Böyük sıçrayış
Böyük sıçrayış (çin. 大躍進) — 1958-ci ildən 1960-cı ilə qədər Çində həyata keçirilən iqtisadi və siyasi kampaniya, sənaye bazasını və ölkə iqtisadiyyatının kəskin yüksəlişini gücləndirmək məqsədi daşımış bu kampaniya Çin xalqı üçün faciəli nəticələrə səbəb olmuşdur. Bu zaman Çin 90% aqrar ölkə idi və müasirləşməyə ciddi ehtiyacı var idi. Mao Tsedun marksist məhsuldar qüvvələr nəzəriyyəsindən istifadə edərək Böyük sıçrayış siyasətini əsaslandırdı, lakin onun kəskin kollektivləşdirmə yolu ilə iqtisadi artımı artırmaq və peşəkarlığı həvəskarlıqla əvəz etmək cəhdi, eləcə də kənd təsərrüfatı sahəsində verilən yanlış qərarlar fəlakətə çevrildi: Böyük sıçrayış nəticəsində 20–40 milyon insan həlak oldu və bu, onu XX əsrin ən böyük sosial fəlakətinə çevirdi (İkinci Dünya müharibəsi istisna olmaqla).
Tarixi zəmin
[redaktə | mənbəni redaktə et]Böyük sıçrayışdan əvvəl Çin tarixində mürəkkəb hadisələr baş vermişdi. Ölkə uzun müharibədən sonra tədricən bərpa olunur, sənaye təşkil olunurdu.
Bu zaman bir sıra islahatlar aparıldı — xüsusən də dini təşkilatlar və mistik ayinlər qadağan edildi, qismən kollektivləşdirmə aparıldı və kiçik kəndli təsərrüfatları formalaşdı, kənd təsərrüfatı məhsullarının paylanmasını dövlət öz üzərinə götürdü. Çin əvvəlcə SSRİ təcrübəsini təqlid etməyə çalışdı və sovet mütəxəssislərindən istifadə etdi.
Mao tərəfindən bəyənilməyən Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra Çin və SSRİ arasında fikir ayrılıqları yarandı. Mao Tsedunun göstərişi ilə Çin mətbuatı Çin xalqında "qeyri-sağlam maraq" oyatmamaq üçün Sov. İKP-ninXX qurultayının qərarlarını gizlədildi[1].
İKP rəhbərliyi 20-ci qurultayın qərarları əvəzinə 1956-cı ilin mayında "Yüz çiçək açsın, yüz məktəb yarışsın" direktivini irəli sürdü. Sonradan bu dönüş faktiki təxribat kimi qiymətləndirildi və bu, Kommunist Partiyasının diktaturasının bütün ideoloji əleyhdarlarını müəyyən etməyə imkan verdi[2].
Çin Kommunist Partiyasının sol hissəsində əhalinin ümumi həvəsinə arxalanaraq iqtisadiyyatın inkişafına təkan vermək ideyası ortaya çıxdı. 1958-ci ilin mayında ÇKP-nin bağlı qapılar arxasında işləyən səkkizinci qurultayının II sessiyası çağırıldı. O, Mao Tsedun tərəfindən təklif olunan "yeni ümumi xətti" təsdiqlədi. "Üç qırmızı bayraq"ın kursu elan edildi: "böyük sıçrayış", xalq kommunası və "yeni ümumi xətt"[3].
Daha praqmatik "sağ" kommunistlər bu siyasətə qarşı çıxdılar, lakin mübarizədə məğlub oldular. İnam var idi ki, kiçik kommunaları iriləri ilə əvəz etsək, polad istehsalından başlayaraq qlobal transformasiyalara başlasaq, qısa müddətdə qabaqcıl ölkələri "ötüb keçmək" mümkün olacaq. 1957-ci ilin noyabrında Moskvada Kommunist və Fəhlə Partiyaları Nümayəndələrinin Beynəlxalq Konfransında N. S. Xruşşovun "Amerikaya çatmaq və onu ötmək" vədlərinə cavab olaraq Mao Tsedun ÇXR qarşısında 15 ildə polad və digər mühüm sənaye məhsullarının istehsalı üzrə Böyük Britaniyaya çatmaq və və onu ötmək məqsədini irəli sürdü. 13 noyabr 1957-ci il tarixli "People's Daily" qəzetində dərc olunan məqalədə ilk dəfə olaraq "İstehsalat cəbhəsində böyük sıçrayış" qeyd olunurdu.
Ölkədə taxıl istehsalı ilə bağlı etibarsız şişirdilmiş məlumatlardan istifadə edərək, Mao Tsedun 1958-ci ilin avqustunda Beidaihedəki geniş iclasda "taxıl probleminin əsas etibarilə həll edildiyini" bəyan etdi və bütün səyləri 1958-ci ildə metal istehsalını iki dəfə artırmağa sərf etməyi təklif etdi.
Beidaihe yığıncağı hər yerdə xalq kommunalarının yaradılmasına qərar verdi. Xalq kommunalarının sənaye, kənd təsərrüfatı, təhsil və hərbi işləri birləşdirəcəyi güman edilirdi. Beləliklə, Maonun təşəbbüsü ilə Çin kəndlərinin "kommunizasiyası" prosesi qanuniləşdirildi.
Qəbul edilmiş qərarları rəhbər tutaraq ÇXR Dövlət Plan Komitəsi 1958–1962-ci illər üçün beşillik planın yeni variantını işləyib hazırladı və bu plan Çjou Enlayın təklif etdiyi İkinci Beşillik planı əvəz etdi. Yeni plan iqtisadi inkişaf tempinin kəskin surətdə sürətləndirilməsini nəzərdə tuturdu. Sənaye məhsullarının istehsalını 6,5 dəfə, kənd təsərrüfatını 2,5 dəfə artırmaq, sənayedə orta illik artımı 45 faiz, kənd təsərrüfatı məhsulunda isə 20 faiz təşkil etməli idi. Polad istehsalının ilkin olaraq planlaşdırılan təqribən 10 milyon tondan 100 milyon tonadək 10 dəfə artması nəzərdə tutulurdu.
Böyük sıçrayış üçün beynəlxalq fon 1956-cı il Macarıstan üsyanı, Süveyş böhranı və İraq Respublikasının yaranması oldu. Əlavə gərginlik 1959-cu ildə Tibet üsyanı ilə yarandı, bu da Dalay Lamanın Hindistana getməsinə və sonradan Çin-Hindistan münasibətlərinin pisləşməsinə səbəb oldu.