Lut
Lut | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir.
Yəhudilikdə Lut peyğəmbər
[redaktə | mənbəni redaktə et]Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür.[1]
Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır.[1] Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın. Bütün torpaqlar sənin qabağında. Sən sola getsən, mən sağa gedərəm. Sən sağa getsən mən sola gedəcəm.” dedi.[1]
Yəhudi din adamları Lutun İbrahim peyğəmbərdən ayrılmasını müsbət qarşılamamışlar. Onlara görə Lut öz çobanlarına əvvəlcədən heyvanlarını başqasının yerində otarmaması üçün xəbərdarlıq etməliydi. Lakin Lut belə bir şey etməmişdi. İbrahim peyğəmbər bu vəziyyətin onların ətrafdakılar ilə münasibətlərini zədələyəcəyini bildirməsinə, baxmayaraq Lut inad etmişdir. Buna görə də İbrahim peyğəmbər qardaşı oğlu Luta ayrılmağı təklif etmişdir. Lut da məhsuldar Ərdəm vadisində Sodoma yaxın bir yerdə məskunlaşmışdır. İbrahim peyğəmbər isə Kənanda qalmışdır.[2]
Kitabi-müqəddəsdə Lutun peyğəmbər olub-olmaması haqqında Qurani-kərimdən fərqli olaraq açıq bir məlumat verilmir. Bu da onu göstərir ki, yəhudi və xristianlar Lutu peyğəmbər kimi qəbul etmir.[3] Peyğəmbər kimi qəbul edilməsə, də bir din böyüyü kimi qəbul edir. Dolayısıyla Kitabi-müqəddəsdə bir peyğəmbər olaraq zikr edilmədiyi üçün Lutun Sodom və Qomoraya nəyi təbliğ etdiyi və qövmünün təbliğinə nə kimi reaksiya verdiyi hakında da bir məlumat yoxdur.[2]
Lakin Tövratda keçən ifadələrə görə iki mələk İbrahim peyğəmbərin yanına gəlib ona Saranın uşağı olacağı müjdəsini verdikdən sonra Sodom və Qomora yollanırlar.[1] Axşam üstü Sodoma çatan iki mələyi kəndin girişində Lut qarşılayır. Onlar kəndin meydanında qalmaq istəsələr də Lutun təkidi ilə onun evində qonaq olurlar. Rəvayətə görə Lutun arvadı evə gələn qonaqlardan narazı olmuş və əgər Sodomlular bundan xəbər tutarsa onlara zərər verəcəyini bildirmişdir. Buna baxmayaraq evdəki qonaqlara yemək bişirmək üçün qonşudan duz alanda duzu evdəki qonaqlara yemək bişirmək üçün aldığını səhvən bildirmişdir.[2] Beləliklə bundan xəbər tutan şəhərin bütün kişiləri Lutun evinin qabağına gəlib ondan evinə gələn iki gənci istəyirlər. Lut onlara ailə qurmamış qızlarını vermək istəsə də qəbul etmirlər. Daha sonra mələklər Lutu evə alıb qapını bağlayırlar və qapının çölündə olan hər kəs qapını tapa bilməyəcək dərəcədə kor olurlar. Ardından mələklər Luta şəhərdə ona yaxın kimi varsa, onları götürüb getməsini istəyirlər və Sübh çağı Rəbbin buranı yox edəcəyini deyirlər. Lut iki qızı və arvadı ilə ora yaxın bir ərazidə yerləşən Soara getmək istəyir, mələklər də buna razı olurlar.
Lut gedəcəyi yerə çatdıqdan sonra Rəb Sodom və Qomoraya göydən atəşli kükürd tökür və bitkilərə kimi hər şeyi məhv edir. Bu bəladan lut və qızları xilas olsa, da arvadı dönüb geriyə baxdığı üçün duzdan heykələ çevrilir.[1]
Tövratda keçən ifadələrə görə Lutun soyu qızları vasitəsilə davam edir. Belə ki, Lut Soarda qısa müddət qaldıqdan sonra iki qızı ilə ora yaxın dağda bir mağarada qalmağa başlayıb. Daha sonra Lutun qızları soyu davam etdirmək üçün atalarına şərab içirirlər və ataları özündə olmadığı bir vaxtda onunla ayrı-ayrılıqda birlikdə olurlar. Beləliklə böyük qızı atasından hamilə qalaraq bir oğlan uşağı dünyaya gətirir və adını Moav qoyur, Moav bugünkü Moavlıların atası hesab edir. Kiçik qızının da bir oğlu olur və adını Ben-Ammi qoyur, o da bugünkü Ammonlukatın atası hesab olunur.[1]
Tövratda keçən bu hadisədə Lutun günahsız olduğu və qızları tərəfindən şərab içirildiyi üçün özündə olmadığı halda qızları ilə birlikdə olduğu bildirilsə də yəhudi din adamlarına görə burada güna Lutdadır. Çünki qızları Sodom və ətrafının yox olmasını bütün insanlığın yox olması kimi bilmiş və Lut bunun belə olmadığını onlara deməmişdi. Buna görə də onlar nəsli artırmaq üçün bu işə əl atmışdılar.[2]
İslamda Lut peyğəmbər
[redaktə | mənbəni redaktə et]Qurani-kərimdə Lut peyğəmbərin şəxsiyyəti, harada doğulması, ailəsi və atasının kim olması haqqında bir məlumat olmasa da bəzi xüsusiyyətlərindən bəhs olunur. Bunların sırasında İbrahim peyğəmbərə ilk iman gətirənlərdən, elim və rəhmət sahibi və yaxşılardan olmasını qeyd edə bilərik. Ancaq peyğəmbərlər tarixi və bəzi təfirlərdə Lut peyğəmbərin kim olması haqqında geniş izahlara yer verilir.
Lut qövmünün şəhəri, məskəni barədə tarixdə və həmçinin rəvayətlərdə ixtilaf vardır. Məşhur tarixə əsasən onlar Fələstin vilayətində və Mədinə ilə Şam arasında yerləşmiş Sodom adlı şəhərdə yaşayırdılar. Lut peyğəmbər də orada yaşayırdı. Amma Kuleyninin "Kafi" və Səduqun "İləluş-şəraye" kitabında Cəfəri-Sadiqdən nəql etdikləri rəvayətdə deyilir: -"Onların Sədum, Sudeym, Lədna və Umeyra adlı dörd şəhərləri var idi."
Təbərsi "Məcməul-bəyan" kitabında nəql edir ki, Lut qövmünün dörd şəhəri var idi və onlara "Mötəfikat" da deyirdilər. O dörd şəhər ibarət idi: Sədum, Amura, Duma və Səbueym, bunların ən böyüyü "Sədum" idi və Lut da o şəhərdə qalırdı.
Məsudi "Murucuz-zəhəb" də deyir: Onlar beş şəhər idi: Sədum, Əmura, Əduma, Saura və Sabura.
İbn Əsir də "Əl-Kamil" kitabında bu nəzəri qəbul edib amma adlarını belə deyir: Sədum, Subrə, Umrə, Duma, Səvə.
İslam qaynaqlarına görə İbrahim peyğəmbərin atalığı bütpərəst idi. İbrahim peyğəmbər atası başda olmaqla bütpərəstlərlə mübarizə aparmış və qövmünə Allahın varlığını, birliyini təbliğ etmişdir. Və əgər iman gətirməsələr, böyük əzaba düçar olacaqlarını bildirmişdir. Bu mübarizənin canlı şahidi olan Lut peyğəmbər hələ kiçik yaşlarından atasını itirmiş, İbrahim peyğəmbərin himayəsində qalmış və Allaha ilk iman gətirən şəxs olmuşdur.[3]
Kitabi-müqəddəsdən fərqli olaraq Qurani-kərimdə Lutun peyğəmbər olması açıq-aydın bildirilmişdir.[4] Ümumiyyətlə Lut peyğəmbərin adı Qurani-Kərimin on dörd surəsində ("Əraf", "Hud", "Ənam", "Həcc", "Şüəra", "Hicr", "Nəml", "Ənkəbut", "Sad", "Qaf, "Qəmər", "Təhrim", "Ənbiya" və "Saffat") zikr olunub. Bu on dörd surənin on birində onun qövmünün adı və qövmü ilə mübahisəsindən qısa və ətraflı söhbət açılmışdır.
Lut qövmünün pis əməlləri çoxdur. Onların bəzisi Qurani-Kərimdə açıq-aydın, bəzisi isə işarə ilə verilib. Onların pis əməllərindən biri ləvat (həmcinsbazlıq, homoseksualizm), digəri bu idi ki, o şəhərdən keçən müsafirlərin yolunu kəsib mallarını alıb paltarlarını soyundurub, lüt edib başlarına müxtəlif əzab-əziyyət və rüsvayçılıqlar gətirirdilər.
Təbərsi "Məcməul-bəyan" kitabında nəql edir ki, onların ictimaiyyəti, məclisləri bir-birinə söyüş söymək, qapaz vurmaq, qumar oynamaq, şallaq vurmaq, daş atmaq, tar və tütək çalmaq, kəşfi-övrət və ləvat etmək kimi pis əməllərlə keçərdi, bir-birinin yanında məclislərdə öz mədə havalarını xaric edirdilər.
Lut peyğəmbər olaraq göndərildiyi Sodom əhalisinə bütlərə sitayiş etməyi qadağan etməsinə baxmayaraq onlar Lut peyğəmbərin dediklərini yalan hesab etmişlər.[3] Eyni zamanda Lut peyğəmbər təbliğinin qarşılığında onlardan heç nə istəmirdi. Bununla bağlı Qurani-kərim belə buyurur: “O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahtan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.”[5] Lut peyğəmbər özünün Allahın elçisi olduğunu bildirdikdən sonra onlara nəsihət etmişdir. Bununla bağlı Qurani-kərim buyurur: “Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” deməkdən başqa bir şey olmamışdı.”[6] Lut peyğəmbərin təbliğinə qarşılıq olaraq başqa bir ayədə onlar deyirlər: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” demələri oldu. Lut peyğəmbər də islah olmaqda inadkarlıq edən qövmünə görə Allaha belə dua etdi: Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”[5]
Bundan sonra Kitabi-müqəddəslə olduğu kimi Qurani-kərimdə də mələklərin gəlməsindən bəhs olunur və bu qissə Kitabi-müqəddəslə çox oxşarlıq təşkil edir. Qurani-kərimdə keçən ifadələrə görə mələklər ilk öncə İbrahim peyğəmbərin yanına gəlirlər. "İbrahim soruşdu: -"Bu müjdədən sonra daha nə məmuriyyətiniz var və nə üçün gəlmisiniz?" Dedilər: -"Fisq, fitnə-fəsadla məşğul olmuş Lut qövmünü əzab etməyə gəlmişik. Gəlmişik ki, əzab daşlarını onlara yağdıraq. O daşlar Rəbbin yanında əlamət qoyulmuş və israfkarlar üçün hazırlanmışdır". Bu vaxt İbrahimin ürəyi o bədbəxt camaatın halına yandı və mehribanlıq üzündən onlara dedi: -"Onların arasında Lut var!" Allahın peyğəmbəri Lut ola-ola siz onları necə əzab edəcəksiniz?"
Amma mələklər onu bu cəhətdən xatircəm edib və digər tərəfdən də əzabın qəti olmasını bildirərək dedilər: -"Biz özümüz daha yaxşı bilirik ki, onların arasında kim var. Biz Lutu və bütün xanidanını zövcəsi istisna olmaqla xilas edəcəyik".
Kitabi-müqəddəsdən fərqli olaraq Quranda mələklərin sayı açıqlanmır. Daha sonra mələklər Lutun yanına gəldikdə Sodom əhalisi Lutdan mələkləri istəyirlər. Lakin Lut peyğəmbər onlara öz qızlarını göstərir. Onlar isə niyyətlərinin nə olduğunu açıq-aşkar bildirirlər.
Nəhayət camaat hücum edərək evə daxil oldular. Lut hər mümkün vasitə ilə onları uzaqlaşdırdı. Mələklər o Lut peyğəmərin pərişan olduğunu və qonaqları müdafiə etmək üçün necə əzab-əziyyət çəkdiyini görüb ona ürək-dirək vermək üçün özlərini tanıtdıraraq dedilər: "Ey Lut, qorxma, biz Rəbbinin göndərdikləriyik. Bu qövmü həlak etmək üçün gəlmişik. Və bunlar heç vaxt sənə zərər vura bilməzlər. Bu cəhətdən xatircəm ol. Biz səni və xanidanını xilas edəcəyik. Zövcəndən başqa ki, o, qalanlardandır. Biz bu kəndin camaatına etdikləri cinayət, günaha görə səmavi əzab nazil edəcəyik." və ardınca dedilər: -"Özünə əziyyət etmə, camaatı qoy evə daxil olsunlar." Onlar içəri daxil olmaq istədikdə mələklərdən biri (rəvayətə görə Cəbrayıl) Allahın izniylə onların gözünü heç bir yeri görməyəcək dərəcədə kor etdi.
Təbərinin tarixində qeyd olunana görə onlar bir-birinə dedilər: -"Lut bizi sehrbaz və cadugər insanlarla üzləşdirdi və Lutu təhdid edərək dedilər: -"Sən bizim üçün sehrbaz gətirirsən ki, bizi ovsunlasınlar, eybi yoxdur qoy səhər olsun onda görərsən".
Mələklər Lut peyğəmbərə Allahın elçiləri olduqlarını və gecənin bir vaxtında arvadı xaric ailəsinin götürüb şəhərdən çıxmasını istəyirlər və geri baxmamalarını tapşırırlar.[7] Daha sonra Allah onları məhv edir. Qurani-kərim bununla bağlı belə deyir: “Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.”[8]
Burada diqqət edilməli olan məsələlərdən biri də Lut peyğəmbərin azğın qövmə qızlarını vermək istəməsidir. Araşdırmaçılar burada qızlarım deyərkən qövmünün qızlarını nəzərdə tutaraq dediyini bildirirlər, çünki hər bir peyğəmbərin qövmünün qızları da onun qızları hesab olunur. Amma ümumilikdə deyə bilərik ki, istər öz qızı, istərsə, də qövmünün qızı olsun. Lut peyğəmbər qövmünü Allahın razı olduğu kimi onların diqqətini qarşı cinsə çəkmək istəmişdir.[9]
Kitabi-müqəddəsdə keçən Lut və qızları ilə bağlı qissə isə Qurani-kərimdə yer almır. Ümumiyyətlə İslam inancında peyğəmbərlər məsumdur və Lut da bir peyğəmbər olaraq qəbul edildiyi üçün onun belə bir iş tutması qəbul edilməzdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Yaradılış.
- ↑ 1 2 3 4 M. Katar, “Tevrat'ın Lut qıssası üzerine bir araştırma”, (AÜİFD XLVIII, Say:1, 2007).
- ↑ 1 2 3 K. Polat, “Lût kıssasına Kitab-ı Mukaddes ve Kur'ân perspektivinden karşılaştrmalı bir yaklaşım”, (Ankara Universitesi İlahiyat Fakültesi Dergisi, Say:24, Erzurum-2005).
- ↑ Saffat, 37/133; Şüara, 26/162.
- ↑ 1 2 Şüəra.
- ↑ Əraf, 7/ 80-82.
- ↑ Hud, 11/ 69-81.
- ↑ Hicr, 15/ 74.
- ↑ F. Tuncer, “Hz. Lût’un kavmine karşı kızlarını sunmasının anlamı", (İstanbul Universiteti İlahiyyat Fakültesi Dergisi, 2012).