Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Naxçıvanda dövlət çevrilişinə cəhd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naxçıvanda dövlət çevrilişinə cəhd
Birinci Qarabağ müharibəsi
Tarix 24 oktyabr 1992
Yeri Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Nəticəsi Çevriliş cəhdi yatırıldı
Münaqişə tərəfləri
Komandan(lar)
Tərəflərin qüvvəsi

200 nəfərlik DQ hərbçisi
100 nəfərlik AXC döyüşçüsü

Naməlum sayda canlı qüvvə
50 mindən çox etirazçı

İtkilər

Naməlum

2 nəfər DİN əməkdaşı yaralanmışdır
2 nəfər mülki şəxs yaralanmışdır

Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd.

Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir.

İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir.

24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir. Televiziya sədri öz otağında həbs edilmiş, silahlı dəstələrə rəhbərlik edən Fərəc Quliyev və Asəf Quliyev isə canlı efirə çıxmışdır. Bunun ardınca etirazçılar televiziya, DİN və Ali Məclis binalarının önündə toplaşaraq silahlı dəstələrin tərkisilah edilməsini tələb etmişdir. Həmin dəstələr axşam saatlarında mövqelərini tərk etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti SSRİ tərəfindən işğal edildikdən sonra qurulmuş Azərbaycan SSR iki yerə bölünmüş və Naxçıvanda muxtar respublika yaradılmışdır. Bu dövrdə Naxçıvana nəzarət Türkiyə ilə sovetlər arasında mübahisə mövzusuna çevrilmişdi. Sovet hakimiyyət 1921-ci ildə Moskva müqaviləsi çərçivəsində muxtariyyət verilməsi şərtilə təsdiq edilmişdir.[1] Türkiyə 1921-ci il Moskva və Qars müqavilələrində təsbit edildiyi kimi Naxçıvanda muxtariyyətin rəsmi qarantorudur, bu səbəbdən 1990-cı illərdə Naxçıvanda və onun ətrafında zorakılığın miqyası məhdud olmuşdur.[2] Buna baxmayaraq, Birinci Qarabağ müharibəsi illərində Naxçıvan Ermənistanın blokadasına məruz qalmışdır.[3]

Siyasi vəziyyət

[redaktə | mənbəni redaktə et]

1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Bu ərəfədə güclənən Azərbaycan Xalq Cəbhəsinin (AXC) Ali Məclisinin sədri Arif Hacıyev Azərbaycan Prezidenti Ayaz Mütəllibova ultimatum göndərmiş, ona təhlükəsizlik və istədiyi halda ölkədən getməyə zəmanət verilməsi ilə istefa etməsini təklif etmişdir. Əks təqdirdə, AXC güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi.[4] Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələrinin Xocalıda törətdiyi soyqırımı növbəti ay işıq üzünə çıxmış,[5] nəticədə Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədova həvalə edilmiş, müdafiə naziri vəzifəsi isə AXC üzvü Rəhim Qazıyevə verilmişdir.[6]

AXC hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Buna baxmayaraq, 14 mayda Ali Sovet yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.[7] Bunu dövlət çevrilişi kimi görən AXC Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı.[8] 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə parlament binasınateleviziyaya basqın etdi. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.[7] AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdir.[9]

17 avqust 1992-ci ildə yeni daxili işlər naziri İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Daxili İşlər Nazirliyi (DİN) başçısı təyin etmiş, 24 avqustda Naxçıvan DİN-in 1,500 əməkdaşı ümumi yığıncaqda Mustafayevin təyinatının əleyhinə müraciət qəbul edilmiş və qəbul edilən tələblər Bakıdakı mərkəzi hökumətə göndərilmişdir.[10] Ardınca Həmidov Naxçıvan MR DİN-in fəaliyyətini yoxlamaq məqsədli komissiya göndərmişdir.[11] Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu zaman İrana səfərə getmişdi və yaranmış gərginliyi aradan qaldırmaq üçün Həmidovla danışmaq istəmiş, lakin onun telefon əlaqə yaratmaq səyləri cavabsız qalmışdır. Ardınca Əliyev Ali Sovetin sədri İsa Qəmbərov və prezident Elçibəyə məsələ ilə bağlı məlumat vermiş, lakin danışıqlar müsbət nəticələr verməmişdir.[12]

Naxçıvan Ali Məclisinin 17 sentyabrda keçirilən sessiyasında Əsgər Ələkbərov daxili işlər naziri seçilmiş,[13] Bakıdan gələn təyinat təsdiqlənməmişdir.[14] Həmidov əvəzində Ali Məclisi "15 dəqiqəyə darmadağın" edə biləcəyini bildirmiş,[15] təyinat olunan gün Ələkbərovu, o cümlədən onun müavini, kadr bölməsinin rəisini, nazirliyin Mühafizə şöbəsinin rəisini, nazirliyi qərargah rəisini, nazirliyin İctimai təhlükəsizlik və asayişi mühafizə şöbəsinin rəisi və İstintaq şöbəsinin rəisini daxili işlər orqanlarından xaric etmişdir.[13] Növbəti gün Naxçıvan Ali Məclisi AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması və onlarda olan bütün silahların Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrə verilməsi barədə qərar qəbul edilmişdir.[16] 15 oktyabrda Naxçıvan Ali Məclisinin qərarı ilə Həmidovun hərəkətlərini pislənmiş, Azərbaycan Prezidenti və Ali Sovetindən məsələyə müdaxilə edilməsini xahiş edilmişdir.[17]

Heydər Əliyev çevrilişə cəhd zamanı Naxçıvan Muxtar Respublikasının rəhbəri idi.

24 oktyabrda[18] Daxili Qoşunlara bağlı hərbi desant Naxçıvana göndərilmişdir.[19] Aralarından 100 nəfəri Naxçıvan Xalq Cəbhəsinin Ordubad rayonundan olan üzvlərindən təşkil olunmuş 300 nəfərlik qüvvələrə[20] zirehli vasitələrlə,[21] saat 16:00 radələrində Naxçıvan MR DİN-in binasına daxil olmuşdur. Silah dəstəyə AXC Ordubad bölgəsinin sədri Fərəc Quliyev, AXC Naxçıvan bölgəsinin sədri Asəf Quliyev, Naxçıvan MR xalq deputatı Vaqif Almuradov və daxili işlər naziri İsgəndər Həmidov tərəfindən uğursuz olaraq regional DİN təyin edilmiş Siyavuş Mustafayev rəhbərlik edirdi.[22] Əlavə olaraq, basqınçılar arasında Azərbaycan Milli Ordusunun Naxçıvandakı hərbi hissəsinin hərbi qulluqçuları da var idi.[23]

Silahlı dəstələr nazirliyin binadakı əməkdaşlarını işdən kənar etmiş və bir neçə saat DİN binasını öz əllərində saxlamışdır.[24] Onlar binanın tavanına və divarlarına atəş açaraq binaya ziyan vurmuşdur.[23] Həmçinin, həmin dəstələr DİN binasının önündəki küçəni hər iki tərəfdən yük maşını ilə bağlamışdır.[25] Onlar yarım saat sonra silah gücü ilə Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsini, televiziya mərkəzini və studiyasını da zəbt etmiş, oradakı adamlar işdən kənarlaşdırmışdır.[24] Həmçinin, qurumun sədri Elman Həbib öz otağında həbs edilmişdir.[25] Saat 16:40 radələrində televiziyanın sədr müavini Fəridə Abdullayevanın köməyi ilə Fərəc Quliyev və Asəf Quliyev televiziya vasitəsilə çıxış etmişdir.[26] Çıxışçılar baş verən hadisələrinin Bakıdakı mərkəzi hökumət, daxili işlər naziri İsgəndər Həmidov və prezident Əbülfəz Elçibəy ilə razılaşdırılmış olduğunu, Həmidovun növbəti gün Naxçıvana gələrək regionda qayda-qanun yaradacağını elan etmişdir. Bu zaman etirazçılar televiziya binasının önünə yığışmışdır və bu səbəbdən silahlı dəstələr binadan çıxa bilməmişdir. Bundan sonra silahlı dəstələrə bağlı zireh texnika televiziya binası önünə gəlmiş və basqınçıların təhlükəsiz formada binanı tərk etməsi üçün televiziyanın darvazasını uçuraraq həyətə girmişdir.[26] Naxçıvan MR daxili işlər nazirinin əldə etdiyi ilkin məlumata görə, televiziyadakı avadanlıqlara 1 milyon manatadək ziyan dəymişdir. Həmçinin, Naxçıvan Elektrik Şəbəkəsi də cəbhəçilər tərəfindən nəzarətə götürülmüş, Rabitə İdarəsinə basqın edilmişdir.[22]

Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev hadisədən xəbər tutduqdan sonra Naxçıvan Xalq Cəbhəsinin rəhbərləri ilə əlaqə qurmuş, onlara bağlı hissələrin əməllərinə son qoymalarını tələb etmişdir. Naxçıvan MR Milli Təhlükəsizlik naziri Ağabəy Məmmədov bu məqsədlə Asəf Quliyev və Fərəc Quliyevlə danışıqlar aparmış, lakin bu danışıqlar müsbət nəticə verməmişdir. Ardınca Heydər Əliyevin müavini və AXC üzvü Qafar Məmmədov danışıqlar aparmaq üçün DİN binasına göndərilmiş, lakin ora buraxılmamışdır.[25] Dövrün Naxçıvan dövlət mənbələrinə görə, Heydər Əliyev öz müavinləri Qafar MəmmədovAsif Kələntərli ilə birlikdə prezident Əbülfəz Elçibəylə əlaqə saxlayıb ondan qoşunları çəkməsini istəmiş, lakin lazımi tədbirlərin görülmədiyini bildirmişdir.[27] Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev sonrakı illərdə Heydər Əliyevin ifadələrinə baxmayaraq Elçibəyin baş verənləri sülh yoluyla aradan qaldırdığını qeyd etmişdir.[19]

Hər halda, şəhər və rayonlardan gəlmiş 50 mindən çox etirazçı[28] Ali Məclisin binasının önündə toplaşmış, Həmidovun qoşunlarının tərkisilah edilməsini tələb etmişdir.[22] Saat 20:00 radələrində Heydər Əliyev etirazçılar qarşısında çıxış etmiş, onları düşünülməmiş addımlar atmamağa çağırmış, basqınçılara isə xəbərdarlıq vermişdir.[29] Bir saat sonra silahlı dəstələr DİN binasını tərk etmişdir. Geri çəkilərkən onlar tərəfindən bina önündəki etirazçılara odlu silahlardan, "BMP-2", "MT-LB" hərbi zirehli maşınlarından atəş açılmışdır.[30]

Naxçıvan DİN qərargahının baş müvəkkili N. Nadirovun rəhbərliyindəki dəstə Siyavuş Mustafayevi saxlamışdır. Nadirovun sözlərinə görə, prokuror Əjdər Əhmədov Mustafayevlə görüşmüş və onu azadlığa buraxmışdır.[31] Ordubad rayon Daxili İşlər Şöbəsinin (DİŞ) rəisi İlqar Məmmədov DİN binasına basqının təşkilatçılarından biri kimi saxlanılmış, lakin o, eyni zamanda Naxçıvanın xalq deputatı olduğundan onun həbs olunmasına sanksiya qoyulmuşdur.[23] Televiziyaya basqın nəticəsində 4 nəfər yaralanmışdır. Onlardan ikisi DİŞ əməkdaşları, digər ikisi isə mülki şəxs idi.[22]

Çevrilişə cəhd edən qüvvələrin mövqelərini tərk etməsinə baxmayaraq, etirazçılar yenidən Naxçıvan Ali Məclisinin önünə toplanmış və 25 oktyabrda, saat 04:00 radələrində dağılışmışdır. Buna baxmayaraq, onlar bir neçə saat sonra yenidən bina önündəki meydana toplanmış, AXC hakimiyyətinin əleyhinə etiraz aksiyası keçirmişdir.[32] Şahidlərin ifadələrinə görə, hadisədən üç gün sonra belə Sədərək rayonu ərazisində atışmalar baş tutmuşdur.[33]

Naxçıvan Ali Məclisi 25 oktyabrda Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsindən tələb etmişdir ki, AXC bütün silahlı dəstələrini ləğv etsin və üç gün müddətinə silahları Naxçıvan ərazisində yerləşən Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsinə təhvil versin. Bu işə nəzarətin təşkil edilməsi məqsədilə Naxçıvanın xalq deputatlarından ibarət səlahiyyətli komissiya yaradılmış, Qafar Məmmədov sədr təyin edilmişdir. Buna baxmayaraq, Heydər Əliyev 7 dekabrdakı çıxışında tapşırığın yerinə yetirilmədiyini bildirmişdir.[34]

Heydər Əliyev andiçmə mərasimi zamanı. 1993-cü ilin iyunu

27 oktyabrda vəziyyət yenidən gərginləşmiş, Naxçıvana xəbər verilmişdir ki, daxili işlər naziri İsgəndər Həmidov yeni bir dəstə ilə Naxçıvana gəlməyə hazırlaşır. Bunun ardınca Naxçıvan Xalq Cəbhəsinin silahlı dəstələri Həmidovu qarşılamaq üçün Naxçıvan Beynəlxalq Hava Limanının zəbt etmişdir.[35] Həmidov təyyarədən enmiş, Naxçıvan MR Nazirlər Kabinetinin işlər müdiri Vəli ŞahverdiyevBabək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhimov İsgəndər Həmidovu qarşılayanlar arasında olmuşdur.[36] Naxçıvanlı etirazçılar yenidən Ali Məclisin önündə toplaşmış, bu dəfə Həmidovun istefasını tələb etmişdir. Bu zaman Həmidov Ali Məclisə gələrək Heydər Əliyevlə görüşmüşdür.[35] Hadisədən sonra Əliyevin əmri hava limanının uçuş-enmə zolağına təyyarə enməsin deyə ora yük maşınları yerləşdirilmişdir.[37] Heydər Əliyev bir neçə gün sonra etdiyi çıxışda İsgəndər Həmidovun uğursuz çevriliş cəhdinin ardınca Türkiyədəki "Bozqurd" təşkilatına müraciət etdiyini iddia etmiş, özünün isə Türkiyə hökumətini bu məsələ haqqında məlumatlandırmdığını qeyd etmişdir.[33]

Prezident Elçibəy hakimiyyətinin ilk ilində Birinci Qarabağ müharibəsində hərbi uğurlar əldə etmişdir. "Goranboy" əməliyyatı zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin demək olar ki, yarısı işğaldan azad edilmişdi. Buna baxmayaraq, 1993-cü ilin iyununda ordu komandiri Surət Hüseynov hərbi çevrilişlə Elçibəyi devirmiş, eks-prezident isə ardınca Heydər Əliyevi hakimiyyətə gəlməsi üçün Bakıya dəvət etmişdir.[38]

Naxçıvan Ali MəclisiAzərbaycan Ali Sovetinin bəzi deputatları hadisəni dövlət çevrilişinə cəhd kimi qiymətləndirmişdir. Naxçıvan Ali Məclisinin xalq deputatları dövlət çerilişinə cəhdi pisləmiş, ona hüquqi və siyasi qiymət verilməsini tələb etmişdir. Naxçıvan MR daxili işlər nazirinin müavini, xalq deputatı Namiq Həsənov hadisənin gözlənilməz olduğunu bildirmiş, Ali Məclisi məsələnin birdəfəlik həll edilməsinə çağırmışdır. Deputat Fəxrəddin Şirzadov hadisəni Azərbaycan Konstitusiyasının kobud surətdə tapdalanması kimi şərh etmişdir.[39]

25 oktyabrda Bakı şəhərində toplanan ziyalıların bir qrupu Naxçıvanda baş verən hadisələri pisləmiş, onu demokratiya və hüquqi dövlət prinsiplərinə, insan hüquqlarına zidd əməl adlandırmışdır.[40] 31 oktyabrda Ziya Bünyadov, Murtuz Ələsgərov, Xəlil Rza Ulutürk, Ramiz Rizayev, Fikrət İsmayılov, İbrahim İsmayılov, Eldar Salayev, Xəlil Musayev, Araz Əlizadə, Feyruz Mustafayev, Samur Novruzov, Lalə Hacıyeva, Səfyar Musayev, Əli Nağıyev, Munis Bayramov, Rafael Allahverdiyev, Mixail Zabelin, Qabil Hüseynli, Nazim İmanov, Şükür Sadıqov, Ağabəy Əsgərov, Zahid Qaralov, Xeyrəddin Qoca, Nəzir Əhmədov, Rafiq Qasımov, Həsən Əsgərov, Hacıbala Abutalıbov, Eldar Quliyev və başqaları birgə bəyanat yayaraq prezident hadisə ilə bağlı Elçibəyə müraciət etmişdir.[41]

  1. Broers, 2019a. səh. 5
  2. Broers, 2019b. səh. 11
  3. Bölükbaşı, 2011. səh. 141
  4. Əlizadə, 2006. səh. 362
  5. Əlizadə, 2006. səh. 366–376
  6. de Vaal, 2013. səh. 185–186
  7. 1 2 de Vaal, 2013. səh. 194
  8. Qolts, 2015. səh. 190–191
  9. de Vaal, 2013. səh. 308
  10. Həsənov, 2008. səh. 451
  11. Həsənov, 2008. səh. 455
  12. Həsənov, 2008. səh. 458–459
  13. 1 2 Həsənov, 2008. səh. 456
  14. Alıoğlu, 2019
  15. Şyoqolev, 1992
  16. Həsənov, 2008. səh. 478
  17. Həsənov, 2008. səh. 464
  18. Həsənov, 2008. səh. 495
  19. 1 2 Meydan TV, 2021
  20. Həsənov, 2008. səh. 473
  21. Həsənov, 2008. səh. 491–492
  22. 1 2 3 4 Həsənov, 2008. səh. 466
  23. 1 2 3 Həsənov, 2008. səh. 467
  24. 1 2 Həsənov, 2008. səh. 465
  25. 1 2 3 Həsənov, 2008. səh. 474
  26. 1 2 Həsənov, 2008. səh. 468
  27. Həsənov, 2008. səh. 208
  28. Abdullayev, 2014. səh. 360
  29. Həsənov, 2008. səh. 476
  30. Həsənov, 2008. səh. 476–477
  31. Həsənov, 1993. səh. 494
  32. Həsənov, 2008. səh. 477
  33. 1 2 Həsənov, 2008. səh. 494
  34. Həsənov, 2008. səh. 499
  35. 1 2 Həsənov, 2008. səh. 488
  36. Həsənov, 2008. səh. 492
  37. Əlizadə, 2006. səh. 441
  38. Broers, 2019a. səh. 13
  39. Həsənov, 2008. səh. 468–469
  40. Həsənov, 2008. səh. 470
  41. Həsənov, 2008. səh. 486

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]