Tulum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tulum və ya tuluq zurnası[1]Azərbaycanda nəfəsli milli musiqi aləti.[2]

Tarixi və xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Bir vaxtlar Qarabağ, Laçın, Qazax, TovuzNaxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar.

Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər.

Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir.

Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır. İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır.

İfa zamanı barmaqları qamışdakı dəliklər üzərində gəzdirməklə istənilən melodiyanın səslənməsinə nail olmaq mümkündür. Tulumçunu,adətən,nağaraçı müşayiət edir. Naxçıvan (xüsusilə Şərur, Babək) bölgəsinin böyük şöhrət qazanmış tulumçuları Bakıda, Moskvada və keçmiş SSRİ-nin bir sıra ölkələrində keçirilmiş musiqi festivallarında dəfələrlə mükafat almışlar[3].

Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.

  1. Молдавија ССР. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 30.
  2. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-08.
  3. Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 563.