhiyyə
[redaktə | vikimətni redaktə et]Altay dağlarında 27,5 min çarpayılıq 250-dən artıq xəstəxana (o cümlədən 14 diyar, 60 rayon), 200-dən çox poliklinika, 1000-dən çox feldşer-mama məntəqəsi; ixtisaslaşdırılmış mərkəzlər: kardioloji, hepatoloji, hematoloji, proktoloji, ortopediya, üz-çənə cərrahiyyəsi (2002) var. 11 mindən çox həkim, 28 mindən çox orta tibb işçisi çalışır. Kurortları: Belokurixa, Lebyajye.[2]
Turizm
[redaktə | vikimətni redaktə et]Kurortları: Belokurixa, Lebyajye. Belokurixa ən böyük dağ-xizək turizmi mərkəzlərindəndir (dağ-xizək idmanı və snoubord üzrə beynəlxalq yarışların və Rusiya çempionatlarının keçirildiyi “Blaqodat” idman kompleksi). Altay dağlarının mənzərəli landşaftı turizmin inkişafına əlverişli şərait yaradır. Aya gölü ətrafı və Katun çayının sol sahili kütləvi istirahət yerləridir.[2]
Təsviri sənət
[redaktə | vikimətni redaktə et]Ölkənin qədim incəsənəti Tunc və Erkən Dəmir dövrünə aid tapıntılarla (keramika, tunc nişanlar, silah üzərinə vurulan naxışlar) təmsil olunur. Orta əsrlər (8–12) incəsənətinə kimakların, qədim xakasların və digər türk dilli xalqların bədii sənətləri (kəmərlərin, at yəhərlərinin tunc və qızıl suyuna salınmış naxışlı hissələri) daxildir. 19-cu əsrdə daş üzərində oyma sənəti yüksək inkişaf səviyyəsinə çatmışdı (Böyük Kolıvan vazı, 1828–43). Rəssamlardan D. İ. Kuznetsov və A. O. Nikulinin yaradıcılığı təsviri sənətin inkişafında mühüm rol oynamışdır. 1918–22-ci illərdə Barnaulda Altay rəssamlar cəmiyyəti fəaliyyət göstərmişdir. 20-ci əsrin 2-ci yarısında rəssamlardan P. Panarin, A. Şeblanov, H. Korotkovun yaradıcılığı diqqəti cəlb edir. 2004-cü ildə Srostki kəndində V. M. Şukşinin abidəsi (heykəltaraş V. M. Klıkov) qoyulmuşdur.[2]
Musiqi
[redaktə | vikimətni redaktə et]Ənənəvi musiqi mədəniyyəti, əsasən, rus köçkünlərinin, həmçinin cənub rayonlarında yaşayan kumadinlərin musiqisi ilə təmsil olunur. Barnaulda Altay Dövlət Musiqili Komediya Teatrı (1960), Altay diyarı Dövlət Filarmoniyasının simfonik orkestri (1954), rus xalq çalğı alətlərindən ibarət “Sibir” Altay Dövlət Orkestri (1990), Altay diyarı Musiqi Cəmiyyəti, həmçinin dövlət musiqi məktəbləri (Barnaulda, 1956; Biyskdə, 1967; Rubsovskda, 1969) fəaliyyət göstərir.[2]
Teatr
[redaktə | vikimətni redaktə et]18-ci əsrin 2-ci yarısından teatr sənəti inkişaf etmişdir. Barnaulda ilk həvəskar kollektiv (“Teatr evi”) 1976-cı ildə təşkil olunmuşdur. Peşəkar truppaların müntəzəm çıxışları 1870-ci illərdən başlanmışdır. Biyskdə (1887) və Barnaulda (1890) dram sənəti həvəskarları cəmiyyətləri yaradılmışdır. 1921-ci ildə Altay quberniyasının peşəkar kollektivlərinin birləşdirilməsi nəticəsində ilk dövlət teatrı yaranmışdır (1936-cı ildən Barnaul Dram Teatrı; 1937-ci ildən Altay Diyar Dram Teatrı, 1991-ci ildən V.M. Şukşin adınadır). Barnaulda uşaq və gənclər üçün teatr (1958), “Nağıl” kukla teatrı (1963), Rubsovskda (1937) və Biyskdə (1943) dram teatrları fəaliyyət göstərir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 391–393. ISBN 978-9952-441-02-4.
- ↑ "RussiaOutdoors - Путешествия по России". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
- ↑ "RussiaOutdoors - Путешествия по России". 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.