Azər Allahverənov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azər Allahverənov
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsi29 saylı Sabunçu dördüncü
Şəxsi məlumatlar
Doğum tarixi 20 fevral 1972(1972-02-20) (52 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Tərəqqi" medalı "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi" yubiley medalı

Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021-ci ildən), "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri (2020-ci ildən), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015-ci ildən).

Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu illərdə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. Bundan əlavə, 1989–1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı məktəbində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə həmin cəmiyyətin Kazan məktəbində rabitəçi-teleqrafçı ixtisasları üzrə təhsil almışdır.[1]

Azər Allahverənov əmək fəaliyyətinə 1989-cu ilin avqust ayında başlamışdır. 1989–1990-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki olmuş, 1990–1992-ci illərdə Kazan Dövlət Universitetində, sonra isə "Olimp" təmir-tikinti kooperativində çalışmışdır. 1993–1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri seçilmiş, 1994-cü ildən bu komitənin sədr müavini olmuşdur.[1]

Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir. 2007–2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar Mərkəzinin baş elmi işçisi olmuşdur.[1]

Azər Allahverənov 1988-ci ildən ictimai fəaliyyətlə məşğuldur və bu dövrdə müxtəlif təşkilatlarda rəhbər vəzifələrdə çalışmışdır. BMT, MDB, ABŞ, Almaniya, Danimarka və başqa beynəlxalq təşkilat və ölkələrin təşkil etdiyi forum və proqramlarda işçi qrup üzvü, ekspert, məsləhətçi və tədqiqatçı qismində iştirak etmişdir. 2015-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. 2020-ci ildə təsis olunmuş "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin təsisçisi və sədridir. 2022-ildən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin Miqrasiya üzrə milli ekspert vəzifəsini icra edir.[1]

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təsdiq edilmişdir.[2]

2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azər Allahverənov 1997–2002-ci illərdə Bakı şəhərində bir sıra ali təhsil müəssisələrində baş müəllim kimi fəaliyyət göstərmiş, o cümlədən 1999–2001-ci illərdə Odlar Yurdu Universitetində Sosial və ictimai fənlər kafedrasının müdir müavini və baş müəllimi olmuş, universitetin Tələbə Elmi Cəmiyyətinə rəhbərlik etmişdir. O həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların təşkilatçılığı ilə keçirilmiş çox sayda elmi-praktiki və beynəlxalq konfranslarda, seminar və təlimlərdə məruzəçi qismində iştirak etmişdir.[1]

Azər Allahverənov 2002-ci ildə "Vətəndaş cəmiyyətinin qərarlaşmasında ictimai sektorun inkişafı vacib amildir (sosial-fəlsəfi təhlil)" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2004-cü ildə sosial fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş və əsasən, sosial və humanitar, miqrasiya mövzularında yazılmış 50-ə yaxın artıq elmi məqalənin və publisistik yazının, o cümlədən bir sıra kitab, tədqiqat və metodik tövsiyələrin müəllifidir.[1]

  1. 1 2 3 4 5 6 "Azər Allahverənov | Müşahidə Şurasının üzvü". ngoagency.gov.az. 2021-04-28. İstifadə tarixi: 2024-09-12.
  2. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-04-28. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  3. "Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-03-17. İstifadə tarixi: 2024-09-12.