Müqəddəs Georgi bazilikası
Müqəddəs Georgi bazilikası | |
---|---|
Bazilika svatého Jiří | |
50°05′28″ şm. e. 14°24′07″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Aidiyyatı | Katolisizm |
Sifarişçi | knyaz I Vratislav |
Tikilmə tarixi | 920 |
Üslubu | Barokko, Roman memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Georgi və ya Yirji bazilikası (çex. Bazilika svatého Jiří) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin və ümumilikdə Çexiyanınən ən qədim kilsələrindən biri və Müqəddəs Georginin Bohemiya ərazisində birinci monastırının əsasını qoymuş Prjimısloviç sülaləsinin dəfn olunma yeri hesab olunur.
Tarix
[redaktə | mənbəni redaktə et]920-ci ildə knyaz I Vratislav qəsr ərazisində yeni kilsənin - roman üslublu Georgi bazilikasının əsasını qoyur. Daha sonralar bazilikada onun təsisçisi Vratislav və Prjemısloviç sülaləsinin digər üzvləri dəfn edilmişdi. O dövrdən kilsə ilk xristian knyazlarının vəftiz olunma yerinə çevrilir.
Bazilikanın da daxil olduğu qədim monastır 973-cü ildə Vratislav və onun bacısı Mlada tərəfindən (o daha sonralar buranın rahibəsi seçilmişdi) Benedikt ordeni üçün təsis edilibmişdi. O vaxtdan bəri, monastırda hakim sülalədən olan gənc qızlar təhsil alır və onların bir çoxu abbatisa tituluna layiq görülürlər[1].
X əsrdə inşa edilmiş bazilikadan günümüzə kimi o qədər də çox şey qalmayıb. Yalnız cənub qüllənin aşağısında yerləşən hörgünün bir hissəsi qorunub saxlanılmışdı. 1142-ci ildə baş vermiş yanğından sonra bazilika daha da əhəmiyyətli dəyişiklikliyə məruz qalmışdı. O zaman monastırın abbatisası Berta idi, tikinti və yenidənqurma işlərinə isə memar Verner rəhbərlik edirdi. Roman mərhələsi Anejkanın hakimiyyəti dövründə xorun cənub tərəfində Əziz Lüdmila kapellasının uzadılması ilə başa çatdırılmışdı[2].
Binanın həcmi və məkan kompozisiyası
[redaktə | mənbəni redaktə et]Bazilika formasında olan memarlıq abidəsinin şərq qurtaracağında yerləşən neflərin üstendə iki qüllə vardır ki, onlardan şimalda olanı barokko dövründən qalmış olub monastırın istifadəsinə verilmişdir. Cənubdakı qüllə isə daha sonrakı dövrdə, müstəqil Bakirə Məryəm kapellasının üstündə inşa edilmişdir. Bəyaz opok qüllələrinin eni bir-birindən fərqlənir (Tın kilsəsinin qüllələri kimi)[3]. Şimali İtaliya ənənə uyğun olaraq dar qüllənin adı Həvva, kölgə salmağa qadirdaha geniş sağ qüllə isə Adəm adlanırdı[4].
Mərkəzi nefin əsas şərq tamamlayıcısı - planda kvadrat şəklində olan yarımdairəvi əsas apsidalı xordur. O qövslü friz ilə bəzədilib - bu roman memarlığının xarakterik bəzək elementi sayılır. Cənub qülləsinin önündə, həcmli və qotik üslublu müqəddəs Lüdmila kapellası yerləşir[2].
Barokko üslubunda yaradılmış qərb fasadı
[redaktə | mənbəni redaktə et]Bazilikanın erkən barokko üslublu fasadı 1541-ci ildə Praqa qəsrində baş vermiş güclü yanğından sonra yaranmışdı. Müqəddəs Georgi meydanına açılan möhtəşəm qərb fasadı kilsənin üzü sayılır. Qəti olaraq fasadın müəllifi kim olduğu məlum deyil, lakin güman edilir ki, bu italyan memarı Françesko Karatti idi (məşhur Çernin sarayının müəllifi).
Müqəddəs Georginin fasadı özünün monumentallığı ilə əlaqədar iki müxtəlif, hətta bir-birinə ümumiyyətlə əks üslub formaları olan erkən barokko və roman (hətta protoroman) üslublarının yaratdığı ümumi simbioz birləşmə nümunələrinə daxildir. Bu üslublar arasındakı yaş fərqi beş yüz ildən çoxdur, lakin fasadın əsl orijinal tikintiyə aydın şəkildə bəslədiyi ehtiram hissi və həlli, layihələrin yüksək səviyyədə tərtib olunmasını göstərir. Monumental fasad, fronton üzərində quraşdırılmış volyutalar və yüksək orderi və digər atributları olan pilyastrlar ümumilikdə yezuit kilsələrinin əsas fasad həllini xatırladır (İtaliyadakı "La Çiesa Cezu" it. La chiesa del Santissimo Nome di Gesù kilsəsi buna bir misaldır; Praqadakı nümunələr arasında müqəddəs Salvador, İqnatius və Yozef kilsələrinin adlarını qeyd etmək olar). Fasadın üzərindəki heykəltəraşlıq əsərləri, o cümlədən knyaz Vratislav və abbatisa Mladanın təsvirləri ustad Yan Yirji Bendl tərəfindən yaradılmışdır (1969-70-ci illərdə onlar yenidən bərpa edilmişdi). Klisənin küncünə əlavə edilmiş müqəddəs Nepomuklu Yanın həcmli barokko kapellası ümumi simmetriyanı pozur. Bu kiçik müstəqil yardımçı tikili Nepomukun "mübarək müqəddəs" elan olunması ilə əlaqədar yaranmışdır. Nepomuklu Yanın müqəddəslər sırasına daxil olunması rəsmi şəkildə 1729-cu ildə həyata keçirilir. Lakin artıq həmin dövrdə bu müqəddəsə sakinlər tərəfindən olan pərəstiş aydın şəkildə səslənirdi. İnsanların mümkün qədər tez Qusu unutmaları üçün yezuit rahibləri həddindən çox səy qoymuşdular.
Zal tipli və barokko üslublu kapella, Y.B. Santininin şagirdi və davamçısı Filipp Şpannbrükker tərəfindən tərtib edilmiş layihə əsasında inşa edilmişdi; tikinti işlərinə isə F.Kanka rəhbərlik edirdi. Mələklərlə əhatə olunmuş Müqəddəs plastiki və fasadın üzərinə yerləşdirilmiş heykəltəraşlıq nümunələri - Ferdinand M. Brokkofun şah əsəri sayılır; interyeri bəzəyən rəsm əsərləri və fresklər V.V. Rayner tərəfindən hazırlanmışdı. Sol tərəfdə mövcud qalereya zallarına açılan giriş qapısı və keçmiş ambitin monastır qanadı yerləşir, onun üzərindəki nişaya quraşdırılmış Məryəm Ananın heykəli isə xüsusi bir yaraşıq verir.
Bazilikanın cənub portalı
[redaktə | mənbəni redaktə et]Yirjska küçəsinə baxan cənub fasad intibah dövrünün müdaxiləsi ilə qeyd olunur. Təxmini olaraq yan fasadın ortasında yerləşən müqəddəs Georgi portalı Benedikt Ridin zövqünə aid portallar qrupuna - daha çox həmin qrupun sonuncu nümunələrinə daxil edilir. Eksteryerin yetkinliyi və zərifliyi bu işi digərləri ilə müqayisədə fərqləndirir.
Köhnə kral sarayı portallarının həllində olduğu kimi, burada söhbət həmçinin əsas girişi haşiyəyə alan edikuldan (sütunlu nişadan), yarımdairəvi arxivoltlardan və kiçik volyutalı kapitellərlə tamamlanan kannelüra dayaqlarından gedir. Edikul ilə müqayisədə, arxivolt daha kiçikdir; o girişin ağızlıq formalı kənarəsinə doğru dərinləşdirilmişdi. Yarımdairəvi tağ əjdahaya qarşı mübarizə aparan cəngavəri təsvir edən timpanla bəzədilib. Tirin aşağısında, edikulanın eyni səthində həkk edilmiş rozettalı kassetlər plastik işləmə metodu sayılır. Bu metod həmçinin Kral dəftərxanasında da istifadə olunmuşdu. Timpan üzərindəki üçbucaq fronton portalın impozant və təsirli görünüşünü tamamlayır.
Təbii olaraq bir sual yaranır ki, niyə belə bir impozant portalın yerləşdirilməsi üçün əsas fasad seçilməmişdi? Bunun əsas səbəbi çox güman ki, əsas fasadın nisbətən yeni hesab edilməsi idi, cənub fasadı isə (o dövrdə Nepomuklu Yanın kapellası hələ yox idi) təsir edici bir bədii vurğu tələb edirdi. Bununla belə, portalda edilən sonrakı yenidənqurma işləri ümumi kompozisiya həllini mükəmməlləşdirə bilməmişdi.
-
Nepomuklu Yan kapellasının giriş qapısı
-
Yarımdairəvi tağı bəzəyən timpan
-
Cənub portalı
-
Bazilikanın tərkibinə daxil olan Lüdmila kapellası
-
Roman üslublu qüllə
Roman bazilikasının interyeri
[redaktə | mənbəni redaktə et]Bazilikanın interyerində konservasiya edilmiş memarlıq elementləri və roman dövrünün dekorativ tərtibatı nadir görülən bir qarışıqdır. O özünün ciddi və monumental görünüşü ilə böyük təəssürat yaradır. Əsas nefin düz tavanı dar və tağlı künc neflərdən divar və arkadaların köməyi ilə ayrılmışdı. Yan neflərin üzərində iki və ya üç qrupa bölünmüş və əsas nefə pəncərə sırası ilə açılan emporalar (kürsülər) yerləşdirilib. Açıq qərb xorları əsas nefdən barokko üslublu məhəccərlə ayrılıb.
Nefin cənub divarını bir neçə hissədən ibarət olan şəkil bəzəyir. XVI əsrdə rəssam H.Burqmayer tərəfindən hazırlanmış şəklin üzərində Müqəddəs Ursulanın və daha 11 000 xristian bakirə qızın işgəncəsi təsvir olunmuşdu. Şimal divarında isə Müqəddəs Məryəmin göylərə yüksəlməsi təsvir olunub (rəsm əsərinin müəllifi İ.Q. Hayntşe). Şərq hissəsində yerləşən və arxeoloji qazıntılar zamanı tapılmış 3 məzar daşı Prjemısloviç sülaləsinin sərdabələrinə aiddir. Yarımdairəvi apsidada XVI əsrin sonuna aid edilən Məryəmin tacqoyma mərasimi təsvir edən fresklər qorunub saxlanılmışdı.
Cənub tərəfdən kilsə xoruna dəmir darvaza və mərmər parapet ilə ayrılmış Müqəddəs Lüdmila kapellası qoşulur. Məlum olduğu kimi, Çexiyanın ən nüfuzlu və sevilən müqəddəsin cəsədi 925-ci ildə Tetində Lüdmilanın öldürülməsindən sonra buraya gətirilmişdi. İmperator IV Karlın əmri ilə Parlerjin emalatxanasında çalışan ustaları kapellanın mərkəzində yerləşəcək bir türbə inşa edirlər. Lüdmilanın müqəddəs əmanətləri bu günə kimi kapellada saxlanılır.
Künc neflər
[redaktə | mənbəni redaktə et]Keçmiş monastır ambiti olan şimal künc nef yarımdairəvi tağlar ilə portalı birləşdirir. Şərq apsidasının altarını qotik üslublu Pyeta büstü bəzəyir (böyük ehtimala, büst Parlerjin emalatxanasında hazırlanıb). Müqəddəs Varfolomeyin qotik üslublu taxta heykəli X əsrə aid cənub künc nefinin şərq apsidasında yerləşir. Apsidanın önündəki künc nefə cənub qülləsinin altında yerləşən otaq bitişir. Bir zamanlar bura Məryəm Ananın ayrıca kapellası idi. Aparılan arxeoloji qazıntılar nəticəsində, Müqəddəs Lüdmila məzarının başlanğıcda məhz burada yerləşdiyi məlum olur. Menza adlanan altar yüksəkliyini "Üç Kralın sitayişi" adlı orijinal qotik relyef bəzəyir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- František Ekert. "Posvátná místa král. hl. města Prahy" (rus). Kapitola, Praha. 1883. 1884 tarixində arxivləşdirilib.
- František Ekert. "Kapla a hrob sv. Ludmily při chrámu sv. Jiří na hradě Pražském". Popis a plánek fresek v kapli sv. Ludmily v bazilice sv. Jiří s modlitbou ke sv. Ludmile. (çex). Rohlíček. 1858. 1859 tarixində arxivləşdirilib.
- Julius Košnář. "Staropražské pověsti a legendy". Pověsti o kostele sv. Jiří na hradě pražském (çex). Vincentinum. 1858. 1859 tarixində arxivləşdirilib.
- Pavel Vlček a kol. Umělecké památky Prahy. Pražský hrad a Hradčany. Pověsti o kostele sv. Jiří na hradě pražském (çex). Academia, Praha, 80-200-0832-2. 2000.
- Karel Vladislav Zap. "Staropražské pověsti a legendy". Popis královského hradu, hlavního chrámu u sv. Víta a všech jiných kostelův a světských stavení na Hradčanech v Praze (çex). Kober, Praha. 1868. 1869 tarixində arxivləşdirilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vlček (2000), s. 139-140
- ↑ 1 2 Pavel Vlček. Umělecké památky Prahy. Pražský hrad a Hradčany (çex). Academia, Praha - 80-200-0832-2. 2000.
- ↑ Ignaz Eugen Nowak. Erinnerungen an Sanct Georg (çex). Prag. 1836.
- ↑ Bazilika sv. Jiří - Prague Welcome Arxivləşdirilib 2011-10-20 at the Wayback Machine (çex.)