Niko Rosberq
Niko Rosberq | |
---|---|
Nico Rosberg | |
Tam adı | Niko Erik Rosberq |
Doğum tarixi | |
Doğum yeri |
|
Ölkə | Almaniya |
Maşın | 6 |
Komanda | Mercedes AMG Petronas |
Formula 1 karyerası | |
Yarış sayı | 206 (206-da start alıb) |
Çempionluq | 1 |
Birincilik | 23 |
Cəmi xal | 1594.5 |
Poul sayı | 30 |
Podium | 57 |
Rekord dərəcə | 20 |
Birinci yarış | 2006 Bəhreyn |
İlk birincilik | 2012 Çin Xalq Respublikası |
Mövqeyi | 1-ci (2016) |
Vikianbarda əlaqəli mediafayllar |
Niko Rosberq (27 iyun 1985[2][3], Visbaden[1]) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir.
Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb.
Sürücülük karyerası
[redaktə | mənbəni redaktə et]Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır. Bundan sonra isə Formula 3 Euro Series-də atasının komandasında çıxış edərək üçüncü olur.2004-cü ildə ilk dəfə Formula 1 maşını ilə yaxından tanış olur–Williams-ın bolidini test etmək imkanı qazanır.2005-ci ildə ART Grand Prix komandasının tərkibində yeni yaradılmış GP2 seriyasında mübarizə aparır və bu seriyanın ilk qalibi olur.
Formula 1
[redaktə | mənbəni redaktə et]2006
[redaktə | mənbəni redaktə et]2006-cı ildə Bəhreyndə debüt yarışında podiuma yüksəlməyə çox yaxın olur. Lakin maşının burun hissəsi zədələndiyindən yalnız yeddinci yeri tuta bilir. Buna baxmayaraq, çıxdığı ilk yarışda sürətli dövrənin sahibi olur. Niko mövsüm ərzində bir də Avropa Qran Prisində yeddinci olaraq xal qazana bilir. Komanda yoldaşı Mark Uebberin 7 xal qazandığı mövsümü 4 xalla başa vurur. Bu başlanğıc həm Niko, həm də komanda üçün məyusedici olur.
2007
[redaktə | mənbəni redaktə et]Komanda 2007-ci ildə Toyota motorlarına keçir.Red Bull-a gedən Mark Uebberi Aleksander Vürs əvəzləyir. Yeni motor komandaya əvvəlki illə müqayisədə müəyyən üstünlük verir.Aleksander Vürs Kanadada podiuma yüksəlir. Həmin yarışda Niko da yaxşı nəticə göstərməyə yaxın olur. Lakin verilən 10 saniyəlik cəza, Təhlükəsizlik maşını periodunun olması və s. kimi amillərə görə bunu edə bilmir. Yeddi yarışda xal qazandığı mövsümdə ən yaxşı nəticəsi Braziliyadakı sonuncu yarışda əldə etdiyi dördüncülük olur. Mövsümü 20 xalla doqquzuncu yerdə tamamlayır və komanda yoldaşını qabaqlayır.
2008
[redaktə | mənbəni redaktə et]Niko 2008-ci ilə əla başlayır və Avstraliyada karyerasında ilk dəfə podiuma yüksəlir. Lakin uğurun davamı gəlmir. Növbəti yarışlarda xal zonasında düşməkdə çətinlik çəkir.Sinqapurda sonradan qalmaqala səbəb olmuş yarışda isə Fernando Alonsodan sonra ikinci yeri tutur və mövsümdə ən yaxşı nəticəsini əldə edir. Yekunda 17 xalla 13-cü olur.
2009
[redaktə | mənbəni redaktə et]2009-cu il isə sabit keçir – Niko demək olar ki, hər yarışda xal zonasına düşə bilir. Komanda yoldaşı Kazuki Nakacimanın heç bir xal qazanmadığı mövsümü 34.5 xalla yeddinci yerdə başa vurur. Niko oktyabr ayında mövsümün sonunda Williams-dan ayrılacağını bildirir və bu barədə belə deyir:"Williams məni karyeramın hər bir anında dəstəkləyib və buna görə minnətdaram. Lakin mən qələbələr qazanmaq istəyirəm və Williams-da buna nail olacağıma inanmıram". Noyabrın 16-da Mercedes-in Brawn GP komandasını aldığı açıqlanır. Bundan bir həftə sonra isə Nikonun növbəti mövsümdə Mercedes-in tərkibində çıxış edəcəyi elan olunur. Onun komanda yoldaşı isə Formula 1-ə üç mövsülmük fasilədən sonra yenidən qayıdan əfsanəvi Mixael Şumaxer olur.
2010
[redaktə | mənbəni redaktə et]Niko mövsüm ərzində bir çox yarışda yeddiqat dünya çempionundan daha yaxşı nəticələr əldə edir.Malayziya,Çin və Britaniyada üçüncü yeri tutaraq podiuma yüksəlir. Yekunda 142 xal toplayır və 72 xalı olan Mixael Şumaxeri iki dəfə üstələyir. Mixael ilk dəfə tam yarışdığı mövsümdə komanda yoldaşına məğlub olur. Lakin bu son olmur.
2011
[redaktə | mənbəni redaktə et]2011-ci ildə komandanın sürücülərinə podiuma çıxmaq nəsib olmasa da, Niko daha sabit çıxış edir. Mövsümün sonunda 89 xal toplayır, Mixaelin xalı isə 76 olur.
2012
[redaktə | mənbəni redaktə et]2012-ci ildə komanda yenə orta yerlərdə qərarlaşır. Niko Çində karyerasının ilk qələbəsini əldə edir.Monakodakı yarışda Mixael poulu qazanır, lakin İspaniyada keçirilən əvvəlki yarışda Bruno Senna ilə insidentinə görə startda beş yer itirmək cəzası alır və Monte Karloda yarışa altıncı yerdən başlayır. Lakin yarışı tamamlaya bilmir. Niko isə finiş xəttini ikinci keçir.Valensiyada xaotik yarışda Mixael Şumaxer Mercedes-dəki yeganə podiumunu qazanır. Mövsümün son altı yarışı komanda üçün bərbad keçir və bu yarışlarda yalnız bir dəfə xal qazana bilirlər – Mixael Braziliyada yeddinci olur. Yekunda Rosberq 93, Mixael Şumaxer isə 49 xal toplayır. Niko Rosberq birlikdə yarışdıqları hər üç mövsümdə Mixael Şumaxeri məğlub edir.
2013
[redaktə | mənbəni redaktə et]Mixael Formula 1 karyerasını başa vurur. Nikonun yeni komanda yoldaşı isə yaxşı tanıdığı uşaqlıq dostu Lyuis Həmilton olur. 2013-cü ildə Mercedes sürücüləri titul uğrunda mübarizəyə qoşula bilmirlər. Niko Monako və Britaniyada,Lyuis Hemilton isə Macarıstanda qalib gəlir. Yekunda Niko 171, Lyuis Hemilton isə 189 xal toplayır.
2014
[redaktə | mənbəni redaktə et]2014-cü ildə turbo motorlara keçid komanda və iki sürücü üçün çox əlamətdar olur.Mercedes rəqibləri üçün əlçatmaz olur, çempionluq uğrunda mübarizə isə Niko və Lyuis Hemilton arasında gedir.Lyuis Hemilton 11, Niko 5 qələbə qazanır. İkili 11 yarışda podiumun ilk iki pilləsini tutur. Çempionluq mübarizəsi ikiqat xalların verildiyi Əbu Dabi yarışına qədər davam edir. Lakin Lyuis Hemiltonun qalib gəldiyi həmin yarışda Niko pouldan başlasa da, problemlərə görə yalnız 14-cü ola bilir. Mövsüm çempionluq mübarizəsindən əlavə, ikilinin münasibətlərinin soyumasına da səhnə olur.Monakoda sıralanma turunda baş verənlərə görə Lyuis Hemilton Nikonu ittiham edir.Belçikada ilk dövrədəki qəzadan sonra isə münasibətlər kəskinləşir.
2015
[redaktə | mənbəni redaktə et]2015-ci ilə Lyuis Hemilton yaxşı start verir, Niko isə İspaniya Qran Prisindən etibarən başabaş mübarizə aparır. Monakoda komanda Lyuis Hemiltonu pit-stopa çağıraraq qələbəni əlindən alır. Niko isə Monte Karloda ardıcıl üç qələbə qazanaraq Qrəhəm Hill,Alen Prost və Ayrton Sennadan sonra bunu bacaran dördüncü sürücü olur.Avstriyadakı birincilikdən sonra Niko üçün qələbəsiz seriya başlayır.Lyuis Hemilton isə ABŞ Qran Prisinə qədər səkkiz yarışdan altısında qalib gəlir və Ostində üçüncü titulunu rəsmiləşdirir.Suzukada və Ostində trasda baş verən insidentlər,ABŞ Qran Prisində podium mərasimindən əvvəl baş verənlər onların bir- birinə qarşı bütün xoş münasibətlərini bitirir. Niko mövsümün qalan üç yarışında qalib gəlir. Lyuis Hemilton demək olar ki, hər müsahibəsində Nikonun "bostanına daş atır", lakin Niko onun sözlərinə əhəmiyyət vermir.
2016
[redaktə | mənbəni redaktə et]Rosberqin uğurlu seriyası 2016-cı ilin əvvəlində də davam edir. İlk dörd yarışda qalib gələrək qələbə seriyasını yeddiyə yüksəldir və Mixael Şumaxerlə Alberto Askarinin uğurunu təkrarlayır.İspaniyada Lyuis Həmiltonla yaşanan insidentə görə hər iki Mercedes sürücüsü yarışxarici qalır. Niko isə uğursuzluq zolağına düşür. Hər nə qədər Bakıda əzmkar qələbə qazansa da,Lyuis Həmilton ardıcıl qələbələrlə aradakı böyük xal fərqini bağlayaraq yay fasiləsindən əvvəl liderliyə yüksəlir. Fasilədən sonra isə Niko sanki özünə gəlir.Belçika,İtaliya və Sinqapurda ardıcıl üç qələbə ilə yenidən çempionatda liderliyə yüksəlir.Malayziyadakı yarış da onun xeyrinə olur – startda ilk döngədəki insidentdə xeyli yer itirsə də,Lyuis Həmiltonun motoru partlayaraq finişə çata bilmədiyi yarışda üçüncü yeri tutur və xal fərqini artırır.Yaponiyadakı qələbə isə çempionluğa doğru atılmış son inamlı addım olur.
Niko son yarışlarda ancaq onu qane edən nəticələr üçün yarışacağını, riskə getməyəcəyini bildirir. Çünki motor ehtiyatı demək olar ki, tükənmişdi. Eyni problemi mövsümün gedişində Lyuis Hemilton da yaşamış, buna görə də Belçikada əlavə güc qurğuları götürmüşdü. Mövsümün son dörd yarışının hamısında Lyuis Hemilton qalib gəlir. Niko isə bütün bu yarışlarda ikinciliyi heç kimə verməyərək lazım olan nəticəni təmin edir,Lyuis Hemiltonun Əbu Dabi yarışının son dövrələrində etdiyi hər şeyə baxmayaraq titulun sahibi olur. Niko Rosberq qazandığı titulla Rosberqlər ailəsinin ikinci çempionu olub.Keke Rosberq və Niko Qrəhəm ilə Deymondan sonra çempion olan ikinci ataoğuldurlar. Niko çempionluqdan cəmi beş gün sonra, dekabrın 2-də Mercedes ilə daha ikiillik müqaviləsinin olmasına baxmayaraq, gözlənilmədən bir çempionluq, 23 qələbə və 57 podium qazandığı karyerasını tamamladığını açıqlayır. Rosberq bu addımı artıq istədiyi hər şeyi əldə etdiyi və ailəsinə daha çox vaxt ayırmaq istədiyi üçün atdığını bildirir. Komandadan iki il ərzində alacağı maaşı və bir çox sponsorluq müqavilələrini nəzərə alsaq, Niko hardasa 50 milyon dollarlıq sərvətdən imtina etmiş olur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1020819227 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Nico Erik Rosberg // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Nico Rosberg // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671