Ramiz Qusarçaylı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Qusarçaylı
Ramiz Həmzəyev
Doğum adı Ramiz Mürsəl oğlu Həmzəyev
Təxəllüsü Ramiz Qusarçaylı
Doğum tarixi 25 dekabr 1958(1958-12-25) (65 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti şair, publisist
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət poeziya
İlk əsəri “Bağban” şeiri (“Azərbaycan gəncləri” qəzeti, 1975)
Üzvlüyü
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı

Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu; 25 dekabr 1958, Çartəpə, Quba rayonu) — Azərbaycan şairi və publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2002–2015; 2022–indi). "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisi.

Ramiz Qusarçaylı 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) almışdır. 1977–1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda", Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya Znamya" qəzetlərində oçerk və məqalələr dərc edilmişdir.

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat" jurnalı redaksiyasında, "Zaman" Beynəlxalq qəzetində,Tula və Donetsk vilayətlərində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.

Hazırda Azərbaycan Respublikası "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, "Bağban" adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir.[1]

17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı" təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir.

1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı" adlı ədəbi məclis yaratmış və hazırda məclisə sədrlik edir. 1994-cü-ü ildə "Ay işığı" adlı ədəbi məclisinin bazasında Azərbaycan Yazıçılar Birliyi Quba bölməsi təsis olunmuşdur. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2002-ci ildən 2015-ci ilə kimi Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri olmuş, 2022-ci ildən yenidən Quba bölməsinin sədri təyin olunmuşdur. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, İsa Həbibbəyli, Şahin Fazil, Teymur Bünyadov, Nizami Cəfərov, Nadir Məmmədli, Anar İsgəndərov, Vaqif Arzumanlı, Famil Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Qafar Cəbiyev, Eynulla Mədətli, Davud Nəsib, Vaqif Yusifli, Rüstəm Kamal, Əlibala Məhərrəmzadə, Ramiz Əskər, Nazim Muradov, Nəriman Əbdülrəhmanlı, Allahverdi Eminov, Nazif Qəhrəmanlı, Aydın Qacar, Həmid Abbas, Fəxrəddin Oruc Qəribsəs, İlham Abbasov, Əmir Pəhləvan, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd, Südabə Ağabalayeva və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər.

"Çörəyim daşdan çıxır", "Ömür qapıları", "Bir çiçək axşamı", "Nə ğözəldi yolun, Allah", "Eşşəknamə", "Almalı kitab" və "Gedəsən dünyanın axırınacan" və "Vətən" adlı şeir və poemalar, "Göyəm ağacı" adlı tərcümə kitablarının, "Quba" adlı foto-albomun, "Ay işığı" adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir.

Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının şairin həyat və yaradıcılığına həsr etdiyi "Təbiət, qeyrət, həqiqət şairi", tarix elmləri doktoru, professor, şair-tərcüməçi Şahin Fazilin "Sözləri ecazdı Qusarçaylının", şair-publisist Zakir Məmmədin "Haqqın cəlalı Qusarçaylı şeirində", şair-publisist Gülarə Aydının "Məni yaman tutub şeir havası" və şair-rəssam Qərib Aşkarinin "Əlini ver, Qusarçaylı" adlı kitabları dərc edilib oxucuların ixtiyarına verilmişdir.

Ümumiyyətlə şairin həyat və yaradıcılığına 700-dən artıq məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılmışdır. Şeirləri ingilis, rus, ukrayna, fars, qazax, özbək və Dağıstan xalqlarının dillərinə tərcümə olunmuş, Donetsk şəhərində "Buz örtüyü" adlı topluda dərc edilmiş, kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur.

Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri "Göyəm ağacı" adlı kitabda dərc olunmuşdur.

2019-cu ildən İrak Türkmən Yazarlar Birliyinin üzvüdür.

"Ay işığı" ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. Əldə etdiyi ədəbi uğurlara görə dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşdur.

Şairin "Azərbaycan bayrağı" şeiri 8-ci sinif "Azərbaycan dili" dərslik kitabında və 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin Test kitabında yer almış, şagirdlərə tədris edilir.

  • "Çörəyim daşdan çıxır", Bakı: Yazıçı, 1989.
  • "Ömür qapıları", Bakı: Şirvannəşr, 1999.
  • Quba" (foto-albom), Bakı: 2000.
  • "Bir çiçək axşamı", Bakı: Araz, 2005.
  • "Eşşəknamə", Bakı: Araz, 2006.
  • "Nə gözəldi yolun, Allah", Bakı: Hüquq ədəbiyyatı, 2010.
  • "Almalı kitab" Bakı: Müəllim, 2012.
  • "Göyəm ağacı" (tərcümə), Bakı: 2013.
  • "Gedəsən dünyanın axırınacan" Bakı: 2017.
  • Sevgidi dünyaya qəsdim. Bakı: "Vektor" Beynəlxalq Nəşrlər Evi, 2020.
  • "Vətən", Bakı: Mücrü 2022.

2009–2010-cu il üçün Prezident təqaüdçüsü olub.

2019-cu ildə "Azərbaycan bayrağı" şeirinə görə Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata, 2022-ci ildə "Vətən" poemasına görə Əhməd Cavad mükafatına layiq görülüb.[2]

29 may 2022-ci ildə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı və fəxri diplomla təltif olunmuşdur.[3]

  1. Real TV. "Ədəbiyyatımızın vətən şairi" (az.). Youtube.com. 25.12.2023. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. AYB yeni mükafatlar təsis edib — Builki qaliblər
  3. "Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu". butov.az (az.). butov.az. 2022-05-30. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]