Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Məhəmməd Cahan Pəhləvan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Cahan Pəhləvan
Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz
Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan
Atabəy Məhəmməd Cahan Pəhləvanın bədii portreti, rəssam: Əjdər Qafarov, Azərbaycan Tarix Muzeyi
Atabəy Məhəmməd Cahan Pəhləvanın bədii portreti, rəssam: Əjdər Qafarov, Azərbaycan Tarix Muzeyi
1175[2] – 1186[3]
ƏvvəlkiŞəmsəddin Eldəniz[4]
SonrakıQızıl Arslan[5]
Şəxsi məlumatlar
Doğum tarixi 1136 və ya 1137
Doğum yeri Ərdəbil, Eldənizlər[4]
Vəfat tarixi fevral 1186 və ya aprel 1186
Vəfat yeri Təbərək qalası, Həmədan, Eldənizlər[4]
Dəfn yeri Atabəylər Memarlıq Kompleksi, Naxçıvan, Eldənizlər[4]
Milliyyəti qıpçaq türkü,azərbaycanlı[6]
Vətəndaşlığı Atabəylər
Atası Şəmsəddin Eldəniz[9]
Anası Möminə Xatun[9]
Həyat yoldaşları İnanc xatun[3]
Zahidə xatun[3]
Küteybə xatun[3]
Uşaqları İnanc xatundan:
Qutluq İnanc[9]
Əmir Əmiran Ömər[9]
Küteybə xatundan:
Əbu Bəkr[9]
Zahidə xatundan: Özbək[9]
Cəlaliyyə[9]
Dini İslam

Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvanfevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.[9][10]

Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur.[11]

Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu. Cahan Pəhləvanın göndərdiyi qoşun Şimlanın ordusunu məğlub edir, ağır yaralanmış Şimla əsir alınır, iki gün sonra vəfat edir. Onun yerinə Xuzistan hakimi təyin edilmiş oğlu Şərəfəddin Əmiran, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır.[11]

Sultan III Toğrulun Xuzistanda yaşayan əmisi Şahzadə Məhəmməd sultanlığın taxt-tacına yeganə ciddi iddiaçı idi, lakin onun hakimiyyəti ələ keçirmək üçün göstərdiyo bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı olan əmirlərdən heç biri, o cümlədən təqib olunan Məhəmmədin sığınacaq istədiyi Xuzistan, Vasit, Fars hakimləri şahzadəyə yiyə durmur və nəhayət onu Azərbaycan atabəyinə təslim edirlər.[11]

1177-ci ilin iyulunda Sultan III Toğrulun adına sultanlığın tabeliyində olan və vassal asılılığında olan bütün ərazilərdə xütbə toxundu. Ətraf əmirləri onun hökmranlığını tanıdılar. Tabe olan hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi. Sultanın adına pul kəsildi, onun sərəncamları dərhal yerinə yetirildi.[11]

Atabəyin inzibatçılıq qabiliyyəti və tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 11 il ərzində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Cahan Pəhləvanın hakimiyyətə illərində gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar. Şərq qonşusu – xarəzmşah Təkişlə də dostluq münasibətləri yaranmışdı.[12]

Cahan Pəhləvan xəlifə əl-Müstədi, istərsə də abbasi xəlifələri arasında hökmdarlardan biri ən-Nasirlə elə münasibətlər saxlayırdı ki, bu münasibətlər ona siyasət yeritməyə imkan verir, xəlifənin onun dövlətin daxili işlərinə qarışmasının qarşısını alırdı. Atabəy Cahan Pəhləvanın ən böyük uğurlarından biri Ağsunqur əl-Əhmədilinin varislərinin əlində olan Təbrizin Eldənizlər dövlətinin ərazisinə birləşdirilməsi idi. Belə ki, 1175-ci ilin yayında Təbriz və onun ətrafındakı yerlərin hakimi Arslan Aba ibn Ağsunqur vəfat etdikdə, Cahan Pəhləvan Ruindej qalasını, daha sonra isə Marağanı, Atabəyin qardaşı Qızıl Arslan isə Təbrizi mühasirə etmişdi. Əldə edilmiş saziş nəticəsində Cahan Pəhləvan Təbrizi alıb, iqta payı kimi qardaşına verdi. Marağa isə, razılığa görə əvvəlki sahiblərinin – Ağsunqurilərin ixtiyarında qaldı.[12]

MisirinSuriyanın hökmdarı, Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusifin böyük fəallıq göstərdiyi qərb sərhədlərində asayişi təmin etmək atabəy Cahan Pəhləvan dəfələrlə barışdırıcı və vasitəçi olmuş, himayəsi altında olanlara hərbi kömək göstərmişdi. Məhəmməd Cahan Pəhləvan 1186-cı ilin fevral-mart aylarında şiddətli qarın ağrılarına tutuldu, təbiblərin müalicəsinə baxmayaraq vəfat etdi.[3][12]

Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə Möminə Xatun türbəsini inşa etdirmişdir. Həmçinin onun hakimiyyəti dövründə Naxçıvan mədrəsəsiAtabəylər cümə məscidini inşa edilmişdi. Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, BeyləqanGəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində yerləşir. Nizami Gəncəvinin ikinci poeması — "Xosrov və Şirin" və "Mənsur və Mərcan" dastanı Məhəmməd Cahan Pəhləvana həsr olunmuşdur.

Həyatının və fəaliyyətinin ilk illəri

[redaktə | mənbəni redaktə et]

1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, ƏrzurumMarağa torpaqlarını əhatə edən Eldənizlər yaxud Atabəylər dövləti yarandı. Şəmsəddin Eldənizin dövründə daxili və xarici vəziyyət xeyli güclənmişdi. O, bir çox əraziləri öz hakimiyyəti altına almağı bacarmışdı. İsfahandan Şirvan və Gürcüstana qədər uzanan ərazi onun hakimiyyəti altına keçdi. Bununla da Eldənizlər dövlətinin təşəkkül prosesi başa çatdı və yaxın Şərqin qüdrətli dövlətinə çevrildi.[13]

Cahan Pəhləvan həmin sülalənin banisi Şəmsəddin Eldənizlə Möminə Xatunun oğludur. Möminə Xatun Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olan Xatun, 1135-ci ildə II Toğrulun ölümündən sonra Möminə Xatun, hakimiyyətə keçən Sultan Məsudun göstərişi ilə Şəmsəddin Eldənizlə ailə həyatı qurmuşdur. Cahan Pəhləvan Ərdəbildə[14][15][16] anadan olmuşdur.[15] Bəzi müəlliflər Cahan Pəhləvanın 1136-cı ildə anadan olduğunu yazırlar. Tarixçi Ziya Bünyadov isə "Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər)" adlı tədqiqat əsərində Cahan Pəhləvanın doğum tarixini 1137-ci il götürür. O, bunu 1160-cı ildə Eldənizin Cahan Pəhləvanı əmir hacibi təyin edərkən 23 yaşının tamam olmaması ilə bağlayır.[14]

O öz gəncliyini hərbi yürüş və döyüşlərdə keçirmiş və erkən yaşlarından hərbi işi, həmçinin dövlət idarəçiliyini və diplomatiya sənətini də yaxşı mənimsəmişdir. Hələ uşaq yaşlarından o, cəngavər gücünə malik olması ilə seçilirdi. Bu günə qədər də xalq arasında atasının Novruz bayramları şənliklərində keçirdiyi güləş yarışlarında onun həmişə qalib çıxması barədə əfsanələr vardır. Gənc Məhəmməd üst-üstə qoyulmuş dörd mis təbəqəsini, bir neçə nalı eyni zamanda əli ilə əyməyi, bir yumruğu ilə öküzlə döyüşməyi bacarırdı. Bu qeyri-adi qüvvəsinə görə onu el arasında "Cahan Pəhləvan" adlandırırdılar. Bu ad "dünyanın pəhləvanı" mənasını verir.[13]

Eldəniz atabəy[q 1] adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı[q 2] təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.[17] Onun oğlu Nüsrət əd-Din Əbu-Bəkr də qeyri-adi gücə-qüvvəyə və çevikliyə malik olmuşdur. O atası kimi cəngavər turnirlərində qalib gəlirdi. Mirondinin yazdığına görə, "Təbrizdə keçirilən yarışda Qara Məlik adlı bir kasıb adam ona qalib gəlir. Bu hadisə tamaşaçıları o qədər heyrətləndirir ki, Qara Məlik adı Təbrizdəki məhəllələrin birinə verilir, bu kasıb pəhləvanın özü isə nağıl personajına çevrilir."[14]

1160-cı ildə Eldəniz 8 yaşı tamam olmamış Cahan Pəhləvanı sultanın əmir-hacibi təyin etmişdi. Bir müddət sonra Cahan Pəhləvan Rey hakimi İnancın qızı İnanc xatunla ailə həyatı qurdu. Cahan Pəhləvanın dörd oğlu və bir neçə qızı olmuşdur. Oğlanların adları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər olmuşdur. Türk Küteybə Xatundan Nüsrət Əd-din Əbu Bəkr, Zahidə xatun isə Özbək adlı oğlu dünyaya gəlmişdir. Qızlarından Cəlaliyyənin anası Zahidə xatun Naxçıvanda yerləşən Əlincə qalasının sahibi idi. Atabəylərin xəzinəsi isə Əlincə qalasında yerləşirdi.[3][9][14]

Eldənizlər hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Taxt-taca sahib olması

[redaktə | mənbəni redaktə et]

Atabəy Eldənizin ölüm xəbəri onun oğlu Məhəmməd Pəhləvana gəlib çatarkən o, haciblər əmri vəzifəsində sultan qulluğunda idi və onun işlərini idarə edirdi. O, sultan Arslan şahdan ehtiyat etdiyi üçün ata minib Azərbaycana yola düşdü, orada öz yerini tutdu. Pəhləvan xəzinə əmlakını ələ keçirdi, atlı və piyada qoşunlar topladı, öz yerində qalmaqla hadisələrin gedişatını və onun hüquqlarına dair sultanın münasibətini gözləməyə başladı. Şəmsəddin Eldənizin ölümündən və Məhəmməd Pəhləvanın getməsindən sonra əmirlər sultanın yanına gələrək ona çoxlu vəsait gətirdilər. Sonra isə sultan Azərbaycanı Məhəmməd Pəhləvandan almaq üçün yürüşə hazırlaşmağa başladı. O, İraq qoşunları ilə birlikdə Həmədana gəldi. Burada güclü qoşun yığdıqdan sonra Azərbaycana yola düşdü.[18]

Əmirlər sultanı Azərbaycanı tutmağa həvəsləndirərək, ona bildirirdilər: "Əgər sən Azərbaycanı azad etsən və inandığın adamlardan birini oraya hakim qoysan, bundan sonra sən Həmədana qayıdar, oradan da Bağdada gedib oranı ələ keçirərsən. Axı sənə məlükün Mosul hakimi Qütbəddin Məudud Zəngi tabedir və sənə qulluq etməyə gələcək. Əgər sən Bağdadı ələ keçirərsənsə və xilafət minbərindən sənin adına xütbə toxunarsa, bundan sonra ölkənin üfüqü sənin üçün rəqib və yağılardan birdəfəlik təmizlənmiş olar."[18]

Onlarla razılaşaraq müharibəyə hazırlaşan sultan Arslan şah, Zəncan şəhərinə yola düşdü, lakin burada ağır xəstəliyə tutuldu. Sultan şəhərdə qalıb sağalmasını gözləyirdi, lakin xəstəlik güclənməkdə idi. Sultan əmr etdi ki, onu Həmədana aparsınlar. Qoşunlar onu Həmədana apardılar, Arslan şah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat etdi. Atabəy Eldənizin ölümündən təxminin 2 ay sonra vəfat etdi. Sultan Rüknəddin Toğrul məzarlığına gətirilərək, atasının məzarı yanında dəfn edildi. Onun ölümü haqqında bütün ölkəyə xəbər verildi. Arslan şahın ölümü ilə əlaqədar İmad əd-Din əl-İsfahani yazır: "Deyirlər ki, Pəhləvan onu zəhərləyib. Çünki onun bundan sonra sağ qalmasını dövlət üçün faydalı bilməyib." Buna baxmayaraq, araşdırıcıların bir çoxu sultan Arslan şahın atabəy tərəfindən zəhərlənməsinə şübhə ilə yanaşırlar.[11]

Lakin bu məsələ bir neçə il keçdikdən sonra, sultan II Toğrula qarşı hazırlanmış sui-qəsd baş tutmadıqda təsdiq olundu. İstintaq zamanı sui-qəsdçilərindən biri teştdar Qutluq belə ifadə verir: "Əla əd Dövlət atabəy Məhəmmədin razılığı ilə mənə 10 min dinar verildi, mən də [sultanın yuyunduğu] hamama zəhərlənmiş şərbət gətirdim və sənin atana verdim." Rəqibini aradan götürən Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[19]

Bütün bunlardan sonra Atabəy vaxtilə xilafətin hücum niyyətləri qarşısını almağa qadir qüvvəyə malik, atabəy Şəmsəddin Eldənizin daima qoşunla yardım göstərdiy, indi isə ayrılıb müstəqilləşmiş vassal – Xuzistan hakimi Ay-Doğdu Şimlanı sakitləşdirməli oldu.[20]

Sultan Arslan şah və hələ də Azərbaycanda olan Cahan Pəhləvan arasındakı münasibətlərin qeyri-müəyyənliyindən istifadə edən Şimla xilafətin ərazisinə soxulur və qoşunla Nəhavəndə yaxınlaşır. O, bu şəhəri və vilayəti öz torpaqlarına qatmaq arzusunda idi, lakin atabəy bu planlarında ona maneçilik törədirdi. Şəhər sakinləri Atabəy Cahan Pəhləvanın yanına qasid göndərib, Şimlanın hücumunun qarşısını almaq üçün ondan yardım istədilər. Atabəyin qüvvələri zəifləyir və Şimlanın qoşunu Nəhavəndə tamamilə yaxınlaşırdı. Şəhər möhkəm müdafiə olunurdu, onu birdən ələ keçirmək çətin idi. Bunu görən Şimlanın qardaşı hiyləyə əl atdı və şəhər əhalisi bu hiyləyə inanaraq şəhər darvazasını açırlar, Şimlanın qoşunu şəhərə üz tutur. Onun qoşunu Nəhavəndi qarət edib gedirlər.[21]

Bir müddət sonra Şimla qoşunla yenidən xəlifə əl Müstədinin hakimiyyəti altınsa olan əraziyə üz tutdu. O, Azərbaycan atabəylərindən vassal asılılığı olan türkmən-əfşarların məskənlərinə hücum edir. Bunun üzərinə türkmənlər Cahan Pəhləvandan kömək istədilər. Böyük bir ordu ilə Şimlanın üzərinə hərəkət edən Atabəy Pəhləvan meydana gələn Karmasin yaxınlığındakı döyüşdə qalib gəldi. Şimla döyüş sırasında vurularaq oxla yaralandı, oğlu və bacısı oğlu ilə birlikdə əsir düşdü. Döyüşdən bir neçə gün sonra Şimla aldığı ox yarası nəticəsində vəfat etdi. Onun yerinə Xuzistan hakimiyyətinə oğlu Şərafəddin Əmiran çıxdı.[22][23]

O zaman Xuzistanda yaşayan və sultanlığın taxt tacı iddiasınsa olan Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd dövlətin əmin-amanlığı üçün təhlükə törədirdi. Arslan şahın ölüm xəbərini eşidən kimi şahzadə Məhəmməd Şərafəddin Əmirandan İsfahan üzərinə hücuma keçməyi tələb edir, lakin bu yaxınlarda Cahan Pəhləvanın qoşunları tərəfindən məğlubiyyətə uğramış Şərafəddin Əmiran Məhəmmədə məktub yazır.[20] Əl-Hüseyni özünün "Əxbar əd-dövlə əs-Səlcuqiyyə" kitabında bu məktubla bağlı yazır:

" Sultan Arslan şahın ölümünü eşitdikdə, onun atabəyi, Xüzistan hakimi və vilayətindəki qoşunların başçısı olan Şərafəddin Əmiran ibn Şimlidən onunla birlikdə İraq üzərinə yürüməyi tələb etdi. O isə söylədi: - Mən atabəy Pəhləvanla təkbətək, sənsiz döyüşüb səni qoruya bilmərəm. Bir az qabaq mənim atam Karmisində döyüşmüşdü ancaq o, atama üstün gəlib atamı öldürmüşdü. İndi isə İraqın Arranın, Azərbaycanın qoşunları onunladır və onların sayı 50 min atlıdan çoxdur. Sən təklikdə İsfahana get, bəlkə də sultan qoşunları sənin gəlməyini bildikdə, onların bir hissəsi sənin tərəfinə keçəcək. Bu sənə müəyyəsər olsa, mən əlimdə olan qoşunlarını birlikdə sənin qulluğuna gələrəm.[24] "

Onun sözlərindən sonra malik Məhəmməd İsfahana yola düşüb oraya gəldi. Oranın bütün canişinləri ona qoşuldu. Həmədanda əl Qavşut ibn Kaymaz əl-Hərəmə da onunla birləşdi və beləliklə o, İsfahanda minə yaxın atlı döyüşçü topladı. Atabəy Pəhləvan Həmədana gəlib çıxdıqda, öz döyüşçüləri ilə İsfahana yola düşərək Məhəmmədin üzərinə yeridi.[24]

Malik Məhəmməd və onunla olan qoşunlar döyüşdü məğlub olub Xuzistana üz tutdular, lakin oranın hakimi onun Xuzistanda qalmasına icazə vermədi. Bundan sonra o, Şiraza atabəy Zənginin yanına gedərək onunla qaldı. Atabəy Pəhləvan bunu eşidib Zəngiyə məktub göndərdi. Məktubda yazılırdı: "Əgər sən malik Məhəmmədi qaravol altında sultanın ixtiyarına göndərməsən, mən sənin üstünə gələcəm, ancaq sən mənimlə döyüşə girsən, axı məhv olacaqsan! Məndən qaçmaq istəsən bu sənin üçün də, sənin ölkən üçün də ölüm olacaqdır."[24]

Belə olduqda, atabəy Zəngi Məhəmmədi tutub onu sultan Toğrula göndərdi. Atabəy Pəhləvan onu alıb, Sərcahan qalasına saldı və bundan sonra heç kəs onun haqqında məlumat ala bilmədi. Ölkə atabəy Pəhləvan üçün rəqiblərdən təmizləndi və o, dövlətin taxt-tacına sahib durdu.[24]

Xarici siyasət və Eldənizlər dövlətinin güclənməsi

[redaktə | mənbəni redaktə et]
Eldənizlər dövrünə aid dəbilqə. Azərbaycan Milli İncəsənət Muzeyi

Qardaşı Qızıl Arslanı Azərbaycan və Arranın canişini təyin edib, atabəy Cahan Pəhləvan Həmədana yola düşür, oradan tabeliyində olan bütün torpaqların hakimlərinə məktub göndərib Sultan Rükn əd-Din III Toğrulun adına xütbə oxunmasını tələb edir. Əl Hüseyni bildirir ki, "hakimlərin hamısı razılıq verdi və sultanın adı ilə xütbələr Mosul və onun mahallarında, Ermənistanda, Xilatda, İranda və onun mahallarında və bütün Xuzistanda oxunmağa başladı." Bütün orta əsr müəllifləri belə bir cəhətdən eyni fikirdə idilər ki, " mərkəzi hakimiyyətin möhkəmləndirilməsinə yalnız Cahan Pəhləvan böyük qüvvə sərf edirdi. o, itaət etməyən əmirləri, xüsusilə İran İraqının əmirlərini sakitləşdirir, fərsiz qoşun başçılarını və məmurları vəzifədən çıxarır. Onları özünə sadiq adamlarla əvəz edirdi. Ən vacib dövlət vəzifələrinə 70-ə yaxın şəxsi məmlüklərini təyin edir və onları özünə daha da yaxınlaşdırmaq üçün hər birinə iqta payı kimi hər hansı bir əyaləti və şəhəri ayırırdı."[25]

Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun 1175-ci ildəki vəfatından istifadə edib onun torpaqlarını əlinə keçirmək üçün hərəkətə başladı və təzliklə Marağa mühasirəyə alındı. Eyni zamanda Arran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan da Təbrizə hücum etdi. Marağa şəhərinin qaziül-qüzatı[q 3] Sədrəddin ilə bağlanan sülh müqaviləsinə görə Marağa, Ruindej qalası Ağsunqurilərə verilmək şərti ilə Marağa atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. Arran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını Naxçıvandan Təbrizə köçürdü.[22]

1177-ci ilin iyulunda soltanlığın tabeliyində və vassal asılılığında olan bütün torpaqlarında 7 yaşlı III Toğrulun adına xütbə oxundu. Dövlət hakimiyyəti soltanlığın bütün işlərini idarə edən Cahan Pəhləvanın əlinə keçdi. Tabe olan hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi, çünki o dövrün müəllifləri bildirirdilər ki, "bütün hakimlər Pəhləvandan qorxurdular." Soltanın adına pul kəsildi, onun sərəncamları dərhal yerinə yetirilirdi.[11]

Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Cahan Pəhləvanın hakimiyyəti illərində gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar.[12]

Atabəy hakimiyyəti möhkəmləndikdən az sonra onunla xarəzmşah Təkiş arasında dostluq münasibətləri yarandı. Xarəzmşah Təkişin əl-inşa divanının başçısı Bəhaəddin Məhəmməd əl-Bağdadinin XIII əsrin əvvəllərində tərtib etdiyi rəsmi saray sənədləri toplusunda Xarəzmşahın "böyük atabəy Şəms-əd-Dövlə vəd-Din, İraqın Pəhləvanına" yazdığı dörd məktub saxlanılır. Məktublarda Xarəzmşahın Atabəylə sülh münasibətləri yaratmaq arzusu ifadə olunur.[26]

1181-ci ilin may ayında yazılmış məktubda hər iki dövlət arasında qarşılıqlı səfirlik yaratmaq arzusunun əhəmiyyəti və Xarəzmşah qoşunlarının Xorasana hücumu barəsində üzrxahlığı qeyd olunur. Məktubda əlavə edilir ki, "bundan sonra ixtilafə səbəb olan bu cür hadisələr həmişəlik oradan qaldırılacaqdır."[26] 1181-ci ilin avqustunda Xarəzmşahın səfiri əmir Rəşidəddinlə atabəyə göndərdiyi ikinci məktubunda qeyd olunur ki, "atabəyə bağışlanmış şunqar çaparla göndərilib, əlahəzrət padşahın səfirliyinin azalması təsadüf doğurur, böyük məktublar mübadiləsinin arasının kəsildiyi narahatlıq törədir və heç olmazsa bir dəfə görüşmək imkanı olması xəzayi-aləmdir."[26]

1181-ci ilin oktyabrında yazılmış üçüncü məktubunda Xarəzmşah bildirir ki, "Xarəzmin atabəyin paytaxtından uzaqlığı müntəzəm məktublaşmağa imkan vermir, lakin mən atabəyin yüksək məclisində baş verən bütün hadisələrdən daima xəbərdaram. Dövlətlər arasındakı sərhədlərdə sakitlikdir və atabəyin dövlətində olan çətinliklər yavaş-yavaş aradan qaldırılır."[27] Xarəzmşah iki dövlət arasında yaradılmış birliyə görə atabəyə öz minnətdarlığını bildirir və Əmir Səlahəddinə göndərdiyi məktuba görə təşəkkür edir. Xarəzmşah atabəyin səfirini öz yanında ona görə saxlayır ki, onun söhbətləri şahı sevindirir. Səfirin Xarəzmşahla əlaqəsi göstərir ki, atabəylə Xarəzmşah dostdur.[27]

1182-ci ilin noyabrında Atabəyə yazdığı dördüncü məktubunda Xarəzmşah az-az məktublaşdıqları və səfirlərin gec-gec göndərilməsi üçün üzr istəyir və yazır ki, "bu, heç də bizim aramızdakı dostluğun azalmasına səbəb ola bilməz, əksinə, dostluğumuz daha da möhkəmlənir."[27] Xarəzmşah atabəydən göndərdiyi hədiyyələrin qəbul olunmasını xahiş edir, bildirir ki, "çünki bu hədiyyələr səmimi qəlbdən göndərilmişdir və ümid varam ki, bizim aramız şadlıq yolu ilə hər zaman açıq olacaq, etibarsızlıq yolu ilə bağlanacaqdır."[27]

Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış və antropomorf təsvirlərlə bəzədilmiş saxsı qab, Qədim Gəncə, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi

Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, əl-Cəzirə və Şimali Anatoliya vilayətlərində Misir və Suriyanın məşhur hakimi Səlahəddin Yusif fəaliyyət göstərirdi. Bu səbəbdən Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, himayəsində olanlara hərbi yardım göstərirdi.[28]

Cahan Pəhləvan dövründə xilafət ilə münasibətlər çox zəif olmuşdur. Atabəy Eldəniz özündən əvvəlki İraq hakimlərindən fərqli olaraq Bağdad və ətraf ərazilərdə Abbasi xəlifələrinin özərk idarəsinə heç bir zaman müdaxilə etməmiş və xilafətlər arasındakı münasibətləri İslam dünyasının ən yüksək dini məqamına hörmət çərçivəsində qurmuşdur. 1180-ci ildə Abbası xilafəsi əl-Müstəzi Biəmrillah vəfat etdi. Onun yerinə oğlu ən Nasir Lidinillah keçdi. Xilafət dəyişikliyi üzərinə Bağdadın şeyxlər-şeyxi[q 4] Sədrəddin Atabəy Pəhləvana bir elçi göndərib yeni xəlifəyə biət edilməsini istədi. Ancaq Pəhləvan onun bu məktubuna əhəmiyyət verməyincə Sədrəddin öz əsgərlərinə xitabən bu cür dedi: "Atabəy Pəhləvan, Əmirül-Mömünə biət etmədikcə, siz də ona itaət etmək məcburiyyətində deyilsiniz, hətta onu əmirlikdən uzaqlaşdırıb, onunla müharibə aparmanız lazımdır."[29] Bunun üzərinə Atabəy Cahan Pəhləvan xəlifəyə belə bir məktub göndərdi: "Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq, saleh əməl işləmək olmalıdır. Çünki dinin əsası və işlərin ən gözəli namazdır. Onun bu sahədə əldə etdiyi üstünlük xalqın gözündə nümunəvi olmasına kifayətdir. Allah qatında həqiqi padişahlıq budur. Xəlifənin dünya padişahınıb işinə qarışmasının heç bir əhəmiyyəti yoxdur. Dünya işlərini sultana buraxmaq lazımdır." Məhəmməd Cahan Pəhləvanın xilafətə münasibəti klassik türk hakimiyyət anlayışının bir nümunəsidir.[30]

1182-ci ilin noyabrında Səlahəddin Əyyubi Mosul və Əşrəf vilayətlərini tutmaq üçün yürüşə başladı. Zəmanəsinin hakim və əmirləri bu işdən çəkinməyi ona məsləhət görmələrinə baxmayaraq, o, Mosulu mühasirəyə alır. Səlahəddinin gözləməyi halda, Mosulun hakimi atabəy İzzəddin I Məsud və onun naibi Mücahidəddin Qaymaz müdafiəyə çox yaxşı hazırlaşmışdılar. İzzəddin I Məsud qızı Bəhadəddin ibn Şəddadı Bağdada göndərib xəlifədən xahiş edir ki, Səlahəddini Mosuldan çıxması üçün razı salsın. Xəlifə öz səfiri vasitəsilə Səlahəddinə sülh müqaviləsi bağlamaq əmrini verir. Səlahəddin sülhə bir şərtlə razılaşır ki, Hələb şəhərini ona versinlər. İzzəddin Məsud idə bu şərti qəbul etmir. Bundan sonra Mosula atabəy Cahan Pəhləvan və Xilatın hakimi Şahərnan Məhəmməd ibn İbrahim Sökmənin səfirləri gəlir və Səlahəddinə sülh bağlamaq əmrini çatdırırlar. Xəlifə və Cahan Pəhləvanın adından Səlahəddinə bildirirlər ki, onun Fərat çayından qarşı tərəfə keçməyə hüququ yoxdur, çünki bu torpaqlar İzzəddin Məsuda mənsubdur. Əks təqdirdə İzzəddinə həm Cahan Pəhləvan, həm də bütün müsəlman hakimləri yardım göstərəcəklər. Səlahəddin qəzəblənərək yerli hakimlərə bildirir ki, "Mən sizə göstərərəm! Sizinlə işimi bitirən kimi Cahan Pəhləvana qarşı çıxacağam!"[31][32]

1183-cü ilin noyabrında İzzəddin I Məsud öz naibi – ölkənin hakimi Mücahidəddin Qaymazı həbs etdirir. Vassak hakimlər Mücahidəddindən çəkinir və Mosul atabəylərlərinin xəzinəsinə vergini müntəzəm verirdilər. Mücahidəddin həbs olunandan sonra isə verginin arası kəsildi. Ölkədə iğtişaşlar baş verdi. Bundan istifadə edən xəlifə ən-Nasir Dakuku işğal etdi. Səlahəddin isə İzzəddin I Məsudun keçmiş vassalları arasında özünə müttəfiqlər tapır.[28]

Mücahiddədin Qaymaz 1184-cü ilin may ayında Cahan Pəhləvanın köməyi sayəsində həbsdən azad olundu. Bundan sonra o, Səlahəddinə qarşı yardım üçün Cahan Pəhləvan, eləcə də Qızıl Arslanın yanına gedir. Əvvəlcə, onu Azərbaycan hakimi Qızıl Arslan qəbul edir və qardaşının yanına buraxmayaraq bildirir ki, "Onun verəcəyi hər şeyi sən məndən ala bilərsən!" Qızıl Arslan ona 3000 atlı verir və Mücahidəddin, Mosul atabəyindən üz döndərmiş İrbil hakimini mühasirəyə alır. İrbilə gedən yol boyu Qızıl Arslanın atlıları yaşayış məntəqələrini viran qoyur, əhalini qarət edir. Mücahidəddin isə bunun qarşısını ala bilmirdi. İrbilin hakimi Zeynəddin Yusif qoşun dəstəsinin üzərinə hücum çəkib, qoşunu məğlub edir.[28]

Əyyubi 1185-ci ilin aprelində Mosulu mühasirəyə aldı. Ancaq tam bu vaxt Ərmənşahlardan II Sökmənin 10 iyul 1185-ci ildə vəfat xəbərini eşidən Səlahəddin Əyyubi mühasirəni dayandırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə qədər Axlatda Ərmənşahların başına keçən Seyfəddin bəy Teymur kömək üçün Pəhləvana müraciət etdi. Həm Mosul, həm də Axlatdakı vəziyyəti hesaba qatan Atabəy Pəhləvan təcili olaraq Şərqi Anadolu istiqamətində hərəkətə keçdi. Atabəyin köməyə gəlməsi ilə qüvvələr fərqinin əleyhinə olduğunu başa düşən Səlahəddin geri çəkildi.[31]

1185-ci Cahan Pəhləvanın vassalı, Xilatın hakimi Nəsirəddin Məhəmməd ibn İbrahim II Sökmənin ölümündən sonra məmlükü Seyfəddin bəy Teymur əlinə keçirdi. II Sökmənin vəziri Məcdəddin ibn əl-Müvəffəq başda olmaqla Xilatın əyanları – məmlükün rəqibləri Səlahəddinə müraciətlə Xilatın Teymurdan geri alınmasını xahiş etdilər. Səlahəddin bu təklifi qəbul etdi və Xilata qoşun göndərdi. Kəşfiyyat məqsədi ilə fəqih İsa Xilata elçi göndərildi. II Sökmənin vəziri ona bildirdi ki, "Seyfəddin bəy Teymur və Pəhləvanın qızı II Sökmənin həyat yoldaşı Xilat qalasındadırlar, bəlkə Pəhləvan da buraya gəldi." Lakin heç bir nəticə əldə etmədən geri qayıtdı.[28]

Tezliklə atabəy Cahan Pəhləvan da himayəsində olan torpaqların qorunması adı ilə Azərbaycan, HəmədanTəbriz qoşunu ilə Xilata özünü çatdırdı. Atabəyin qoşunları şəhərin şərqində mövqe tutdular. Cahan Pəhləvan Səlahəddinə məktub yazaraq bildirdi: "Bu ölkə mənim qızıma mənsubdur və o, hazırda qaladadır. Mənim məsləhətim budur: qoy aramızda olan dostluq münasibəti əvvəlki kimi qalsın və davam etdirilsin." Bundan sonra Səlahəddin əl-Cəzirəyə, Pəhləvan isə öz ölkəsinə qayıdtdılar. Seyfəddin bəy Teymur Atabəyə pul və hədiyyələr göndərdi və Xilatda Cahan Pəhləvanın adı ilə xütbə oxunmağa başlandı.[33]

Səlahəddin Yusif və Cahan Pəhləvan hələ Xilat hasarlarının yaxınlığında yerləşdiyi vaxt Səlahəddin Atabəyə müraciətlə xahiş edir ki, "Qəzvin, Bistam və Dəmqan vilayətlərində olan idmaililərin qalalarını mühasirəyə alıb tutmaq üçün" onun qoşunlarının Atabəylər dövləti ərazisindən keçməsinə icazə versin. Atabəy bir qədər fikirləşdikdən sonra ona rədd cavabı verir və ehtiyatla hərəkət edərək Səlahəddinlə müharibəyə hazırlaşır, lakin iş müharibəyə gəlib çatmır.[33]

Hadisələr əsnasında Atabəy Cahan Pəhləvanı şiddətli qarın ağrıları tutdu. Əmr etdiki onu, Təbərək qalasına, Həmədana aparsınlar. Buradakı görkəmli təbiblərin səylərinə baxmayaraq, Cahan Pəhləvan 1186-cı ilin fevral və ya mart aylarında, 50 yaşında vəfat etdi. Onun ölümü indiki dövrdə də müəmmalı olaraq qalır. Onun bu qədər erkən vəfatı sui-qəsd məsələsini də meydana gətirməkdədir, lakin bu haqda məlumatlar qarışıq olduğundan, qəti mövqe tutmaq çox çətindir.[3]

Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idarəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi.[34] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul həyat yoldaşı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[34][35]

Atabəy Cahan Pəhləvanın ölüm xəbərini bir müddət gizli tutan həyat yoldaşı İnanc Xatun əmirlərlə dəfələrlə görüşərək hakimiyyətə oğlanlarından birinin keçməsinə çalışsa da onun bu cəhdləri uğursuz oldu. Əmirlər atabəy əl-əzəm məqamında Qızıl Arslanı görmək istədiklərini dilə gətirdilər. Əmirlərin bu görüşü qarşısında çarəsiz qalan sultan III Toğrul da Qızıl Arslana bir fərman göndərərək onu atabəy elan etdi. Həmədana gələn Qızıl Arslan atabəylik taxtına oturdu.[36]

Fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]

Mədəni fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Şəmsəddin Eldəniz tərəfindən 1175-ci ildə başladılmış, Atabəy Cahan Pəhləvan tərəfindən 1186-cı ildə tikintisi başa çatdırılmış Möminə Xatun Türbəsi indiki dövrdə.

1175-ci ildə Eldənizlər dövlətinin I böyük atabəyi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatunun ölümündən sonra Eldəniz Möminə Xatunun şərəfinə bir türbə tikdirməyi qərara alır, lakin Şəmsəddin Eldənizin 1175-ci ilin oktyabr-noyabr aylarında vəfatından sonra onun bu istəyi yarımçıq qalır.[37] Məhəmməd Cahan Pəhləvan bu istək üzərinə Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsini inşa etdirir.[38]

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində bu yazı həkk olunmuşdur:

" Mərhəmətli və rəhmli Allahın adı ilə!

Bu məqbərəni dünyanın ədalətli hökmdarı, əzəmətli, qalib Şəmsəddin, Nüsrət əl-İslam vəl-müslim Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz dünyanın və dinin böyüklüyü, islamın və müsəlmanların paklığı Möminə Xatun [xatirinə] hər şeydən yüksək Allah ona rəhm etsin!

Beş yüz səksən ikinci ilin məhərrəm ayında tikilməsini əmr etdi.[39][40]

"

Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olmuşdur, lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Binan səthinə başdan-başa müxtəlif növ naxışlar vurulmuşdur. Türbənin 10 güşəsi bir birini təkrarlanmayan mürəkkəb həndəsi naxışlarla işlənmişdir. Azərbaycan memarlığının nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi "Naxçıvan məqbərələri" tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.[41][42]

Monumental və əzəmətli bir tikinti olan Möminə Xatun türbəsi Naxçıvana gələn səyyah və alimlərin diqqətini özünə cəlb etmişdir. Bu abidə bir çox əsərlərdə də öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gəlmiş fransız səyyah Dyubua de-Monlete abidəyə diqqət yetirmiş və onun kitabələrinin surətini çıxarmış, Peterburqa, şərqşünas Frenə göndərmişdir. Abidə ilə həmçinin Xanıkov, ər. De-Lyafya və başqa alim, şərqşünas və səyyahlar maraqlanmış, bu abidə haqqında qeydlərini dərc etdirmişdilər.[41]

Möminə Xatun türbəsi iki hissəlidir. Yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yerüstü hissənin görünüşü planda onbucaqlı, daxili görünüşü isə dairəvidir. Məqbərənin yerüstü hissəsi üç cərgə qırmızı tuf parçalarından düzəldilmiş möhkəm kürsülük üzərində ucaldılmışdır. Bina bişmiş kərpicdən hörülmüşdür, onun bütün səthini örtən piltələrin üzəri kərpicdən düzəldilmiş ornamentlə, bəzi yerlərdə isə mavi mina ilə bəzəldilmişdir. Türbənin bütün səthi üzərində bəzəkli tağlar var. Tağlar üzərində "Və-əllahu əkbər"[q 5] sözləri yazılmışdır.[41][43]

Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və digər şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri təşəkkül tapmışdılar. Bu məktəblərin üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı. Cahan Pəhləvanın dövründə şəhərlərdə xeyli inkişaf gözə çarpırdı.[44]

Məhəmməd Cahan Pəhləvan tərəfindən inşa edilməsi güman edilən Atabəylər cümə məscidi. Məscid Eldənizlər dövründə inşa edilsə də, indiki dövrə gəlib çatmamışdır.

Məhəmməd Cahan Pəhləvan dövründə inşa edilmiş memarlıq abidələrindən biri də Naxçıvan mədrəsəsidir. Mədrəsə Şəmsəddin Eldəniz tərəfindən tikilən Atabəylər Memarlıq Kompleksinin nəzdində tikilmişdir. Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin yarandığı ilk mərkəzlərdən biri olmuşdur. Bölgənin ən qədim şəhəri, elm, təhsil və mədəniyyət mərkəzi olmaq etibarilə orada ilk məktəb və mədrəsələrin yaranması təbii hal idi. XI-XII əsrlərdə Naxçıvan şəhəri haqqında bəhs edən müəlliflərin əsərlərində Naxçıvanda mədrəsələrin olması haqqında qısa məlumatlara rast gəlinir.[45]

Naxçıvan mədrəsəsinin qabaq tağının yuxarı hissəsində bu cür sözlər yazılmışdır: "Dünyanın ədalətli və ən ulu hökmdarı atabəy ən ulu hökmdarı atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun məzarını əziz tutsun!" Qabaq tağın qapılarında bu sözlər həkk olunmuşdur: "…ən mütəvəlli əmir əl-üməra əmir Nurəddin, atlı qoşunlarının başçısı və atabəy dövlətinin vergi yığanı."[40][46]

Atabəylər cümə məscidinin də Məhəmməd Cahan Pəhləvan dövründə tikildiyi güman edilir.[47] XIX əsrdə yaşamış alman səyyah V. A. Engelqard yazır ki, "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı isə uçmaq təhlükəsindədir. Ondan 50 sajen[q 6] aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen[q 7] ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tuturmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünə xatun türbəsinə) məxsusdur."[48]

İqtisadi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Məhəmməd Cahan Pəhləvanın adına zərb olunmuş dirhəm. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu

Cahan Pəhləvan dövründə əkinçilikdə, eləcə də ümumiyyətlə ölkənin bütün təsərrüfat həyatında aparıcı sahə taxılçılıq idi. Buğda və arpa becərilməsi demək olar ölkənin bütün vilayətlərini əhatə edirdi. Şəki, Naxçıvan, Muğan, Təbriz, Xoy, Əhər, Urmiya, Beyləqan və digər iri şəhərlər taxılçılıq vilayətləri idi. Mənbələrdən məlum olur ki, bu vilayətlər hər cür müxtəlif məhsulla zəngin idi.[49]

Texniki bitkilər içərisində, artıq bu dövrdə kətan və çətənə becərilməsini xeyli sıxışdıraraq, geniş yayılmış pambıqçılıq mühüm əhəmiyyətə malik idi. Toxuculuq sənəti üçün mühüm xammal növlərindən olan pambıq orta əsrlərdə dünya bazarlarında yüksək tələbata malik nadir mallardan sayılırdı. O əsasən dağətəyi və düzənlik zonalarda becərilirdi.[49]

Cahan Pəhləvan dövründə Azərbaycan ipəkçilik xeyli inkişaf etmişdi. Arran və Şirvən ipəyin ən məşhur istehsalçılarına, Bərdə isə ipək istehsalı üzrə Yaxın və Orta şərqin mühüm bazasına çevrilmişdi. XI–XII əsrlərdə xam ipək istehsalı və onun emalı Bərdədən əlavə, Azərbaycanın bir çox başqa yerlərində də — Beyləqanda, Təbrizdə, Gəncədə, Şabranda və digər şəhərlərdə yayılmışdı. Artıq XII əsrdə xam ipək istehsalının mərkəzi Qarabağdan Şirvana keçir. Şabran nahiyəsi Azərbaycanın ən iri xam ipək istehsalçısına çevrilir. Təsadüfi deyildir ki, dövrün mənbələri "onun mallarının çoxu xam ipəkdir" deyə məlumat verir. Bununla yanaşı, ipəkçilik Bərdənin də iqtisadiyyatında mühüm rol oynamaqda davam edirdi.[49][50]

Atabəy Pəhləvanın dövründə öz inkişafının pik nöqtəsinə çatan Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövr abidələrinin verdiyi məlumata görə, Gəncə "mühüm şəhər", böyük şəhər və paytaxt yəni "dar-əl-mülk" idi. Gəncə Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi idi. Şəhər yaxınlığında dəmir və mis filizlərinin olması dəmirçilik, metal emalı, silahqayırma, qab-qacaq hazırlanması, metalda naxış açma və başqa sənət sahələri inkişaf etmişdilər.[51]

Cahan Pəhləvan hökmranlığı zamanı Azərbaycanın ən çox möhkəmləndirilmiş şəhərlərindən biri Naxçıvan idi. Ətrafında möhkəm divar çəkilmiş bu şəhər hərbi istehkama malik idi. Şəhər yüksəklikdə tikilmişdi ki, oradan şəhərin kənarında axan Araz çayının mənzərəsi açılırdı. Naxçıvan saraylar, mədrəsələr, məscidlər, köşklər, məbədlər və məqbələr mövcud idi.[52]

Azərbaycanın ən iri şəhərlərindən biri – Beyləqan ticarət və hərbi-strateji yolların kəsişdiyi yerdə yerləşmişdi. Bu şəhərin orta əsr tarixi "nəinki orta əsr Azərbaycan şəhərinin, həmçinin, ümumiyyətlə, feodal Şərqi şəhərinin tarixi problemlərini öyrənərkən bir çox baxımdan etalon[q 8] ola bilər." Beyləqan Azərbaycanın başqa şəhərləri içərisində mövqeyi bu mənada xüsusilik təşkil edirdi. Beyləqan ayrı-ayrı məhəllələrdən ibarət idi. Şəhərdə karvansaralar, mədrəsə, məscidlər və bir neçə bazar var idi. Beyləqandakı sənət və peşə sahələrinin siyahısına 30-dan çox sənət növu daxil idi.[53]

Təbriz Cahan Pəhləvan dövründə inkişaf etmiş şəhərlərdən biridir. Təbriz möhkəmləndirilmiş şəhər idi. Demək olar ki, Azərbaycanın başqa şəhərlərinə nisbətən daha güclü müdafiə sisteminə malik idi. Təbrizdə çoxlu yaşayış binaları və ictimai idarələr tikilirdi. Şəhərdə bir neçə mədrəsə var idi. Şəhər və onun ətrafında bir neçə ziyarət yeri mövcud idi, buna görə də Təbrizdə "çoxlu alim və zahid var idi." Təbrizin ətraf yerləri bağlarla zəngin idi, onların meyvələri dadı və keyfiyyəti ilə məşhur idi.[54]

Eldənizlərin sikkə sarayı da Təbrizdə yerləşirdi. Sikkə sarayında müxtəlif sikkələr və dirhəmlər zərb olunmuşdu. Məhəmməd Cahan Pəhləvanın adına müxtəlif dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən hamısı indiki dövrə gəlib çatmamışdır, lakin bir neçəsi hal-hazırda mövcuddur. Məhəmməd Cahan Pəhləvan adına zərb olunmuş dirhəm Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndunda yerləşir.[54]

Cahan Pəhləvan dövründə möhkəmləndirilmiş ən qədim şəhərlərindən biri Ərdəbil idi. Şəhər özünün sənətkarlıq məhsulları ilə — "zərif qara zərxara parçaları[q 9], xələnc ağacından düzəldilmiş məmulatı[q 10], daraqları, fincanları, saxsı qabları, musiqi alətləri (xüsusilə saz), arabaları ilə məşhur idi." Şəhərlə Xəzər sahili arasında sıx meşəli sahə vardı. Şəhərdə qab-qacaq düzəldən çoxlu sənətkarlar var idi.[55]

İbn əl-Əsir, Atabəy haqqında xoş xasiyyətnamə verir: "O, İraq, Azərbaycan, Arran, əl-Cibəl, Rey, İsfahan, Həmədan və digər ölkələrin hakimi idi. O, xoşxasiyyətli insan, adil, müdrik və səbirli hökmdar idi. Onun hakimiyyət illərində [tabeliyində olan] ölkələr əmin-amanlıq, təbəələri isə rifah, dinclik şəraitində yaşadılar."[3]

İbn Xəllikan, Atabəy barədə yazır: "İslamın padşahı, qüdrətli hökmdar, dahi atabəy, Əcəmin xaqanı Şəms əd-Dünya vəd-Din Nüs-rət əl-İslam va-1-müslimin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan ibn İl-dəniz İl-şah vəfat etdi." Başqa bir mənbədə Atabəyin hədsiz qəddarlığı qeyd olunur. Eyni zamanda məlumdur ki, o, misilsiz miras qoyub getmişdir. Onun 5000-dən artıq şəxsi məmlükü və 70 min atı, qatırıdəvəsi var idi.[33]

Əl Hüseyni yazır: "Cahan Pəhləvan mütləq hakim idi: o, zahirdə də olsa, azyaşlı sultan III Toğrul ilə hesablaşmır, Səlcuq sülaləsinin sonuncu nümayəndəsinin nüfuzunun qayğısına belə qalmırdı. Atabəy atasının başladığı siyasətdən – tənəzzülə uğrayan sülalənin müdafiəsi siyasətindən istifadə etmək tərəfdarı olmamış, ancaq onu devirmək üçün də heç bir səy göstərməmişdir. Cahan Pəhləvanın hakimiyyətinin əsas yekunu Eldənizlər dövlətinin xarici siyasət mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsindən ibarət olmuşdur, lakin Atabəyin hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mürəkkəb idi. Cahan Pəhləvanın həyata keçirdiyi tədbirlərin çoxu mərkəzi hakimiyyətin möhkəmlənməsinə eyni dərəcədə kömək edə bilməmişdir."[56]

Saray şairlərindən biri Xaqani Şirvaninin xasiyyəti Mücirəddin Beyləqani və Rəşidəddin Vətvat kimi görkəmli şairlərlə aralarındakı münasibət, Şirvanşah Axsitanın narazılığına və onun əmri ilə Xaqaninin uzun müddət həbsdə saxlanılmasına səbəb olmuşdur. Xaqani bir neçə dəfə Şirvandan mühacirət etmək fikrinə düşür. Bu ona yalnız 1184-cü ildə Təbrizə getdiyi, Cahan Pəhləvanın yanına gəlməsi zaman nəsib olur. Xaqani 1199-cu ildə Təbrizdə vəfat edir və Sürxab qəbiristanlığında dəfn olunur.[57][58]

Nizami Gəncəvi 1180–1181-ci illərdə bitirdiyi ikinci poemasını – "Xosrov və Şirin" əsərini sonuncu İraq Səlcuq sultanı III Toğrula həsr etmişdi, lakin bu, bir növ rəsmi ithaf idi. Əslində isə poema atabəy Məhəmməd Cahan Pəhləvana həsr olunmuşdu. Cahan Pəhləvan 1186-cı ildə vəfat etdiyi üçün poemanın mədhi onun qardaşı atabəy Qızıl Arslanın adına yazıldı. Nizamini Gəncə yaxınlığındakı düşərgəsinə dəvət edən Qızıl Arslan öz çadırında onu qəbul etmişdi. Poemanın müqabilində Qızıl Arslan bəxşiş olaraq Nizamiyə Həmdünyan kəndini və fəxri geyim təqdim etdi.[57][59] "Mənsur və Mərcan"[q 11] dastanı atabəy Cahan Pəhləvana ithaf olunmuşdur.[57]

" Xosrov və Şirin”, Nizami Gəncəvi
Dövranın hakimi Atabəy bütün

Kəsmişdir dünyadan kökünü zülmün.

"
 
Şəmsəddin EldənizMöminə Xatun
 
Sultan II Toğrul
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{{{Tuana}}}Nüsrəddin Məhəmməd
Cahan Pəhləvan
Müzəffərəddin
Qızıl Arslan
 
Sultan Arslan Şah
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnanc xatunQüteybə xatunZahidə xatun
 
Sultan III Toğrul
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qutluq
İnanc
Mahmud
Əmir Əmiran
Ömər
Nüsrətəddin
Əbu Bəkr
CəlaliyyəMüzəffərəddin
Özbək
 
Məlikə Xatun
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FulanaSülafə Xatun (Dej-banu)Qızıl Arslan Xamuş
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nüsrətəddin (Əbu Bəkr)
  1. Farsca yazılışı Atabəy-əl-əzəm şəklindədir.
  2. Farsca yazılış əmir-sipəhsalar əl-kəbir formasındadır.
  3. Ərəb dilindən tərcümədə baş qazı mənasını verir.
  4. Ərəb dilində şeyxuş-şuyux olaraq oxunur.
  5. Mənası: Allah cümlə aləmdə böyük dağdır.
  6. 50 sajen təqribən 107 metrdir.
  7. 10 sajen təqribən 42 metrdir.
  8. Meyar, ölçü deməkdir.
  9. Mənbələrdə came adlanır.
  10. Mənbələrdə aləti çubine adlanır.
  11. Orijinal Dastan-i Mənsürü Mərcan adlanır.
  1. Antoine Constant. L'Azerbaïdjan, Karthala Editions, 2002, ISBN 2-84586-144-3, p. 96
  2. Houtsma, M. T. E.J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, BRILL, 1987, ISBN 90-04-08265-4, p. 1053
  3. 1 2 3 4 5 6 7 8 9 Əkbər N.Nəcəf, 2010. səh. 34
  4. 1 2 3 4 Süleyman Əliyarlı, 2007. səh. 122
  5. Ziya Bünyadov, 2007. səh. 69
  6. Lewis, Bernard. Sir Hamilton Alexander Rosskeen Gibb (redaktor). Encyclopedia of Islam. 10. Brill. 1994. səh. 554. 2016-01-01 tarixində arxivləşdirilib.
  7. C.E. Bosworth, "Ildenizids or Eldiguzids", Encyclopaedia of Islam, Edited by P.J. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs et al., Encyclopædia of Islam, 2nd Edition., 12 vols. with indexes, etc., Leiden: E. J. Brill, 1960–2005. Vol 3. pp 1110-111. Excerpt 1: "Ildenizids or Eldiguzids, a line of Atabegs of Turkish slave commanders who governed most of northwestern Persia, including Arran, most of Azarbaijan, and Djibal, during the second half of the 6th/12th century and the early decades of the 7th/13th century". Excerpt 2: "The Turkish Ildenizids shared to the full in the Perso-Islamic civilization"
  8. Bosworth, Clifford Edmund. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Columbia University Press. 1996. 199–200. ISBN 0-231-10714-5. 2022-03-29 tarixində arxivləşdirilib.
  9. 1 2 3 4 5 6 7 8 9 Ziya Bünyadov, 2007. səh. 212
  10. "ATĀBAKĀN-E ĀḎARBĀYJĀN". 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  11. 1 2 3 4 5 6 Azərbaycan tarixi, 2007. səh. 313
  12. 1 2 3 4 Azərbaycan tarixi, 2007. səh. 314
  13. 1 2 Vahid Ömərov, 2012. səh. 15
  14. 1 2 3 4 Восворт, К Е. Муслиманские династии. 1921. 171.
  15. 1 2 Luther, К. A. Atābakān-e Adharbayjān. Encyclopaedia Iranica, Vol. II, Fasc. 8. 1987. 890–894.
  16. Рыжов, К.В. «Все монархи мира. Мусульманский Восток VII-XV вв.
  17. Ziya Bünyadov, 2007. səh. 154
  18. 1 2 Süleyman Əliyarlı, 2007. səh. 119
  19. Erdoğan Merçil, 1993. səh. 90
  20. 1 2 Ziya Bünyadov, 2007. səh. 58
  21. Ziya Bünyadov, 2007. səh. 58-59
  22. 1 2 Əkbər N.Nəcəf, 2010. səh. 30
  23. Erdoğan Merçil, 1993. səh. 89-90
  24. 1 2 3 4 Süleyman Əliyarlı, 2007. səh. 120
  25. Ziya Bünyadov, 2007. səh. 60
  26. 1 2 3 Ziya Bünyadov, 2007. səh. 61
  27. 1 2 3 4 Ziya Bünyadov, 2007. səh. 61-62
  28. 1 2 3 4 Ziya Bünyadov, 2007. səh. 64
  29. Əkbər N.Nəcəf, 2010. səh. 33
  30. Erdoğan Merçil, 1993. səh. 92
  31. 1 2 Əkbər N.Nəcəf, 2010. səh. 33-34
  32. Ziya Bünyadov, 2007. səh. 64-65
  33. 1 2 3 Ziya Bünyadov, 2007. səh. 65
  34. 1 2 Süleyman Əliyarlı, 2007. səh. 121
  35. Azərbaycan tarixi, 2007. səh. 314-315
  36. Əkbər N.Nəcəf, 2010. səh. 35
  37. Erdoğan Merçil, 1993. səh. 87-88
  38. С.А. Дадашев, М.А. Усейнов. Очерки по истории архитектуры народов СССР. Архитектура Азербайджана. — М:1948 — стр. 10
  39. Cəfər Qiyasi, Nizami dövrünün memarlıq abidələri. Bakı: "İşıq", 1991. səh.95.
  40. 1 2 Ziya Bünyadov, 2007. səh. 170
  41. 1 2 3 История архитектуры Азербаиджана ,стр. 87.
  42. Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: "Nurlan", 2003, səh.325.
  43. "Mömünə Xatun türbəsi" (az.). Unesco.preslib.az. 22 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
  44. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan dövlətləri intibah dövründə. Bakı: "Mütərcim", 2015, səh.27.
  45. Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: "Nurlan", 2003, səh.316.
  46. Bakuvi Ə. "Abidələrin" xülasəsi və qüdrətli hökmdarın möcüzələri. Ərəbcədən tərcüməsi, müqəddimə və şərhləri Ziya Bünyadovundur. Bakı: "Şur" nəşriyyatı, 1992, səh.132.
  47. Мамедов Ф. Г. Руины средневековой мечети в селении Кирна // Докл. АН Аз.ССР. — 1975. — Т. 31, № 3. — С. 117.
  48. Cəfər Qiyası. Nizami dövrünün memarlıq abidələri, Bakı: "İşıq", 1991. səh.48.
  49. 1 2 3 Azərbaycan tarixi, 2007. səh. 334
  50. Azərbaycan tarixi, 2007. səh. 334-335
  51. Ziya Bünyadov, 2007. səh. 167-168
  52. Ziya Bünyadov, 2007. səh. 169
  53. Ziya Bünyadov, 2007. səh. 175
  54. 1 2 Ziya Bünyadov, 2007. səh. 178
  55. Ziya Bünyadov, 2007. səh. 179
  56. Ziya Bünyadov, 2007. səh. 65-66
  57. 1 2 3 Əkbər N.Nəcəf, 2010. səh. 52
  58. Ziya Bünyadov, 2007. səh. 200
  59. Ziya Bünyadov, 2007. səh. 202
  60. "Azərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir". 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh.
  • Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından – XIV əsrə qədər). Bakı, "Qanun", 2010.
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. - 24 səh.
  • Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi. İstanbul, 1993. c. 8.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.
  • Vahid Ömərov. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı. Bakı, "Səs", 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]