Bloupayp

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bloupayp (ingil.Blowpipe [’bləʋpaɪp]) — rəqibin alçaqdan uçan təyyarə və helikopterlərini vurmaq üçün nəzərdə tutulan, Britaniya istehsalı daşınan zenit-raket kompleksi.

“Blowpipe” (Dudka - Rusiyada, BelarusdaUkraynada fleyta ailəsinə məxsus xalq nəfəsli alətlərin ümumi adıdır) - İngiltərənin universal daşınan zenit raket kompleksidir (DZRK), əsasən aşağıdan uçan təyyarə və helikopterləri məhv etmək üçün nəzərdə tutulur. 1972-ci ildə silahlanmaya qəbul edilib. Böyük Britaniyada bu kompleks 1985-ci ilə qədər istismar edilib. 1960-cı illərdə hazırlanan SovetABŞ istehsalı olan DZRK-lardan fərqli olaraq, Britaniya portativ kompleksləri düşmənin zirehsiz və yüngül zirehli texnikalarını, həmçinin müxtəlif üzmə vasitələrini məhv etmək üçün də istifadə edilə edilib.

“Blowpipe” kompleksi 3.5 kilometr məsafədə və 2.5 kilometr yüksəklikdə hava hədəflərini, 3.5 kilometr məsafədə isə yerüstü hədəfləri məhv edə bilir.

Böyük Britaniyada daşınan silahlar üçün orijinal portativ modellə yanaşı, gəmilərə, pikaplara, zirehli vasitələrə və sualtı gəmilərə yerləşdirilmək üçün nəzərdə tutulan müxtəlif modellər hazırlanıb. Böyük Britaniyada toplam 34000-dən çox “Blowpipe” DZRK istehsal edilib. Britaniya ordusundan başqa kompleks Kanada, Əfqanıstan, Argentina, Malayziya, Çili, Ekvador və digər ölkələrin ordularının silahlanmasında da istifadə edilib.

“Blowpipe” portativ raket kompleksi “Shorts Missile Systems” (Belfast, Şimali İrlandiya) tərəfindən hazırlanıb. İnkişaf təşəbbüsləri 1960-cı illərdə başlayıb. “Shorts” şirkətinin mühəndisləri piyada və donanma ehtiyacları üçün idarəolunan zenit silahlarının bir neçə layihəsi üzərində paralel işləyib. Kompleksin sınaqları 1965-ci ildə başlayıb, sonrakı ilin sentyabrında Farnboroda keçirilən beynəlxalq aviasiya sərgisində isə ictimaiyyətə təqdim olunub.

“Blowpipe” kompleksində hədəfə tuşlama üçün radio-komanda sistemi tətbiq olunurdu. Buna görə də ingilis komplekslərinin istifadəsi, SSRİABŞ-da istehsal edilən istilik tuşlama başlığına sahib komplekslərlə müqayisədə daha çətin idi.

Əlavə olaraq raketdə radiostansiyadan və trasserlərdən istifadə tuşlama prosesini və operatorun mövqeyini ifşa edirdi, mexaniki idarəetmədən istifadə isə döyüş səmərəliliyini ciddi şəkildə operatorun təcrübəsindən və psixofiziki vəziyyətindən asılı vəziyyətə gətirirdi. İngilis portativ kompleksinin üstünlüklərinə isə olduqca aşağı yüksəkliklərdə müxtəlif növ hava hədəflərinin etibarlı məhvetmə imkanı aid edilirdi.

“Shorts Missile Systems” rəhbərliyi hərbçiləri İngilis ordusunda və Kral Dəniz Piyada Korpusunda qoşun sınaqları aparmaq üçün 285 ədəd DZRK-nı “təcrübə partiyası” kimi əvvəlcədən sifariş verməyə razı sala bildi. Buna görə kompleksin kütləvi istehsalı 1960-ci illərin sonunda, yəni 1972-ci ildə baş verən silahların rəsmi qəbulundan əvvəl başlandı. Bu portativ komplekslərlə silahlanan Britaniya ordusunun Hava Hücumundan Müdafiə Divizionunda 3 batareya, hər batareyada 2 taqım, hər bir taqımda isə 4 ədəd DZRK-ya malik olan 3 manqa mövcud idi. Toplam olaraq bir HHM divizionu 72 ədəd DZRK ilə silahlanırdı. Kompleksin inkişafı silahlanmaya qəbul olunduqdan sonra da davam etdi. 1979-cu ildə Böyük Britaniyada “Blowpipe” kompleksinin yarımavtomatik idarəetmə sisteminin uğurlu sınaqları keçirildi. 1984-cü ildə İngilis ordusu tərəfindən “Javelin” adlı təkmilləşdirilən versiya qəbul edildi.

“Blowpipe” daşınan kompleksinin döyüş vasitələri atıcı qurğuda yerləşdirilir. Operatorun kürəyində daşınan kompleksin döyüş hazırlığına gətirilməsi üçün 20 saniyə yetərlidir.

Kompleksin tuşlama vasitələri aşağıdakılardır

[redaktə | mənbəni redaktə et]
129-cu Kanada Kral Zenit-Artilleriya Batareyasının atıcıları mühafizə geyimlərində “Blowpipe” kompleksi ilə.

- Tuşlama bloku (monokulyar nişangah, eləcə də operatorun baş barmağı ilə hərəkət etdirilən tuşlama dəstəyi);

- Hesablama cihazı;

- İdarəolunan raketə radio əmrlərinin ötürülməsi üçün stansiya.

Son iki qurğu kompleksin atıcı-operatorunun kürəyində bərkidilir. Tuşlama blokunun və digər avadanlıqların qidalanması üçün blokda elektrik batareyası yerləşdirilib. Atıcı qurğu üzərinə quraşdırılan tuşlama blokunun çəkisi 3.6 kq idi.

Hava hədəfinin aşkar edilməsi və hədəf təyinatı funksiyaları

[redaktə | mənbəni redaktə et]

Hava hədəfinin aşkar edilməsi və hədəf təyinatı funksiyaları kompleksin operatoru tərəfindən həyata keçirilirdi. Operator beş qat böyütməyə malik optik monokulyar nişangahla və ya nişangah qurğularından istifadə etmədən düşmənin hava hədəflərini aşkar edir, tanıyır, məhv etmək üçün (DZRK operatoruna kənar aşkaretmə sistemlərindən də radio vasitəsilə hədəf göstərilə bilərdi) vacib olanın birini seçirdi. Hava hədəfini seçdikdən sonra, operator nişangahın daxili torundan istifadə edərək, çiyin üzərindəki kompleks ilə hərəkət edərək hədəfi izləmə prosesinə başlayırdı. Daha sonra “Blowpipe” operatoru cihazı işə salır, partlayıcı növünü və komanda ötürücüsünün tezliyini seçirdi. Hədəf zenit raketinin məhvetmə zonasına (operator tərəfindən vizual olaraq təyin olunur) daxil olduqda operator raketi buraxırdı. Raket buraxılan kimi operator raketin quyruq izləyici trasserini “ələ keçirərək” onu nişangahın görmə sahəsinə daxil edirdi, sonra isə onun köməyi ilə hədəfi müşayiət edərək tuşlama dəstəyinin köməyi ilə raketi hədəflə birləşdirməyə çalışırdı.

Hədəf görmə xətti və raket izləyicisi arasında olan bucaq uyğunsuzluqları hesablama cihazına daxil olurdu, onun hesabladığı komandalar yerinə yetirilməsi üçün zenit raketinə ölçüləri 129x152x91 mm olan radiostansiya vasitəsilə ilə ötürülürdü. Tuşlama komandaları 5 saniyə ərzində ünvana çatmadıqda, raket özü-özünü məhv edirdi. Təhlükəsizlik məqsədləri üçün kompleksin operatoru üçün xüsusi qoruyucu geyim nəzərdə tutulurdu.

“Blowpipe” portativ kompleksinin atıcı qurğusu atıcı qurğudan və nəqliyyat-atıcı konteynerdən (TPK) ibarətdir. TPK isə işə salındıqda təpməni minimuma qədər azaldılması prinsipinə uyğun olaraq hazırlanıb, iki silindrik borudan ibarətdir və onlardan öndə yerləşəni daha böyük diametrə malikdir. Atəş tamamlandıqdan sonra kompleksin atəş mexanizminə boş konteynerin yerinə zenit raketinə malik yeni TPK birləşdirilirdi, boş TPK isə yenidən istifadə edilə bilərdi. Operatorunun işini asanlaşdırmaq üçün kompleksin atıcı qurğusuna teleskopik qurğu da əlavə edildi. İngilislər ayrıca TPK-nın idarəolunan raketlərlə birgə xüsusi hazırlanan qutularda paraşütlə endirilməsi imkanını da təmin etdilər.

“Blowpipe” kompleksinin əsas zərbə qüvvəsi, əlbəttə ki, aerodinamik “ördək” sxeminə uyğun olaraq hazırlanan birpilləli idarəolunan zenit raketi idi. Raketin uçuş zamanı ayrılan parçaları yox idi. Partlayıcı və idarəetmə sisteminin quraşdırıldığı burun hissə isə zenit raketinin korpusunun uzununa oxu ətrafında sərbəst fırlanırdı.

Tək blokda birləşdirilən sabitləşdiricilər raketin korpusunda sərbəst şəkildə hərəkət edə bilirdi. Buraxılmadan əvvəl onlar ön vəziyyətdə (konteynerin daha böyük diametrli hissəsində) olurdu. Buraxılmadan sonra sabitləşdiricilər raketin korpusu boyunca arxa mövqeyə çəkilirdi, burada isə avtomatik olaraq qarmaqların köməyi ilə bərkidilirdi. Raketin qəlpəli fuqas başlığı olduqca təsirli idi (2 kq-dan çox patlayıcı maddə) və raketin mərkəzi hissəsində yerləşdirilirdi. Döyüş başlığı təmasda olmayan infraqırmızı və zərbə partlayıcıları ilə təchiz edilirdi.

İngilislər sualtı qayıqlar üçün “Blowpipe” DZRK-nın fərqli bir versiyasını da hazırladılar. 1980-ci illərin əvvəllərində İngiltərənin “Vickers” şirkətinin mühəndisləri tərəfindən tərtib edilən kompleks “SLAM” (Submarine-Launched Air Missile System) markasını aldı. Onun əsas təyinatı 500-1100 ton su tutumuna malik kiçik sualtı qayıqların düşmənin qayıq əleyhinə aviasiya vasitələrindən və kiçik gəmilərindən özünü müdafiə etməsindən ibarət idi.

“SLAM” zenit kompleksi 6 ədəd “Blowpipe” raketinə sahib sabit atıcı qurğudan, televiziya kamerasından, idarəetmə və tuşlama sistemindən, nəzarət və yoxlama sistemindən ibarət idi. Hava və dəniz hədəfləri sualtı periskopdan istifadə edilərək müəyyən edilirdi. Bu atıcı qurğunun azimut üzrə hədəfə tuşlanması periskopun dönməsi ilə sinxron şəkildə aparılırdı, sonra kompleksin operatoru hədəf üçün əlavə axtarış həyata keçirirdi və kompleksin idarəetməsini öz üzərinə götürərək, tuşlama dəstəyindəki xüsusi bir düyməyə basmaqla “SLAM” atıcı qurğusunun sualtı qayığın periskopundan ayrılmasına nail olurdu. Buraxıldıqdan sonra, zenit raketi televiziya kamerası ilə müşayiət edilirdi, hədəfə tuşlanma prosesi isə operator tərəfindən tuşlama dəstəyinin köməyi ilə həyata keçirilirdi.

SLAM kompleksinin azimut üzrə tuşlama bucağı 360 dərəcə, yüksəklik üzrə isə -10 ilə +90 dərəcə arasındadır. Atıcı qurğunun azimutda fırlanma sürəti saniyədə 40 dərəcə təşkil edirdi. Suyun 0 °C-dən +55 °C-dək temperaturunda, 37 km/s-ə qədər küləkdə və dəniz dalğalarının gücünün 4 bala qədər yüksəldiyində kompleksin istifadəsinə icazə verilirdi.

Britaniya tərəfindən hazırlanan SLAM HHM kompleksi sonralar Fransanın inşa etdiyi İsrailin 3 ədəd “Agosta” sualtı qayıqları üzərində quraşdırıldı.

Döyüşlərdə istifadəsi

[redaktə | mənbəni redaktə et]

“Blowpipe” portativ zenit raket sistemi, ArgentinaBöyük Britaniya arasındakı Folklend müharibəsi zamanı hər iki tərəfdən geniş istifadə edildi. 1982-ci ilin mayın 21-də San Karlos körfəzində desant çıxarma əməliyyatı zamanı argentinalı 30 əsgər bu kompleksdən istifadə edərək ingilislərin iki ədəd desant helikopterini məhv etməyə müvəffəq oldu. Eyni gündə bu kompleksin zenit raketi leytenant Cefri Qlover tərəfindən idarə edilən “Harrier” təyyarəsini də məhv etdi. Pilot katapultla qurtula bildi. Argentina Hərbi Hava Qüvvələri isə münaqişə ərzində ingilislər tərəfindən “Blowpipe” portativ zenit raket komplesinin istifadəsi nəticəsində 9 hərbi təyyarəsini itirdi.

1986-cı ilin yazında Əfqanıstana gətirilən portativ “Blowpipe” kompleksləri mücahidlər tərəfindən əsasən Sovet qoşunlarının zirehli personal daşıyıcılarına qarşı istifadə edildi. Bu kompleksin aviasiya əleyhinə istifadə olunmasının effektivliyi, artıq mövcud olan ABŞ-nin “Stinger” DZRK-ları ilə müqayisədə daha zəif hesab edilirdi. Əfqanıstanda sovet hərbi-nəqliyyat helikopterləri və təyyarələri ilə mübarizə üçün mücahidlər bloupaypla təchiz edilirdi, ancaq raketlərin nişangahlarının əllə istifadəsinin çətinliyi və atıcının öyrədilməsinin uzun zaman tələb etməsi səbəbindən, geniş tətbiq edilməmişdi.

“Blowpipe” daşınan zenit raket kompleksinin taktiki və texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Hədəflərin məhvetmə məsafəsi - 3500 m
  • Məhv edilən hədəflərin yüksəkliyi - 0.01-2,5 km
  • Raketin maksimal sürəti - 497 m/s (1.5 M)
  • Raketin kalibri - 76 mm
  • Raketin uzunluğu - 1350 mm
  • Raketin başlanğıc kütləsi - 11 kq
  • Raketin döyüş başlığının kütləsi - 2.2 kq
  • TPK-da raketin kütləsi - 14.5 kq
  • Nişangah blokunun çəkisi - 6.2 kq
  • Atəşə hazırlıq müddəti - 20 saniyə
  • Hədəfi vurma uzaqlığı: 0,5 – 4 km
  • Hədəfi vurma hündürlüyü: 0,01 — 1,8 km
  • Vurulan hədəflərin maksimal sürəti: 220 m/s
  • Raketin maksimal sürəti: 700 m/s
  • Döyüş vəziyətində kompleksin kütləsi: 21 kq
  • Raketin start çəkisi: 11,3 kq
  • Raketin uzunluğu: 1350 mm
  • Raketin kalibri: 76 mm
  • Döyüş hissəsinin kütləsi: 2,2 kq
  • Döyüş hissəsinin tipi: kumulyativ
  • Partladıcı: kontaktsız radiolakasiyalı yaxud zərbə hərəkətli
  • Vurma ehtimalı: 0,3 — 0,5
  • Reaksiya zamanı: 4 — 6 san.
  • Heyət: 3 adam.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
Blowpipe istifadəçiləri mavi rəngdə göstərilmişdir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]