Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü. Hadisə Böyük Britaniyada xalqın böyük marağına səbəb oldu və illər boyu gəminin tərk edilməsi səbəbi haqqında müxtəlif fikirlər səsləndi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Meri Selest 282 qros ton ağırlığında olan iri həcmli gəmi idi. Gəmi 1861-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətində yerləşən gəmi tərsanəsində, Coş Devis tərəfindən hazırlanmışdı. Gəminin ilk adı Amazon çayının şərəfinə, Amazon adlandırılmışdır. Amazon gəmisi, tərsanədən suya salındıqdan sonra ölkə daxili yük daşıma ilə məşğul olan şirkətə satılmışdır. Bu dövrədən sonra müxtəlif vaxtlarda gəmidə yaşanacaq hadisələr səbəbindən gəmi kabus gəmi adını almışdır.
Amazon gəmisinin ilk kapitanı Robert Maklelan olmuşdur. O, varlı gəmi sahiblərindən birinin böyük oğlu idi və kapitan təyin olunmasında atasının rolu böyük idi. Robert Maklelan kapitan təyin olduqdan doqquz gün sonra, səfər zamanı qəfildən vəfat etdi.
Gəminin ikinci kapitanı, Con Nutinq Parker balıqçı qayığı ilə toqquşması nəticəsində gəmini təmir tərsanəsinə aparmalı olmuşdur. Tərsanədə olarkən gəmidə, məlum olmayan səbəbdən yanğın baş vermişdir. Bütün uğursuzluqlara baxayaraq, gəmi ilk açıq səyahətinə çıxmışdır. Burada yaşanan hadisə, isə kapitanının işdən kənarlaşdırıması ilə nəticələndi. Belə ki, Amazon gəmisi Manş dənizində yenə balıqçı qayığı ilə toqquşmuşdur. Uğursuz başlanğıc səbəbindən, bəzi kapitanlar gəmiyə rəhbərlik etməkdən imtina etməyə başladılar.
Ancaq buna baxmayaraq sonrakı illərdə elədə böyük hadisə baş vermədi. Qərbi Hindistan, Mərkəzi Amerika və Cənubi Amerika ərazilərinə, Avropadan böyük ölcülü karqo yüklərinin daşınması ilə məşğul olan gəmi üzərində olan uğursuz damğasını unutdurmağa başlamışdı. 1867-ci ildə Yeni Şotlandiya əyaləti yaxınlarından keçərkən, gəmi şiddətli fırtınaya düşdü. Küləyin təsirindən, gəminin dorları əyildi, böyük çətinliklə olsa da, gəmini sahilə oturtmaq mümkün olmuşdur. Bu hadisədən sonra gəmi, sahibi onu satmaq qərarına gəldi. 1867-ci ilin sonlarına yaxın gəmi Nyu-Yorkdan olan alman əsilli gəmiçi Ricard Hayensə satıldı. Ricard Hayens gəmini təmir etdirib, 1868-ci ildə dövlət qeydiyyatına saldırdı.
Qeydiyyat zamanı gəminin adı Amazondan Meri Selestə dəyişdirildi. Ricard Hayens gəmidən, Amerika - Adriatik dənizi arasında ticarətlə məşğul olmaqla, gəlir əldə etmək istəyirdi. Gəminin yeni sahibi təkcə Ricard Hayens deyildi. Ondan başqa gəmini alınmasında daha dörd nəfər pul ödəmişdi. Bu səbəbdən gəmi şərti olaraq 24 səhmə bölünmüşdü. Səhmdarların arasında Ricard Hayens olmamışdır. Ödənilən pula uyğun olaraq tərəflər arasında səhmlər bölünmüşdü.
Gəminin hissədarları:
- Ceyms Vinçester (12 səhm)
- Benjamin Briqs (8 səhm)
- Silvestr Qudvin (2 səhm)
- Daniel Simson (2 səhm)
Aşkarlanması
[redaktə | mənbəni redaktə et]Oktyabr ayında Atlantik okeanında dənizçilərə pis hava şəraiti barəsində məlumat verilmişdi. Noyabr ayında havalar düzəlməyə başladı və əvvəlki, əlverişli hava şəraiti bərpa olundu. Limandan aralanandan bir ay sonra 4 dekabr 1872-ci ildə, (bəzi sənədlərdə bu tarix 5 dekabr kimi göstərilmişdir) yerli vaxtla saat 13:00-da Dei Qartia gəmisi 5 dəniz mili məsafədə, gəmi müşahidə etdi. Meri Selest gəmisinin ilk görüldüyü yer, Portuqaliya sahillərindən 600 mil uzaqlıqda yerləşirdi. Dei Qartia heyəti, müşahidə etdikləri gəminin, göyərtəsində hərəkətin olmadığını anladılar. Gəmiyə yaxınlaşdıqda üzərində yazılmış Meri Selest yazısını oxudular. Dei Qartia gəmisinin kapitanı, Meri Selest gəmisini dərhal tanıdı. Meri Selest Dei Qartiadan əvvəl səyahətə çıxmışdı və bu səbəbdən çoxdan İtaliya sahillərinə çatmalı idi. Dei Qartia Meri Selestə 400 yard məsafəyə qədər, yaxınlaşdı və bu şəkildə gəmi 2 saat müşahidə edildi. Meri Selestin yelkənləri açıq vəziyyətdə idi və küləyin təsirindən cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. 2 saatlıq müşahidədən sonra, Meri Selestin göyərtəsində hec kimin olmadığı qərarına gəlindi.
Dei Qartia heyəti, Meri Selestin yaxınlığına gəldilər və dəniz kəndirləri vasitəsi ilə gəmiyə keçdilər. Aparılan axtarışlardan sonra, gəmidə heç kimə rast gəlinmədi. Hər hansısa cəsəddə tapılmamışdır. İlkin məlumatlara görə göyərtədə bir metr hündürlüyündə su vardı və suçıxarma cizhazlarından yalnız biri işləyirdi. Digər iki cihaz isə işə salınmamışdı. Göyərtədə bir metr hündürlüyündə suyun olmasına baxmayaraq, gəminin batma təhlükəsi yox idi. Kapitanın hərəkət planı başda olmaqla, gəmiyə aid bütün sənədlər itmişdi. Gəminin saatı işləmirdi, kompası isə itmişdi.
Əsas diqqəti cəlb edən gəminin arxa hissəsində, 30 metr uzunluğunda olan kəndirin salanması idi. Artur Konan Doyl Meri Selest haqqında yazdığı hekayəsində, Dei Qartia heyətinin əl vurulmamış səhər yeməyi və təzə dəmlənmiş çay tapdıqları göstərilir. Bunlar aparılan araşdırmalar əsnasında, sübut olunmamışdır. Böyük ehtimalla, bu iki məqam Artur Konan Doylun təxəyyülünün məhsuludur. Meri Selestin yük hissəsində, 1701 varil həcmində alkoqollu içkilər vardı. Altı aylıq ərzaq ehtiyatıda, anbarda köhnəlmədən saxlanılmışdı. Meri Selestin heyətinin əşyalarına baxış zamanı, hamısının yerində olduğu müəyyən edildi. Bu müəyyənləşmədən sonra, gəmiyə dəniz quldurları tərəfindən hücum edilməsi ehimalı aradan qalxdı. Dəniz quldurları hər zaman gəmiyə ziyan vurur və daşına bilən bütün qənimətləri özləri ilə aparırdılar. Ancaq Meri Selestdə hər hansısa xəsarət izləri yox idi. Gəminin göyərtəsində və döşəməsində güllə və ya barıt izinə rastlanmaması, səbəbindən atışma ehtimalıda istisna edilirdi.
Gəminin sonu
[redaktə | mənbəni redaktə et]Hadisədən sonra gəminin ən böyük səhmdarı Ceyms Vinçester gəmini satmaq qərarına gəldi. Gəmidə yaşanan uğursuzluqlar, səbəbindən gəminin özü və atası üçün bədbəxlik gətirəcəyinə inanan, Ceyms gəmini qiymətindən iki dəfə ucuz qiymətə satmışdır. Gəminin satılmasından sonrakı 13 il ərzində gəmi 17 nəfərə satılmışdır. Meri Selestin sonuncu kapitanı və sahibi G.C. Parker olmuşdur. O, gəmini sığorta şirkətindən pul almaq məqsədi ilə, Karib dənizində batırmağa cəhd etmişdir. Sonrakı cəhdlərdə isə Parker gəmini yandırmaq istəmiş, lakin gəmi tam yanmamışdır. Yanğın əsnasında, ilkin axtarışlar zamanı tapılmamış kapitan Benjamin Briqsə məxsusu hərəkət planıda yanmışdır. Sığorta şirkəti, pul almaq məqsədi ilə, Parkerin gəmiyə bilərəkdən zərər vurmasını iddia etmişdir. Bu səbəbdən Parker, sığorta şirkəti tərəfindən məhkəməyə verilmişdir. Məhkəmənin davam etdiyi müddətdə G.C Parker naməlum səbəbədən vəfat etmişdir. Parker sığorta şirkətindən pul ala bilməsə də, gəmiyə ciddi ziyan vurmuşdu. Parkerin ölümündən sonra Meri Selest sahibsiz və baxımsız qaldı. Gəminin sonrakı taleyi haqqında yalnız tərsanələrin birində çürüyənə qədər saxlanıldığı və sonradan hissələrə ayrılmasıdır.
Ehitmallar və iddialar
[redaktə | mənbəni redaktə et]1872-ci ilin 4 dekabr tarixində, gəminin tərk edilməsi haqqında, onlarla iddia vardır. Bu iddialardan böyük bir qismi ehtimallar əsasında, formalaşan əsasız fikirlərdir. XIX əsrin sonlarına yaxın Londonda nəşr olunan hər bir qəzet, gəminin tərk edilməsi haqqında öz fikirlərini yazırdı. Əhali arasında olan ən əsas fikir isə Meri Selestin lənətlənməsi və bu səbəbədən kabus gəmiyə çevrilməsi idi.
Dəniz quldurlarının hücumu
[redaktə | mənbəni redaktə et]Meri Selest Nyu-York limanından İtaliyanın Cenova limanına hərəkət edirdi. İddialara görə bu dəniz xətti Osmanlı imperiyasının donamasının nəzarəti altında idi. Gəmi Cəbəllütariq boğazına daxil olandan sonra osmanlı dənizçilərinin hücumuna məruz qalmış və hamısı öldürülmüşdü. Bu iddianın yanlış olduğu bir neçə mənbədə göstərilən faktlarla sübut olunur. İlk öncə dənizçilər Azor adaları və Cəbəllütariq boğazı istiqamətində heç vaxt dəniz quldurlarının hücumlarına məruz qalmamışdılar. Bunun əsas səbəbi ərazilərin İspaniya və Böyük Britaniyanın donanma bazalarına yaxın olması idi. Digər tərəfdən gəmiyə quldurlar tərəfindən hücumun olmasını göstərən hec bir iz yox idi. Şəxsi heyətin əşyalarının belə yerində olması, dəniz quldurları tərəfindən Meri Selestə hücumun olmas ehtimalını istina edirdi.
Dei Qartia heyəti tərəfindən hücumun gerçəkləşdirilməsi
[redaktə | mənbəni redaktə et]Bəzi iddialara görə Meri Selest gəmisinin heyəti Dei Qartia gəmisinin heyəti tərəfindən öldürülmüşdü. Meri Selestə olanlar öldürüldükdən sonra, Dei Qartia gəmisinin kapitanı cəsədləri suya atmağı əmr etmiş, daha sonra sığorta şirkətindən pul almaq məqsədi ilə gəmi limana gətirilmişdi. Bu iddianın əsasız olmasını üç faktla sübut edilir. İlk öncə Dei Qartia gəmisinin kapitanı bütün dənizçilər arasında şərəfli insan kimi tanınırdı həm də, kapitan Benjamin Briqsin yaxın dostu idi. Bu səbəbdən kapitanın Briqs ailəsini öldürməsi ehtimalı zəifləyirdi. Digər tərəfdən gəmidə hər hansısa zorakılığ əlamətləridə yox idi. Üçüncü ehtimal isə Dei Qartia Meri Selestdən bir həftə sonra yola çıxmışdı, bu səbəbdən dənizdə hər iki gəminin qarşılaşmaq ehtimalı yox idi.
Sığorta şirkətindən pul qopartmaq
[redaktə | mənbəni redaktə et]Meri Selestlə bağlı keçirilən məhkəmə dinləmələri zamanı, əsas iddialardan biridə, sığorta şirkətindən pul almaq idi. İddianı zəiflədən səbəb şirkətin gəmi sahibinə ödəyəcəyi, pulun elədə böyük məbləğ olmaması idi. Digər tərəfdən gəmi Ceyms Vincesterin adına qeydiyyata alınmışdı və bu işdən Benjamin Briqsə hec bir xeyir gəlmirdi.
Fırtına
[redaktə | mənbəni redaktə et]Meri Selest fırtına ilə rastlaşdı və gəminin heyəti kiçik qayıqların birinə əyləşdilər, əsas ehtimallardan biri gəmi heyətinin gəminin bata bilmə riskinin olması səbəbindən gəmini tərk etmələridir. Dei Qartia gəmini aşkarlayanda suçıxarma sistemlərindən biri işləyirdi və göyərtədə dizə qədər su vardı. Fırtına anında kapitanın gəmini boşaltmaq barədə qərar qəbul etməsi, gəmidə arvadı və kiçik qızının olması səbəbindən real görsənirdi. Bu iddia digərlərinə nisbətən daha real görsənir. Ancaq iddiaya uyğun gəlməyən bir məqam vardır. 1872-ci iln noyabr və dekabr aylarında gəminin aşkarlandığı ərazidə, heç bir fırtına baş verməmişdir. Əraziyə yaxın olan ingilis donamasının arxivlərində, yalnız yanvar ayından etibarən fırtınaların başlandığı yazılır.
Dənizdə zəlzələnin baş verməsi
[redaktə | mənbəni redaktə et]Son zamanlarda yaranmış bir iddiaya əsasən, gəmi suyuna altına baş vermiş tektonik hərəkətlənmə nəticəsində boşaldılmışdır. Zəlzələ baş verdiyi anda, gəmi heyəti zirzəmiyə enmişdilər. Burada 1701 varil həcmində spirtli içki vardı. Gəminin yırğalanması nəticəsində çəlləklərdən üçü aşmışdır. Çəlləklərin aşması nəticəsində, əmələ gələn spirt buxarı, heyətin başını gicələndirmişdir. Bu səbəbdən kapitan su çıxarma sistemlərindən birini işə salıb, bütün heyətlə kiçik qayıqda dənizə enmişdir. Ərazinin tektonik baxımdan fəal olması, bu iddianı baş verə biləcəyini göstərir. Ancaq kapitanın hərəkət planında zəlzələnin baş verməsi barədə, heç bir qeyd yox idi. Ən əsası Azor adaları sahillərində, yerləşən müşahidə məntəqlələri həmin il ərazidə zəlzənin baş verməsi barədə məlumat verməmişdilər.
Ehtimallardan biridə Sunaminin baş verməsidir. Gəminin üzərinə hündür dalğalar hücum etmiş və şəxsi heyəti gəmini tərk etməyə məcbur etmişdir. İddianı zəiflədən məqam, kapitanın sunami vaxtı, daha təhlükəli kiçik qayığa minməsidir. Yalnız bir səbəbdən bu təhlükəyə qarşı, heyət qayığa minə bilərdi. Həmin səbəb isə Meri Selestin göyərtəsində 4 tondan artıq suyun toplanması ehtimalıdır. Sunamilər gəmilərə heç vaxt ciddi təsir etməmişdir. Bunun əsas səbəbi, sunamilərin okeanların dərinliklərində, baş verməsi idi.
Leysan ehtimalı səslən iddialardan, nisbətən zəifi hesab olunur. İddiaya əsasən, leysan yağışı altına gəminin göyərtəsi su ilə dolur. Kapitan gəmini boşaltmağı əmr edir və heyət kiçik ölçülü qayığa minirlər. Bu iddianı sübut edən yeganə dəlil, suçıxarma sistemlərindən birinin işə salınması idi. Digər tərəfdən leysanın nə qədər şiddətli olmasından aslı olmayaraq, Meri Selest kiçik qayığa nisbəsətən daha etibarlı idi.
Partlayış
[redaktə | mənbəni redaktə et]Bu ehtimal ən real ehtimaldır. Gəminin arxa hissəsində olan dəniz kəndirinin asılı vəziyyətdə aşkarlanması bu ehtimalı daha da gücləndirir. Gəminin zirzəmisində 1701 varil həcmində spirtli içki vardı. Axtarışlar zamanı, spirt dolu çəlləklərin bəziləri boş şəkildə tapılmışdır. Gəminin döşəməsi tez alışan meşə ağacından emal edilmişdi. Gəminin yırğalanması əsnasında, bir neçə çəllək dolusu spirtli içki döşəməyə aşmışdır. Bununla gəminin döşəməsi spirtin təsirindən buxarlanma vermişdir. Kapitanın ailə üzvüləri bundan təşvişə düşmələri tam realdır. Digər heyət üzvüləridə, kəskin spirt iysindən, baş gicələnmə yaşaya bilərdilər. Döşəmənin tez alışan olması partlayış ehtimalını artır. Ancaq gəmidə heç bir partlayış izinə rastlanmamışdır. Kapitan Benjamin Briqs partlayışın həran ola biləcəyindən ehtiyatlanırdı. Bu səbəbdən 7 nəfərdən ibarət şəxsi heyəti və 2 nəfər sərnişini kiçik qayıqa endirdi. Meri Selestə məsafənin itməməsi üçün 30 metr uzunluğunda dəniz kəndirin bir uçu Meri Selestin arxa digər uçu isə qayıqın arxa hissəsinə bağlanmışdı. Bu şəkildə gəmidə yarana biləcək, hər hansısa, partlayış halında hec kəsə xəsarət almayacaqdı. Kapitanın digər tərəfdən göyərtədə yaranmış spirt buxarının dağımasını gözləyirdi.
Hər şey ilk görünüşdən uğurlu gedirdi. Qayıq 2 saat müddətində Meri Kalestin arxasında hərəkət edir. Qayıqda böyük ehtimalla avar çəkilmirdi, bunun səbəbi qayığın Meri Selestə bağlanmış dəniz kəndiri hesabına, avarlardan daha sürətlə hərəkət etməsi idi. Bir anda külək sürətlənməyə başladı. Dəniz kəndirinin dartılması nəticəsində qayıqda sürətlənirdi. Bu an gözlənilməz hadisə baş verdi. Dəniz kəndiri Meri Selestdən qopdu. Küləyin təsiri ilə Meri Selest sürələ qayıqdan uzaqlaşırdı. Alimlərin hesablamlarına əsasən, bu hadisə 1872-ci ilin noyabrın son günlərinin birində baş vermişdi. Carəsiz vəziyyətdə qalan heyət təxminən 10 saata qədər avar çəksələrdə, qarşılarına heç bir gəmi çıxmamışdır. Bu iddianı gəminin arxa hissəsində asılı şəkildə Dei Qartianın heyəti tərəfindən tapılmış dəniz kəndiridə sübut edir. Aparılan araşdırmalar əsnasında itkin düşənlərdən heç kimin cəsədi tapılmamışdır. Gəminin arxa hissəsində kəndirin qopmasından sonra, Meri Selest 1400 km məsafəni küləyin təsiri ilə hərəkət etmişdir. Digər iddialara nisbətən daha real görsən bu iddianı inkar edəcək heç bir dəlil tapılmamışdır.
Gəminin heyəti
[redaktə | mənbəni redaktə et]Adı | Vəzifəsi | Miliyyəti | Yaşı |
---|---|---|---|
Benjamin Briqs | Kapitan | 37 | |
Albert Ricardson | Bosman | 28 | |
Andrey Qilinq | Köməkçi kapitan | 25 | |
Edvard Hed | Xidmətçi və aşpaz | 23 | |
Volkert Lorenson | Matros | 29 | |
Arian Martens | Matros | 35 | |
Boy Lorenson | Matros | 23 | |
Qotleb Qotesqal | Matros | 23 |
Sərnişinlər
[redaktə | mənbəni redaktə et]Adı | Məlumat | Yaşı |
---|---|---|
Sarah Elizabet Briqs | Kapitanın həyat yoldaşı | 30 |
Sofia Matilda Briqs | Kapitanın qızı | 2 |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Albert Ricardson
-
Sara Briqs
-
Sofia Briqs
-
Gəmi heyətinə daxil olmayan Benjamin Briqsin oğlu Artur Brinqs
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- The Saga of the Mary Celeste: Ill-Fated Mystery Ship, Stanley T. Spicer - ISBN 0-88999-546-X
- The Bermuda Triangle Mystery Solved, Lawrence David Kusche - ISBN 0-87975-971-2
- Ghost Ship: The Mysterious True Story of the Mary Celeste and her Missing Crew, Brian Hicks - ISBN 0-345-46391-9
- The "Mary Celeste", John Maxwell - ISBN 87-15-01118-6
- Nyu-York Tayms; February 26, 1873; pg. 2; "A Brig's Officers Believed to Have Been Murdered at Sea."
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şəkil və video
- Gəmi ilə bağlı məlumatlar Arxivləşdirilib 2008-06-01 at the Wayback Machine
- Meri Kalestin rəsmi saytı
- Meri Kalest sirrin pərdə arxası
- Project Gutenberg – Artur Konan Doylun nəzəriyyəsi
- BBC News Meri Kalest haqqında
- NUMA saytında şəkil və videolar Arxivləşdirilib 2008-05-14 at the Wayback Machine
- J. Habakuk Jephson's və Artur Konan Doyl Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine
- Mary Celeste Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine
- "Pantom gəmi" (1936)