Sent-Luis Vaşinqton Universiteti
Sent-Luis Vaşinqton Universiteti | |
---|---|
38°38′53″ şm. e. 90°18′18″ q. u.HGYO | |
Əsası qoyulub | 1789 |
Tip | Dövlət |
Tələbə sayı | 29927 |
Şəhər | Sent-Luis şəhəri |
Ölkə | |
Sayt | washu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Sent-Luis Vaşinqton Universiteti (ing. Washington University in St. Louis) — ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]XVII əsrdə Midvest (ABŞ-nin Mərkəzi-Qərbi coğrafi regionu) ərazisində yerləşən Sent-Luis şəhərinin iş adamları, siyasətçiləri, dini liderləri və başqaları burada ali məktəbin olmamağından narahat idilər. 1853-cü ildə Sent-Luis şəhərində yeni universitet yaradılır, bu, Missuri ştatının senatoru Veyman Krounun və Unitarianizm kilsəsinin başçısı Uilyam Qrinflin Eliotun səyi nəticəsində (şair Tomas Stern Eliotun babası) baş tutur. Universitetin ilk kansleri Cozef Gibson Hoyt təyin edilir. U. G. Eliot yerli işgüzar şəxslərdən, eləcə də Sent-Luisin ən varlı insanlarından olan Con Otfallondan maddi yardım istəyir, lakin onun səyi nəticəsiz qalır.
Sent-Luis Vaşinqton Universiteti digər ali məktəblərdən ianə yardımı almamağı ilə fərqlənir. Hətta yaranmasından xeyli il keçdikdən sonra da universitet məhz bu səbəbdən müəyyən çətinliklərlə qarşılaşır.
Yarandığı gündən üç il ərzində universitetin adı üç dəfə dəyişir. İlkin olaraq ali məktəb "Eliot Seminariyası" adlandırılır, lakin Uilyam Eliot bununla razılaşmır və universiteti təkcə xristianlığa deyil, dünyanın bütün dinlərinə hörmətlə yanaşmağı çağırır. 1854-cü ildə Qəyyumlar Şurası ölkənin ilk prezidenti olmuş Corc Vaşinqtonun şərəfinə ali məktəbi Vaşinqton İnstitutu adlandırır. Vətəndaş müharibəsinə 7 il qalmış ali məktəbin bu adla adlandırılması təsadüfi deyil. O zaman amerikalılar Vaşinqtonu milli birlik simvolu və atası hesab edirdilər. Qəyyumlar Şurasının universiteti bu adla adlandırmasında məqsəd Missuri ştatında birliyə nail olmaq idi. 1856-cı ildə institut Vaşinqton Universiteti adlandırılır. Yalnız 1976-cı ildə bu ali məktəbi onlarca eyniadlı universitetlərdən seçmək məqsədilə Qəyyumlar Şurasının səsverməsi nəticəsində universitetin adının qarşısına "Sent-Luis" artırılır.
1854-cü ildən başlayaraq universitetdə axşam məktəbləri açılır. Həmin vaxtdan burada yeni-yeni məktəb və fakültələr fəaliyyətə başlayır. 1867-ci ildə universitetdə Missisipi çayının qərbində bütün dinləri birləşdirən ilk Hüquq Məktəbi yaradılır. Artıq 1882-ci ildə universitet genişlənərək bütün Sent-Luis ərazisində fəaliyyət göstərir. 1891-ci ildə Sent-Luis Tibb Kolleci universitetin tibb bölməsi kimi fəaliyyətə başlayır. Kollec 1899-cu ildə Missuri Tibb Kolleci ilə birləşdirilir. Həmin ildə universitet yeni kampusun tikintisinə başlayır. Kampus tikintisi ilə bağlı elan edilən müsabiqədə Filadelfiyanın məşhur "Kop & Stewardson" tikinti şirkəti qalib gəlir. Oksford və Kembric universitetlərinin kampuslarından ilhamlanan şirkət oxşar olaraq Sent-Luis Vaşinqton Universitetinin Denfort kampusunun tikintisinə başlayır. Kampusun ilk binası 1900-cü ildə tikilmiş Brukinqs Holl olur. 1915-ci ildə universitetin tibb kompleksinin tikintisi başa çatır. Üç il sonra universitet ilk qız tələbəsini qəbul edir.
1922-ci ildə Sent-Luis Vaşinqton Universitetinin gənc professoru Artur Holli Kompton İds Holl binasının zirzəmisində bir sıra təcrübələrdən sonra elektromaqnit şüalanma anlayışını daşıyan hissəcikləri nümayiş etdirir. Beləcə, 1927-ci ildə "Kompton effekti"nin kəşfinə görə A. Kompton fizika üzrə Nobel mükafatına layiq görülür. Bir müddət Çikaqo Universitetində çalışan Kompton 1946-cı ildə Sent-Luisə qayıdır və Sent-Luis Vaşinqton Universitetinin 9-cu kansleri vəzifəsini icra etməyə başlayır. 1947-ci ildə universitetin tibb məktəbinin professoru Certi Kori fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülən ilk amerikalı qadın olur. 1949-cu ildə universitetin Zənci Tələbələrin Qəbulu üzrə Komitə tam irqi inteqrasiya uğrunda kampaniyaya başlayır.
XIX əsrin ikinci yarısında Sent-Luis Vaşinqton Universiteti nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir. 1957-ci ildə Saut-40 müasir yataqxana kompleksinin tikintisinə başlanılır. 1971-ci ildə Qəyyumlar Şurası Uilyam Henri Danfortu universitetin kansleri seçir. 24 il sürən kanslerliyi dövründə universitetin Tibb Məktəbi sürətlə inkişaf edir, 70 yeni kafedra açılır, tələbələrin təqaüdləri üç dəfəyə qədər çoxalır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunun sabiq rektoru Mark Vriqton Sent-Luis Vaşinqton Universitetinin kansleri seçilir. Həmin ildən universitetə 190 yeni professor işə qəbul olunur, incəsənət və dəqiq elmlər üzrə proqramlara düzəlişlər edilir, ali məktəbin 30 yeni binası istifadəyə verilir. Ali məktəb 1983–1987-ci illər ərzində "Sent-Luis Vaşinqton Universiteti üçün alyans" adlı kampaniya həyata keçirərək 630500000 ABŞ dolları, 1998–2004-cü illərdə təşkil olunmuş "Sent-Luis Vaşinqton Universiteti üçün kampaniya" çərçivəsində isə 1,55 milyard dollar vəsait toplayır. Həmin vəsait işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılmasına, yeni elmi tədqiqatların aparılmasına sərf olunur.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Sent-Luis Vaşinqton Universitetinin kampusları Sent-Luis şəhərinin müxtəlif hissələrində yerləşir və ümumilikdə 1 milyon m² ərazini əhatə edir. Universitet Denfort, Tibb, Qərbi, Şimali kampuslardan, Teyson Tədqiqat Mərkəzindən, 560 nömrəli Musiqi, Luis mərkəzlərindən ibarətdir.
Denfort kampusu 169 akr (0,7 km²) ərazidə salınıb və şərqdən Meşə Parkı ilə əhatə olunub. Kampus ensiklopedik qotik üslubda inşa edilib və onun binaları Tarixi Yerlərin Milli Registrinə daxildir. Əvvəlki adı Hilltop olan kampus 2006-cı ilin sentyabrında rəsmi olaraq həkim Uilyam Denfortun şərəfinə Denfort adlandırılıb. Bu kampusda universitetin inzibati binası Brukinqs Holl, İncəsənət və Dəqiq Elmlər Kollecinin, Sem Foks Dizayn və İncəsənət, Olin Biznes, Hüquq, Corc Uorren Braun İctimai Fəaliyyət məktəblərinin, Tələbə Təşkilatının binaları, eləcə də tələbə yataqxanaları və böyük idman kompleksləri yerləşir. Denfort kampusu universitetin başqa kampusları ilə Siti-Biq-Bend Universitet və Skinker metro stansiyaları ilə birləşir.
Tibb kampusu 164 akr (0,77 km²) ərazidə yerləşir. Kampusda Vaşinqton Tibb Məktəbi, Barns-Yəhudi, Sent-Luis Uşaq xəstəxanaları, Karlar üçün Mərkəzi İnstitut, Sent-Luis Reabilitasiya İnstitutu, Onkoloji, Həkimlərin İxtisasartırma, Erik Nyuman Təhsil mərkəzləri fəaliyyət göstərir. Kampusda yerləşən binaların əksəriyyəti bir-biri ilə dəhliz və körpülərlə birləşir. Kampusdakı Spenser Olinin şərəfinə adlandırılmış Olin Holl yataqxana kompleksi 200-dən çox tələbə tutumuna malikdir. Tibb kampusundan Mərkəzi Vest-İnd metro xətti keçir.
Şimali kampus Sent-Luis şəhərində Delmar Lup istirahət mərkəzinin yaxınlığındadır. Bu ərazi universitet tərəfindən 2004-cü ildə əldə olunub.
Hazırda kampusda universitetin bir neçə bölməsi, Təsviri İncəsənət Departamenti, maliyyə, nəqliyyat, texniki xidmətləri, Quadranql yataqxana kompleksi, tələbələri qida ilə təchiz edən Bon Appetit İdarəetmə Kompaniyası yerləşir. Kampusda yenidənqurma işləri davam etməkdədir.
Qərbi kampus Denfort kampusundan qərbdə Kleyton ərazisindədir. 1990-cı ilədək univermaq kimi fəaliyyət göstərən və sonradan universitet tərəfindən alınan binada hazırda kitabxana, arxiv və konfrans mərkəzləri mövcuddur. Bu kampusda informasiya texnologiyalarının tətbiqi (CAIT) üzrə işlər aparılır. Qərbi və Şimali kampuslar daha çox inzibati məqsədlər üçün istifadə olunur. Hər iki kampusdan Sent-Luis, Delmar Lup və Forsayt metro xətləri keçir, bu da tələbələrin şəhər və kampuslararası hərəkətini təmin edir.
Teyson Tədqiqat Mərkəzi 2000 akr (8 km²) ərazini əhatə edir. İkinci Dünya müharibəsi dövründə hərbi sursat saxlanan ərazi 1968-ci ildə universitet tərəfindən əldə olunub və həmin ərazidə Teyson Tədqiqat Mərkəzi yaradılıb. Bu mərkəzdə universitetin tələbə və müəllimləri ekoloji tədqiqatlar aparır, eləcə də mərkəzdə fasiləsiz təhsil üzrə kurs və proqramlar təşkil olunur. Kampusda Vəhşi Kanid Yaşama və Elmi-Tədqiqat Mərkəzi (Canavar İbadətgahı), Missuri Mikoloji Cəmiyyəti, Ümumdünya Quş Sığınacağı yerləşir.
Sent-Luis Vaşinqton Universitetində bakalavr, magistr və doktorluq səviyyələri üzrə 300-dən çox proqram və 1900-dən çox kurs təklif edən İncəsənət və dəqiq elmlər fakültəsi, Corc Uorren Braun İctimai Fəaliyyət, Mühəndislik və Tətbiqi Elmlər, Sem Foks Dizayn və Vizual İncəsənət, Hüquq, Tibb, Olin Biznes məktəbləri fəaliyyət göstərir.
İncəsənət və dəqiq elmlər fakültəsi Sent-Luis Vaşinqton Universitetinin ən böyük müəssisəsidir və üç hissədən — İncəsənət və Dəqiq Elmlər, İncəsənət və Dəqiq Elmlər Ali, Universitet kolleclərindən ibarətdir. İncəsənət və Dəqiq Elmlər Kolleci humanitar, ictimai, dəqiq elmlər üzrə proqramlar, dünyanın 15-dən çox dilində kurslar təklif edir. İncəsənət və Dəqiq Elmlər Ali Kolleci magistrant və doktorantların hazırlığı üçün nəzərdə tutulub və 29 departamentdən ibarətdir. Universitet Kolleci təhsilin davam etdirilməsi və fasiləsiz təhsil verir. Bu kollecdə daha çox Sent-Luisdən olan müəllim və mütəxəssislər təhsil alırlar. Kollecdə gecə və yay məktəbləri mövcuddur.
Sent-Luis Vaşinqton Universitetinin kitabxana sistemi universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçılar, müstəqil alimlər, ümumi cəmiyyət üçün zəngin məlumat mənbəyi funksiyasını daşıyır. Universitetin kitabxana sisteminə Con Olin (Əsas), İncəsənət və Memarlıq, Bernard Beker Tibb, Biznes, Kimya, Rəqəmsal, Yer və Planetar Elmlər, Şərqi Asiya, Hüquq, Musiqi, Fizika, İctimai Fəaliyyət, Xüsusi Kolleksiya və Arxivlər, Qərbi Kampus kitabxanaları daxildir. Bu kitabxanaların 12-si Denfort, 1-i Tibb, 1-i isə Qərbi kampusda yerləşir. Universitetin kitabxana sistemi ümumilikdə 4281213 cild kitab və digər materiallara malikdir və hər il bu rəqəm artmaqdadır. 2009–2010-cu tədris ilində kitabxananın ümumi xərcləri 28230503 ABŞ dolları təşkil edib. Bu xərclərin böyük hissəsi kitab, jurnal və digər materialların əldə olunmasına sərf edilib. Sent-Luis Vaşinqton Universitetinin kitabxana sistemi Elmi Kitabxanalar Assosiasiyasının, Elmi-Texniki Kitabxanalar Mərkəzinin, Böyük Qərbi Kitabxana Alyansının və digər təşkilatların üzvüdür.
Sent-Luis Vaşinqton Universitetinin kansleri akademik Mark Vriqton, rektoru isə professor Edvard Masiasdır. Ali məktəbin əməkdaşları arasında bu günədək 23 Nobel mükafatı laureatı çalışıb, onlardan 9-u hazırda bu ali məktəbdə novator elmi tədqiqatlar həyata keçirməkdədir. Universitetin işçiləri arasında çoxlu sayda digər mükafatların laureatları da vardır. Universitetdə çalışan professor-müəllim heyətinin ümumi sayı 3415 nəfərdir. Professorlardan 23 nəfəri Milli Elmlər Akademiyasının, 29 nəfəri Tibb İnstitutunun, 29-u Amerika İncəsənət və Elmlər Akademiyasının, 72-si Amerika Qabaqcıl Elmlər Assosiasiyasının, 18-i Elektrik və Elektronika Mühəndisliyi İnstitutunun, 13 nəfəri Amerika Hüquq İnstitutunun, 3 nəfəri isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvüdür.
Universitetdə 14000-ə qədər tələbə təhsil alır. Ali məktəbdə əyani təhsil alan tələbələrin ümumi sayı 11834, qiyabi oxuyanların sayı isə 2100 nəfərdir. Burada dünyanın 110 ölkəsindən minlərlə tələbə oxuyur. 2010–2011-ci tədris ilində universitetə sənəd verən 24939 abituriyentdən 1632 nəfəri qəbul edilib. Dünya üzrə universitetin 125334 nəfər məzunu müxtəlif peşə sahələrində fəaliyyət göstərir.
Sent-Luis Vaşinqton Universitetində tələbələrin 75%-i yataqxanalarda qalır. Universitetin ən böyük tələbə yataqxanası Denfort kampusunun cənubunda yerləşən və 160000 m² ərazini əhatə edən Saut-40 yataqxana kompleksidir. Saut-40 kompleksinə Robert Brukinqs, Veyman Krou, Tomas Eliot, Lee, Ligget, Park Mudd, Uilyam Qrinlif Eliot və s. yataqxana-kolleclər aiddir. Bu ərazidə eyni zamanda tibb mərkəzləri, idman kompleksləri, bank və digər xidmətlər mövcuddur. Denfort kampusunun şimal-qərb hissəsində Nort-Sayd tələbə kəndi tələbələrin məskunlaşmaları üçün çox əlverişli kompleksdir. Tələbə kəndində kampus daxilində yerləşən 325 nəfərlik Villic Haus, Lopata Haus və Haus 6 binaları, şərqdə 440 yerlik Millbrok, eləcə də kampusdan kənar 450 yerlik Terras, Rousdeyl, Qrinvey, Voterman Kart binaları tələbələrin istifadəsinə verilir.
Sent-Luis Vaşinqton Universitetində 200-ə qədər tələbə təşkilatı fəaliyyət göstərir. Təşkilata üzv olmaq tələbələrə yataqxana ilə təmin olunmaqda, asudə vaxtın səmərəli təşkilində böyük köməklik göstərir. Universitetdə idmana xüsusi yer ayrılır. Tələbələrdən ibarət universitet komandası "Ayılar" adlanır. "Ayılar" 2008-ci ildə oğlanlar arasında tennis üzrə keçirilən yarışlarda, 1998, 2001, 2010-cu illərdə basketbol üzrə, 1989, 1991–1996, 2003, 2007, 2009-cu illərdə qadınlar arasında voleybol üzrə keçirilmiş yarışlarda birincilik əldə edib. Universitetin idman klubu tələbə təşkilatı tərəfindən maliyyələşir. Universitetin Frensis meydançası 1904-cü ildə keçirilmiş Olimpiya yay oyunlarına sahiblik edib. Frensis meydançası ali məktəbin futbol və yüngül atletika üzrə komandalarının məşq yeridir.
Sent-Luis Vaşinqton Universiteti dəyişən, multi-mədəni cəmiyyətdə yeni bilik və dərin anlayış axtarışında olan müasir elmi tədqiqat mərkəzidir. Sent-Luis şəhərinin, eləcə də ABŞ-nin inkişafında Sent-Luis Vaşinqton Universitetinin danılmaz xidmətləri var. Bu ali təhsil ocağının məqsədi mədəniyyət, incəsənət, yaradıcılıq, elm və digər sahələr üzrə əldə olunmuş nəticələrin üzərinə yeni əlavələr etmək, səhiyyənin inkişafında əhəmiyyətli nailiyyətlər qazanmaq və cəmiyyətə layiqli xidmət göstərməkdir.
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2009–2010-cu tədris ilində Sent-Luis Vaşinqton Universitetinin illik gəlirləri 2129951000 ABŞ dolları olub. Bu məbləğin 272055000-ni təhsil haqqı və digər yığımlar, 225066000-ni ianə fondu, 539760000-ni qrant və sazişlər, 724022000-ni universitet xəstəxanalarından əldə olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər təşkil edib.
Həmin tədris ilində universitetin xərcləri 1981401000 ABŞ dolları olub. Vəsaitin 472493000-ni tədqiqat, 142317000-ni akademik xidmət, 64731000-ni tələbələrə göstərilən xidmətlər, 91487000-ni əlavə müəssisələrə xərclənən vəsaitlər, qalanlarını isə digər məsrəflər təşkil edir.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]2010–2011-ci tədris ilində Sent-Luis Vaşinqton Universitetində təhsil haqqı 39400 ABŞ dolları təşkil edib. Ümumiyyətlə, universitetin kollec və məktəblərində təhsil haqqı fərqlidir — İncəsənət və Dəqiq Elmlər Ali Məktəbində 40950, Braun İctimai Fəaliyyət Məktəbində 32760, Olin Biznes Məktəbində 46000, Tibb Məktəbində 48800 ABŞ dolları və s.
Tələbələr yataqxanada qalmaq üçün 7982–8828, qidalanmaq üçün isə 3498–4788 ABŞ dolları ödəyirlər. Ümumilikdə təhsil haqqı, yataqxana, qidalanma, nəqliyyat, kitab və dərs ləvazimatları, geyim və digər xərclər daxil olmaqla tələbəyə 62000 ABŞ dollarına yaxın məbləğ lazım gəlir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
22 | 28 | 28 | 28 | 28 | 29 | 29 | 30 | 31 | 31 | 32 | 32 | 32 |
2014/15[16] | 2013/14[17] | 2012/13[18] | 2011/12[19] | 2010/11[20] |
---|---|---|---|---|
42 | 42 | 44 | 41 | 38 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Klark Klifford – ABŞ-nin sabiq müdafiə naziri;
- Devid Frensis – ABŞ-nin sabiq daxili işlər naziri;
- Uilliam Vebste – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 14-cü, Federal Təhlükəsizlik Bürosunun 6-cı direktoru;
- Luis Susman – ABŞ-nin Böyük Britaniyadakı səfiri;
- Sem Foks – ABŞ-nin Belçikadakı sabiq səfiri;
- Edvard Kranç Eliot – Amerika Hüquqşünaslar Assosiasiyasının sabiq prezidenti;
- Fibi Kouzins – ABŞ-nin ilk qadın marşalı;
- Yasna Matik – Serbiya Telekommunikasiya və İnformasiya Cəmiyyətinin sabiq naziri;
- Henri Kolfrid – Missuri ştatının sabiq qubernatoru;
- Aleksandr Monro – Missuri ştatının sabiq qubernatoru;
- Çen Zanqlianq – Çinin Quansi ərazisinin vitse-qubernatoru.
Universitetin Nobel mükafatı laureatları
[redaktə | mənbəni redaktə et]- Artur Kompton – fizika üzrə Nobel mükafatı laureatı;
- Luis Leloir – kimya üzrə Nobel mükafatı laureatı;
- Pol Berq – kimya üzrə Nobel mükafatı laureatı;
- Aaron Ciechanover – kimya üzrə Nobel mükafatı laureatı;
- Duqlas Nort – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Edvard Doysi – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Jozef Erlanger – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Herbert Gesser – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Karl Kori – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Certi Kori – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Artur Kornberq – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Severo Oçoa – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Alfred Herşi – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Earl Saterlend – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Kristian de Duve – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Deniyel Natans – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Hamilton Smit – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Corc Snell – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Stenli Koen – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Edvin Krebs – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Robert Furchgott – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Sent-Luis Vaşinqton Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 22.04.2011, № 15. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ "ARWU - Washington University in St. Louis". Shanghai Ranking Consultancy. 2014. 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- wustl.edu — Rəsmi saytı