Yakov Keylixis
Yakov Keylixis | |
---|---|
Doğum tarixi | 11 may 1872 |
Doğum yeri |
|
Vəfat tarixi | 1950 |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Yakov Keylixis (Yakov İosifoviç Keylixis, 11 may 1872, Balta[d], Podolsk quberniyası[d] – 1950, Bakı) — heykəltaraş, Bakıda qoyulmuş ilk heykəlin müəllifi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1949).
Həyatı
[redaktə | mənbəni redaktə et]1872-ci ildə Odessa yaxınlığındakı Balta şəhərciyində [1] yəhudi taciri İosif Keylixisin ailəsində anadan olmuşdur. Biznesini genişləndirən İosif Keylixis bir neçə ildən sonra Odessaya köçür. Odessada Yakov atasının xeyir-duası ilə əvvəlcə Odessa rəssamlıq məktəbinə, daha sonra Odessa Rəssamlı Texnikumuna daxil olur. Odessa Bədii məktəbində Yakov florensiyalı professor Luici Yorininin sinfində təhsil alır və elə burada Yakovun heykəltaraşlığa meyli hiss olunmağa başlayır.
İmperator Karakallanın büstünə görə Odessa sərgisində bürünc medal qazanan Yakov Keylixis daha sonra Peterburq İmperator Rəssamlıq Akademiyasına qəbul olur. Təhsildə qazandığı uğurlara görə onu İtaliyaya, Florensiya Rəssamlıq Akademiyasına oxumağa göndərirlər. Burada o professor Montinin emalatxanasında əvvəlcə təcrübə qazanır, sonra isə işləməyə başlayır.
Yakov Keylixisin ilk iri işi 1897-ci ildə Florensiyada bədii sərgidə nümayiş etdirilmişdi və dəniz sahilində yengəc (krab) tutmuş oğlanı təsvir edirdi. Florensiyadan sonra Yakov Avropaya səyahət etmiş, 1908-ci ildə isə ailəsi ilə birlikdə Bakıya köçmüşdür[2]
1950-ci ildə Bakıda vəfat etmişdir.
Keylixisin Bakıdakı fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1909-cu ildə Keylixis Azərbaycanda ilk heykəltaraşlıq studiyasını açır,burada daş yonması, yapma işlərini öyrədir və rəsm dərslərini aparır. Bu məktəbin məzunları Azərbaycan ornament yaradıcılığını inkişaf etdiriblər. Onların ornamentləri indiki 28 may küçəsindəki evləri, Sabunçu vağzalının binasını bəzəyir[3].
Keylixisin bir çox işləri həmin illərin aktual mövzularına həsr edilib. Bu qəbildən “Hambal” barelyefi, “Bakılı Qavroş” büstünü, mədəniyyət xadimləri Mahmudbəyov və Qəniyevin barelyef portretlərini və s. göstərmək olar.
1912-ci ildə Keylixis Bakıya səfər etmiş uşaqlıq dostu məşhur rəssam İsaak Brodski və bakılı rəssamlar S.Muxin, S.Oleynikov-Razin və S.Rıbin ilə birlikdə Bakı Rəssamlıq Cəmiyyətini yaradır. 1920-ci ildə Keylixisin heykəltaraşlıq studiyası sovet hakimiyyəti tərəfindən bağlanılaraq onun bazasında daha sonra Neft və Kimya İnstitutu (İndiki Azərbaycan Neft Akademiyası) adlandırılacaq Azərbaycan Sənaye İnstitutu yaradılır. Keylixis 30 il ərzində bu institutda heykəltaraşlıq şöbəsinin rəhbəri vəzifəsində işləmişdir.
1920-ci ildə Keylixisin hazırladığı Karl Marksın büstü o dövrdə Karl Marksın adını daşıyan Bakı bulvarında qoyulur.[4]. Bu büst günümüzədək gəlib çatmamışdır.
1934-cü ildə Keylixis dramaturq Cəfər Cabbarlının ölüm sonrası maskasını hazırladı. 1939-cu ildə həyat yoldaşı Vera Aleskovskayanın vəfatından sonra Keylixis aktiv yaradıcılıq fəaliyyətindən uzaqlaşaraq özünü pedaqoji fəaliyyətə həsr etdi.
Keylixis “bauhaus” memarlıq stilinin tərəfdarı və təbliğatçısı olmuşdur.
Bakıda ilk heykəl
[redaktə | mənbəni redaktə et]1922-ci ildə Bakıda keçirilən Şərq xalqlarının I qurultayı münasibətilə Mirzə Ələkbər Sabirin heykəlini yaratmışdır. Onu İsmailiyyə bağında (indiki Sabir bağı) qoydular. Sabirin heykəli müsəlman Şərqində insana qoyulan ilk abidə sayılır.
Bu abidənin ucaldılmasında memar Y.Sırışev də iştirak etmişdir. Abidənin hazırlanmasına vəsait az ayrıldığından o, dəmirbetondan hazırlanmışdı, amma çox gözəl, milli ornamentlərlə bəzədilmiş 3,75 metr hündürlüyündə postamentə malik idi[5].
Lakin bu abidədə müəyyən çatışmazlıqlar mövcud idi: simadakı quruluq, geyim eskizləri, heykəlin boz rənginin fondakı qala divarının rəngindən sezilməməsi və s. Zaman keçdikcə fikirlər səslənirdi ki, bu heykəl milli ənənələrə cavab vermir, xüsusiyyətləri millilikdən uzaqdır, ona görə də onu götürmək lazımdır. Ona görə də 1958-ci ildə həmin heykəl götürülür, yerinə Cəlal Qaryağdının hazırladığı Sabirin heykəli qoyulur.[6].
Keylixesin heykəli isə Balaxanıda şairin adını daşıyan bağda onun nə zamansa müəllim işlədiyi məktəbin qarşısında qoyulmuşdur [7].
Lakin tədqiqatçı Tahir Tağızadə qeyd edir ki, həmin heykəl hazırda Sabir adına kitabxananın arxiv fondunda saxlanılır [6].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Выходцы из еврейского населения г. Балты". 2014-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-29.
- ↑ Кейлихис Яков Иосифович[ölü keçid]
- ↑ Keylixis Yakov[ölü keçid]
- ↑ Сергей Румянцев. Советская национальная политика в Закавказье:конструирование национальных границ, историй и культур
- ↑ Агаев Н.Неподвластный волнам времени[ölü keçid]
- ↑ 1 2 Axır ki, Sabiri otuzdurdular[ölü keçid]
- ↑ "Памятник М.А. Сабиру". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-29.