Magik realizm
Magik realizm — magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod.
Tarixi
[redaktə | mənbəni redaktə et]XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növbəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meydana çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarışmasından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tərəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu xalqların miflərini də realist nəsrə gətirmişdir. Miflərdən bədii vasitə kimi istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorji Amadu, Qabriel Qarsiya Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsrinin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa başladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə meyli daha artıq rus ədəbiyyatı, xüsusilə Nikolay Qoqol, Fyodor Dostoyevski və Anton Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar. Sonralar Frans Kafka kimi yazıcıların yaradıcılığında simvolizmin ifrat bir bədii şərtilik şəklini alması, ədəbi obrazın öz konkretliyini itirməsi həm də onların təsiri ilə bağlı idi. Əlbəttə, Kafkada xalis alman mistikası da vardır, lakin dünyanın fundamental fəlsəfi həqiqətlərini tapmaq və bədii şəkildə göstərmək meylində o, rus klassikasının təsirindədir. Belə təsir Herman Hessenin nəsrində də özünü göstərirdi.
Şübhəsiz ki, F.M.Dostoyevskidən və Avropa macara ədəbiyyatından gələn iki müxtəlif realizm forması fərqlidir. Macəralı, mistik realizmi rus ədəbiyyatında da müstəqil xətt kimi olmuşdur. Rus yazıçısı Mixail Bulqakovun "Master və Marqarita" romanı buna gözəl misal ola bilər. Realizmin bu şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcı deyil, həyatın realist macəralı təsviri lövhələrinə fantastik elementlər qarışır. Bu fantastikanın məzmununa görə sözü gedən realizm formaları müxtəlif və mənaca yaxın terminlərlə adlandırıla bilir. Məsələn, xalis fantastika elmi mistikadır. Eyni zamanda, din və təriqətlərlə bağlı, tibb elmi ilə bağlı, kitab falı ilə bağlı, cadugərliklə bağlı çoxlu əsərlər yazılmış və onların əsasında da bədii filmlər çəkilmişdir.
XX əsrin sonlarında mistik realizmə geniş meyl müşahidə olunmuşdur. Bu daha çox kinoda belə süjetlərin işlənməsi və maddi uğur qazanması ilə də bağlıdır. Məsələn, Amerikada cadulanmış mənzillər mövzusu ilə bağlı xüsusi mistik realist film janrı formalaşmışdır. Bundan əlavə, Antik dövrdən məlum olan insan – heyvan metamorfozları mövzusu da geniş işlənən magik süjetlərdir. Bədii film uğur qazandıqdan sonra onun nəsr variantı da bəzən bestseller şəklində yayılar.
Realizmin mistik formasının geniş inkişafı kinonun ədəbi zövqlərə və ədəbi axtarışlara təsirinin çox yeni bir hadisəsidir. Bəlkə kino vasitəsi ilə ədəbi təsir barədə danışmaq daha doğru olar. Bu halda vahid mətn mədəniyyəti ilə kino obrazı mədəniyyətinin qaynayıb qarışması baş verir.
Bədii fikrin inkişafı tarixində yaranan hər bir yeni mərhələ dövrün mənəvi məzmunda yenilənməsinə və dəyişilməsinə reaksiya kimi qiymətləndirilə bilər. Bu isə öz növbəsində zamanla XX əsr dünya mədəni paradiqmasının radikal şəkildə dəyişməsinə, fəlsəfi və ədəbi-bədii fikir tarixində yeni anlayışların təzahür etməsinə gətirib çıxardı. XX əsr humanitar fikrindəmilli-mədəni və multikultural dəyərlərin bir araya cəmlənməsi, sinfi fərqliliyin – kütlə və elitar mədəniyyətin culğalaşması, qaynayıb-qarışması yaradıcılıqprinsip və xüsusiyyətlərinin inkişafına sirayət etdi. Bu cəhətdən digər siyasi,ideoloji və mədəni-sosial hadisələr kimi, bədii ədəbiyyat da dövrün qlobalproblemlərini xüsusi orijinal bədii prinsiplərlə təsvir edərək yalnız müəyyənxalqın milli mədəniyyəti, dəyərləri üçün deyil, eləcə də dünya bədii fikrində yeni yaradıcılıq prinsiplərinin əsasını qoydu. İncəsənətin digər sahələrində dəfərqli təsəvvürlər sistemində təcəssüm olunan və tamamilə yeni məna kəsb edənbir dünya modeli yarandı. Dövrün sənətkarları modernist və realist estetikanın prinsipləri fonunda təsvir edilən reallığa tamamilə fərqli baxış bucağından diqqət etməyə başladılar. Maqik elementlərin dünyanın realistik mənzərəsinə daxil edilməsi, realizmin fərqli tərzdə, bədii-estetik fikirə yeni üslubun sirayət etməsi kimi başa düşüldü. Zamanla universal yaradıcılıq metoduna çevrilən bu üslub həm incəsənətdə, həm də bədii ədəbiyyatda böyük potensial imkanlara malik olduğunu göstərdi. Bu metodun “magik realizm” kimi müəyyən olunması, araşdırmaçıları bu fenomenin genezisini araşdırmağa sövq etdi.[1, s.97) Maqik realizm, sehrli realizm və ya ecazkar realizm terminləri ümumi olaraq eyni mənaya malik hesab olunur, lakin bu terminlər arasında bəzi fərqlər var. Ecazkar realizm, Latın Amerikasının inanclarını, tarixini və ənənələrini ehtiva etdiyi üçün digərlərindən fərqlənir. Maqik realizm “təmsil olunan dünyaya enməyən, əksinə gizlənən və ürəkləri döyündürən bir sirrdir” ; [3, s.15) və Salman Rüşdinin nəzərdə tutduğu kimi, maqik realizm “inanılmaz və dünyəvi ünsürlərin qarşılaşmasıdır”. [4, s.30) Maqik realizm həyatımızda mövcud olan fəqlilikləri tapıb ortaya çıxaran , adi və qeyri-adi qəbul edilən məhfumları çaşqınlıq yaratmadan təqdim edən bir ədəbi janrdır. Bəzi tənqidçilər maqik realizmi digər ədəbi cərəyanlarla ortaq xüsusiyyətlərinə görə janr olaraq xüsusi kateqoriyaya aid etməsələr də, ədəbi tənqidçi Qreqori Rubinson “ Ruşdi, Barns, Vinterson və Karterin Fantastikası” (“The Fiction of Rushdie, Barnes, Winterson and Carter”) adlı kitabında təsdiq edir ki, görkəmli ədəbiyyatşünas Ralf Koenin müəyyənləşdirdiyi, müxtəlif ədəbi janrların tarixi, sosial, mədəni cəhətdən əlaqələrinin tədqiq edilməsi prinsipinə ən yaxşı nümunə olan maqik realizm janr kateqoriyasına aid edilməsi müzakirə oluna bilər. [5, s.35) Müxtəlif əsərlərdə müxtəlif yollarla istifadə olunan və müxtəlif mənalar daşıyan bu terminin dəqiq tərifini vermək mümkün deyil. Maqik realizmin ilk təzahürləri 1920-ci illərdə Almaniyada Veymar Cumhuriyyəti dövründə post-ekspressionizm hərəkatı çərçivəsində formalaşmışdır. Ekspressionizmin davamı olan Post-ekspressionizm 1910-cu illərdə rəssamlıq sahəsində meydana gəlmiş və empresyonizmdən fərqli olaraq reallığı olduğu kimi deyil, rəssamda doğurduğu hislər vasitəsilə təcəssüm edirdi. Ancaq post-ekspressionizm mücərrədlikdən uzaq , daha konkret və sentimentalizmdən uzaq idi. Post-ekspressionizmin ilk olarq rəssamlıqda meydana gəlməsi, həm də sentimentalizmdən uzaq və fərqli olması maqik realizmlə ortaq cəhəti hesab oluna bilər. Maqik realizmin formalaşmasının dəqiq tarixi haqqında müxtəlif fərziyyələr olsa da, bir çox tənqidçi bunun 1923-ci il olduğunu qəbul edir. Maqik realizm terminini, ilk dəfə 1923-cü ildə Karl Haiderin rəsmləri haqqında yazdığı “Maqik realizm” adlı məqaləsində alman tənqidçisi Frans Roh işlətmişdir. Frans Rohun maqik realizmini Alman muzeyinin meneceri olan Gustav Hartlaub “neue sachlichkeit” (yeni obyektivlik) adlandırırdı. Hartlaub 1925-ci ildə təşkil etdiyi rəsm sərgisini “Neue Sachlichkeit” adlandırmaqla Rohun maqik realizmini qismən də olsa sənət dünyasında öz obyektivliyi ilə bir pillə geridə buraxdı; lakin 1960-cı illərin əvvəllərində Roh’un termini daha çox maraq doğurdu və o zamanlardan bəri əsasən rəssamlıqla bağlı olan bu termin ədəbi bir konsepsiya kimi məşhurlaşmağa başladı. [6, s.33-34) XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində formalaşan Ekspressionizm ədəbi cərəyanın tərəfdarları reallığa yeni bir baxış bucağından yanaşmaq zərurətini yaratdı. [7, s.13) Birinci dünya müharibəsinin əvvəli və Ekspressionizm ideyalarının süqutu dövründə sənətkarlar mücərrəd ideya və düşüncələrdən uzaqlaşaraq dünyanın daha çox “konkret” tərəfləri ilə maraqlanmağa başladı. Əslində bu yeni axtarışın səbəbi ekspressionizm və impressionizm kimi ədəbi cərəyanların müasir dünyanı izah etmək üçün kifayət etməməsindən qaynaqlanırdı. [6, s.33) Bu, rəssamlıqda yeni bir gerçəkliyi təqdim etməklə yeni bir obyektivliyi qəbul etməni asanlaşdırdı. İtalyan rəssam Giorgio de Kirikonun fövqəltəbii yaradıcılığı yeni obyektivliyi qəbul edən sənətkarlarda fərqli təəssürat yaratdı. Frans Roh məqaləsində De Kirikonun “Nach Expressionismus”, “Magischer Realismus” adlı əsərlərini nümunə göstərək "obyektlərin tənha və sirli görünüşləri ilə rəssamın yeni qaranlıq dünyasını, onun müasir insanın yadlaşması və yönünü dəyişməsini rəsmlə ifadə etməsini " maqik realizmin inkişafında əhəmiyyətli hesab edirdi.[6,s.38) Frans Roh Birinci Dünya Müharibəsindən sonra Almaniyada təşkil olunan sərgilərdə təqdim olunan rəsmlərdə bir fərq olduğunu anladı. Rohun “Magischer Realismus” kitabı Hartlaubun “Neue Sachlichkeit” sərgisinin təşkil edildiyi dövrdə nəşr olunmuşdu.Frans Rohun ideyalarından təsirlənən və maqik realizmə maraq göstərməyə başlayan Ernst Jünger, ilk dəfə bu termini 1927-ci ildə nəşr olunan “Nationalismus und modernes Leben” (“Milliyyətçilik və Müasir Həyat”) adlı bir məqalədə istifadə etdi. Onun sözlərinə görə, “maqik realizm ifadə olunan rəsmlərdə sanki sehrli bir şəkildə xarici aləmin hər bir xətti riyazi düsturun dəqiqliyi ilə birləşir, solğunluğu müəmmalı bir şəkildə işıqlandırılır”. [8, s.4-36) Frans Roh maqik realizmin ekspressionizmdən fərqli olduğunu iddia edirdi . Roh maqik realizmin iyirmi iki fərqli xüsusiyyətini təsvir etmişdir, lakin Rohun təsvir etdiyi bu xüsusiyyətlər daha çox rəssamlıqla bağlı idi.“Yeni obyektivizm” adı altında sıralanan bu xüsusiyyətlər belədir:
EXPRESSIONISM (EKSPRESSİONİZM) NEW OBJECTIVITY (YENİ OBYEKTİVLİK) Ecstatic subjects(Ecazkar mövzular) Sober subjects (Ciddi mövzular) Suppression of the subject(Mövzunun hüdudlanması) The object clarified (Aydınlaşdırılan obyekt) Rhtythmical(Ahəngdar) Representational (Təsviri) Warm (Hərarətli) Cold (Soyuq) Rough(Nahamar) Smooth (Axıcı) Dynamic (Dinamik) Static (Sabit) Loud (Uca) Quiet (Ahəstə) [9, s.35-36)
Roh maqik realizmi mövcud gerçəkliyi ifadə etməyin başqa bir yolu kimi göstərsə də, maqik realizmin dövrümüzdə qəbul edilən hal-hazırkı tərifi reallıqdan əks bir mənanı özündə ehtiva edir. Vilyam Spindlerin iddiasına görə, maqik realizmin ilk tərifindən uzaqlaşması “əslində, orijinal terminin ifadə etdiyi mənanın tam əksini” ifadə edir . [10, s.77) Maqik realizm termini ilk dəfə Frans Roh tərəfindən istifadə edildikdən sonra ədəbi dairələr tərəfindən qəbul edilməyə başladı. Massimo Bontempelli, " maqik realizmi həm incəsənətə, həm də ədəbiyyata tətbiq edən" ilk yazıçı olduğu üçün bu terminin ədəbiyyata gətirilməsində mühüm rol oynamışdır. [11, s.2) Təbiəti rəsm əsərlərində göstərmək əvəzinə onu instiktləri vasitəsilə yenidən yaratmağa çalışan Frans Roh yeni bir reallıq yaratmış oldu və maqik realizm “ etnoloji mənada mənəviyyata və ya irrasionalizmə qayıdış” deyil, əksinə “dünyanın rasional quruluşunu bir möcüzə olaraq dəyərləndirən orijinal rasionalizmi – maqik rasionalizmi ilə ifadə etdi. [6, s.35) Qunterə görə, maqik realizmi bu qədər fərqləndirən, aydınlaşdırmağa çalışdığı mövzular deyil, əksinə onun hər kəsin bu zamana kimi qəbul etdiyi və qavradığı obyektləri diqqətlə təsvir etməsi və həyata yeni baxış bucağından yanaşmanı təklif etməsidir. Bu terminin əsl mahiyyətini tədqiq edən Bontempelli, ədəbiyyatın missiyasını “gerçəkliyə yeni mifik və sehrli perspektivlər açmaq” kimi xarakterizə edirdi. [12, s.522) 1943-cü ildə “Le Nouveau Journal” adlı jurnalda Bontempelli haqqında esse yazan Yohan Deysne maqik realizmi elmi cəhətdən belə təsvir etmişdir: “xəyal və reallıq insanın daxili vəziyyətinin iki qütbünü təşkil edir və bu qütblərin cazibəsi sayəsində sehr yaranır”. [13, s.17) 1927-ci ildə “Qərb Jurnalının” (“Revista de Occidente”) ispan dilinə tərcüməsi nəşr olunduqda maqik realizm Latın Amerikasında yayılmağa başladı. Maqik realizmin Latın Amerikası ölkələri tərəfindən sürətlə qəbul edilməsinin səbəbi, o dövrlərdə sənətkarların Avropa şüurundan uzaqlaşmaq istəyindən qaynaqlanırdı. [14, s.99) 1930-1940-cı illərdə Avropadan Amerika ölkələrinə mühacirət maqik realizmin yayılmasında o qədər əhəmiyyətli təsir göstərdi ki, Buenos Ayresin ədəbi dairələrində fəaliyyət göstərən Avropa yazıçıları həmin bir il müddətində maqik realizmdən istifadə etməyə başladılar. [6, s.61) Görkəmli Venesuela yazıçısı Arturo Uslar Pietri bu termini “poetik bölünmə və ya gerçəkliyin poetik üsulla inkar edilməsi ” kimi təsvir edirdi. “Maqik realizm ”ifadəsini Latın Amerikası bədii ədəbiyyatına ilk dəfə tətbiq edən” Venesuellalı yazıçıya görə, bu üslubda yazılmış əsərlər insanı real aləmdə sirli bir varlıq kimi təqdim edir. [15, s.99) Latın Amerikası maqik realizmininin xüsusiyyətləri ilə ilk olaraq, Alexo Karpentyerin (“Bu dünyanın səltənəri” 1949), Miqel Anxel Asturiasın (“Mais adamlar”, 1949)Xuan Rulfonun (“Pedro Paramo” 1955) daha sonralar isə Xorxe Luis Borxesin, Qabriel Qarsiya Markesin, Xulio Kortazarın, Oktavio Pasın, Karlos Fuentosun, Mario Varqas-Lyosanın yaradıcılığında rast gəlmək mümkündür. Frans Kafka, Xose Saramaqo, Jorj Amadu, Mixail Bulqakov, Milorad Paviç, İzabel Alyende, Toni Morrisson, Umberto Eko, Salman Rüşdi kimi dünya şöhrətli sənətkarlar da maqik realizmin ən parlaq nümayəndələridir. [2, s.149) Maqik realizm 1954-cü ildən sonra Nyu-York Kuins Kollecinin Latın Amerikası Ədəbiyyatı professoru Anqel Floresin “Müasir Dil Dərnəkləri” konfransında “İspan Amerikan Bədii Ədəbiyyatında Maqik Realizm” adlı bir nitq söyləməsindən sonra ədəbiyyat aləminə daxil oldu. Floresin təklif etməyə çalışdığı, Latın Amerikası ədəbiyyatının heç bir müstəmləkə gücünün təsiri altına düşmədən öz mədəniyyətinə əsaslanan yeni bir diskurs – anlam əldə etməsi idi. Amarul Kanadi, Floresin ideyalarının beynəlxalq səviyyədə qəbul edilmək istəyinin müstəqillik istəyən müstəmləkə yazıçılarının söylədikləri ifadələrə bənzədiyini düşünürək fikirlərini belə ifadə etmişdi: “ Metropoliten dəyərlərin, institusional sistemlərin və konseptual paradiqmaların hegemonluğu müstəmləkələrin öz muxtariyyətlərini qanuniləşdirmək üçün üç əsas alternativ təklif edir: müstəmləkəçi ilə müstəmləkəçilik arasındakı bənzərliyin düzgün qəbul edilməməsi; müstəmləkəçilik hüquqları üçün israr etmək; müstəmləkəçilərin paradiqmalarını qəti şəkildə rədd etmək, muxtariyyət tələb etməklə yanaşı üstünlüklərinin qəbul edilməsini israr etmək. [16, s.133) Flores maqik realizmin Latın Amerikası mədəniyyətinin ictimaət arasında tanınmasına böyük təsiri olduğunu vurğulayərkən, Luis Leal bunu fərqli düşüncə tərzi kimi kimi qiymətləndirir və bu janr vasitəsilə sənətkarların arzu və xəyallarını açıq şəkildə ifadə etməyə çalışdıqlarını iddia edirdi. Maqik realizm müstəmləkə cəmiyyətləri tərəfindən xüsusilə mənimsənilməyə başlandı. Leala görə, maqik realizm, “insan və onun müxtəlif hal və yaşantıları arasındakı əsrarəngiz əlaqənin kəşf edilməsini” özündə cəmləşdirən “gerçəkliyə münasibətdir” . [17, s.131) Maqik realist yazarlar tərəfindən dünyanın mistik tərəflərinin xüsusi diqqətlə göstərilməsi və vurğulanması insanların həyatın darıxdırıcı tərəflərinin olması düşüncələrini üstələyir . Floresin Latın Amerikası romanları ilə bağlı müzakirələrin bəziləri ilə razılaşmadığı bir çox fikirlər var idi. Bu müzakirələrlə razı olmayan və maqik realizm terminin geniş istifadəsinə qarşı olanlardan Cin Piyer Duriks Qabriel Qarsia Markesin əsərlərinin bu janra aid olduğunu qəbul etmirdi. Durix nə Borxesin, nə də Qarsia Markesin romanlarının 1960-cı illərdə müxtəlif ədəbi üslubları və “ecazkar realizm”i müəyyənləşdirmək üçün ədəbi tənqid sahəsində məhşurlaşan “maqik realizm” kateqoriyasına daxil olmadığını iddia edirdi. [18, s.102) Maqik realizmin digər ədəbi terminlərlə müqayisə olunmasının əsas səbəbi heterogen(irsi müxtəliflik) xüsusiyyətə malik olmasıdır. Tənqidçilər maqik realizm terminin ədəbiyyatda uzun müddətli istifadəsini təmin etməyə çalışarkən terminin ədəbiyyata daxil olmasından əvvəl incəsənətin digər sahəsi olan rəssamlıqdan qaynaqlanması səbəbiylə müxtəlif fikir ayrılıqları ilə üzləşirdi. Tənqidçilər terminin mürəkkəb tarixini, orijinal ifadəsinin qeyri-müəyyən olmasını araşdıraraq onun bir bədii mühitdən digərinə keçidini izah etməyə çalışırdı. [7, s.12) Ünumiyyətlə , hüdud və çərçivələrlə yaşayanların öz xüsusiyyətlərini ifadə edə bilməsi maqik realizmin çoxsaylı funksiyalarından biridir. Maqik realizm yaradıcı metodu ilə yazılmış bədii əsərlərdə qeyi-rasional düşüncə tərzi idrakın diktə etdiyi qanunları kölgədə qoyur. Mətndə fərqli baxış bucaqları qarşı-qarşıya qoyulur: müasir insanın düşüncəsində bəzən bəsit təfəkkürə xas fikirlər yaranır, reallıq isə mifik təfəkkür prizmasından doğan zaman və məkan kimi qiymətləndirilir. Konkret məzmundan daha çox mücərrəd məna kəsb edən maqik realizm, gerçəkliyin bədii təsvirində maqik elementləri istifadəsi zamanı formalaşmış bədii metoddur. Realistik təhkiyəyə fövqəltəbii elementlərin daxil edilməsi, mətndə iki - real və irreal bədii dünyaların mövcudluğu, mifoloji motivlər və folklor elementlərindən mütləq şəkildə istifadə, təbii və qeyri-təbii hadisələrin təsvirində müəllifin mövqeyinin aşkarlanmaması, təhkiyədə karnaval elementlərinin mövcudluğu, ənənəvi zaman və məkan anlayışlarının nisbi xarakter daşıması, mətndə qeyri-adi obrazlar və hadisələrin real təsvirinin köməyi ilə sehr aləminə səyahət etmək effektinin yaradılması və bütün bu elementlərin vəhdətdə verilməsi cəhdi maqik realizmin əsasını təşkil edən prinsiplərdəndir. [1, s.99) Latın Amerikası ölkələri Avropanın müstəmləkəsi olduğu zaman insanların dünyagörüşü və mədəniyyəti inkişafdan geridə qalırdı. Beləliklə, ənənəvi roman xüsusiyyətlərinin yazıçıların özlərini ifadə etməsi üçün yetərli olmamasından dolayı, maqik realizm XX əsrin ortalarında ədəbiyyatda yeni bir partlayışa səbəb oldu.Xüsusilə azadlıq axtaran yazıçılar üçün yeni təhkiyə üsulları formalaşdı.1950-ci illərdə Latın Amerikası ədəbiyyatında ortaya çıxan maqik realizmin təhkiyə formasına gətirdiyi yeni texnika sayəsində başqa ölkələrin ədəbi yazarları tərəfindən mənimsənilməsi çox zaman almadı. Markesin 1967-ci ildə nəşr olunan “Yüz İlin Tənhalığı” ¬(“One Hundred Years of Solitude”¬) əsəri, bu janrda əsərlər yaratmaq istəyən bir çox Latın Amerika və ya Avropa yazıçıları üçün model rolunu oynasa da, Alejo Karpentier, maqik realizmin hər iki qitədə fərqli bir şəkildə istifadə edildiyini qeyd edirdi. Əsərdə qəhrəmanların sahib olduqları fövqəltəbii bacarıqlar və ya yaşadıqları qeyri-adi hadisələr, maqik realizmin Latın Amerikası xalqlarının mədəni inancları fonunda sehrli bir atmosfer yaratsa da, Avropa yazıçılarının əsərlərində isə bu sehrli elementlərin təhkiyə texnikasına tətbiq edilməsi idi. Alfred C. Lopez bu termindən istifadə edilməsinə təkidlə yanaşlarla razılaşmırdı. O yazırdı: “ Maqik realizm , Avropa termini, 'qeyri-Avropa' ədəbiyyatına tətbiq edildi. Terminin “Üçüncü Dünya Kosmopolit" statuslu Latın Amerikalı əsl müəlliflərin əsərlərindən digər mədənəyiyyətə mənsub olan müəllifər tərəfindən mənimsənilməsinə baxmayaraq, fərqliliyi heç də azalmadı və Latın Amerikası ədəbiyyatının bu uğuru köklü dəyişikliyə səbəb oldu; lakin belə bir sual yaranır: Latın Amerikalı müəllif tərəfindən yazılmış maqik realizm tətbiq edilən mətnin hüdudları haradadır? "Bu artıq özününküləşdirmə aktı ya da vəhşi," ekzotik "mətni uyğun Avropa kriteriyaları çərçivəsində "mənimsəməyə" yönəltmək üçün bir çağırışmıdır?”. [19, s.143) Lopez, yeni bir cərəyana aid olduğu deyilən bu əsərlərin adlarını çəkməyə çalışmadan rahatlıqla oxunması lazım olduğunu vurğulayırdı. Bu ona Avropa ölkələrinin Üçüncü Dünya ölkələrinin sahib olduğu hər şeyə hökmranlıq etmək arzusunu xatırladırdı və buna nail olmağın yeganə yolu, hansı növ mətnlə qarşılaşdıqlarını anlamaq idi. “Mətn aydın olduqda, bu ölkələrin kölgələri altında həyat sürənlərin ağlından çıxanlara nəzarət etmək asan olacaqdı”. Maqik realizmi müəyyən bir qitə ilə məhdudlaşdırmaq düzgün deyil, baxmayaraq ki, ilk əsərlər Latın Amerikalı yazıçılar tərəfindən yazılmışdır. Postkolonial yazarların bu janrda daha çox əsər yaratmasının adiləşməsi digər ölkələrdən olan yazıçılar tərəfindən eyni üsulların tətbiq edilə bilməməsi anlamına gəlmirdi. Çilili müəllif İzabel Allende bundan şikayətləndiyini belə ifadə edir: “ Ədəbi formanın çox vaxt Latın Amerikalı yazıçıların, maqik realist əsərlərinə aid edilməsinə inana bilmirəm, maqik realiz misilsiz bir Latın Amerikası fenomenidir. Sehr dünyanı hərəkətə gətirən görünməz qüvvələr üçün xəyallar, əfsanələr, miflər, duyğu, ehtiras, tarixin olduğu bir ədəbi cihaz və ya görmə yoludur. Bütün bu qüvvələr maqik realizmin absurd, izah oluna bilməyən tərəflərində özlərinə yer tapırlar ... Maqik realizm bütün dünyada mövcuddur,o gerçəkliyin bütün ölçülərini görmək və yazmaq qabiliyyətidir”. [20, s.54) Alejo Karpentier, 1949-cu ildə “real maravilloso americano” (Amerika ecazkar realizmi) termininin şərhini verdi. Karpentier, Latın Amerikasına aid olduğunu düşündüyü bu terminin, Avropa yazıçılarının əsərlərində istifadə etdikləri maqik realizmdən fərqli olduğunu düşünürdü. Karpentier, Latın Amerikası yazıçılarının Avropadan təsirlənmədiyini göstərmək üçün “marvellous realism” ecazkar realism terminindən istifadə etdi. Yazıçı tarixi həqiqətləri xronologiyaya riayət etmədən dəyişdirmək fikrində idi. 1955-ci ildə Anqel Flores, Xorxe Luis Borxesin 1940-cı illərdə “fantastic” adlandırdığı termini izah etmək üçün ilk dəfə maqik realizmdən istifadə etdi, digərləri isə maqik realizmə Karpentierin “ecazkar realizm”i kimi tərif verdi. Ümumiyyətlə maqik realizm fərqli şəkillərdə izah edilirdi: Məsələn Qiorqio De Kiriko və Karlo Karranın metafizikası; Rohun “maqik realizmi” və ya “qeyri-müəyyənliyi”; Borxesin ’the fantastic”sı (fantastik); Deysnenin “magisch-realisme”i (maqik realizm); Cunqerin “sehrli fonu”, “sehrli rasionalizmi” və “stereoskopiyası”; Bontempellinin “realismo magico”su (maqik realizm) və Kubinin " gerçəkliyin digər tərəfi" kimi. [6, s.61-62) Karpentier, ecazkar realizmdən (lo real maravilloso) istifadə edərək “Latın Amerikası şəxsiyyətinin diskursundakı fərq”i göstərərək Avropa hegemonluğunu qəbul etmir. [21, s.137) Avropa yazıçıları tərəfindən istifadə edilən maqik realizmi Latın Amerikası yazıçılarının təqlidi kimi görür, ona görə həyata sehirli tərəfdən baxmaq Avropa həyatına xas deyil. O düşünürdü ki, daha mədəni keçmişə malik olan avropalılar Latın Amerikalıların sehri, əfsunu gündəlik həyatlarının bir hissəsi kimi qəbul etdiklərinə inanmaqda çətinlik çəkirlər. Markes, nənəsinin uşaq ikən ona danışdığı hekayələrdən təsirlənərək yazdığı “Yüz illin tənhalığı” əsərində yazdıqlarının hamısının həqiqət olduğunu iddia edir; lakin, rasionalist bir cəmiyyətdə böyüyən bir Avropa insanı üçün bunlar sadəcə nağıllarda baş verən hekayələrdir. Henri Ceyms oxucunun diqqətini cəlb etmək üçün yazıçının romanlarda real həyatı təqdim etməli olduğunu yazırdı: “Gerçək personajlar, oxucu da maraq doğuracaq,onu təsirləndirəcək” . [22, s.43) Müxtəlif mədəniyyətə sahib xalqların ədəbiyyatında sehrə, əfsuna fərqli nümunələr göstərmək olar; Məsələn, sözlərin “müstəqil fiziki cisimlər” kimi qəbul edildiyi ərəb mədəniyyətində, yerə uzanıb sözlərin sizdən kənar keçməsinə icazə verərsizsə, lənətdən qaçmağa müvəffəq ola bilərsiz; İrlandiyada lənətin qurbanının üzərinə enənə qədər yeddi il havada asılı qaldığına inanılır. [7, s.58) Linda Huçeon, qərb rasionalizmi xaricində olanların qərbin mərkəzində yer almasına icazə verilməməsinin səbəbini belə izah edir: “Keçmiş və fərqli cəhətləri onları Kartezyen rasionallığına irrasional, dəli və ya ən azı yad kimi daxil olmaqdan məhrum etdi” . [23, s.68) Lakin uzun zaman sonra yazıçılar maqik realizm sayəsində bu fikirlərin normal qəbul edilməsinə müvəffəq ola bildi və hətta maqik realizm fonunda rasionalist fikirlər qəribə qəbul edilməyə başladı. Tənqidçilərin maqik realizm konsepsiyası barədə razılığa gəlməsi çətin olsa da, “ünsiyyətdəki çatışmazlıq, işarə olunan və işarə edənin birləşməsinin qarşısını alan şərt” bir çox maqik realist mətnlər boyunca daima təkrarlanır və birləşdirici xüsusiyyətə malikdir. [24, s.148)Reallıq “davamlı sorğu-sual altında olan bir anlayış olduğundan, təhkiyə üsulunun daxili gerçəkliyi məsələsi hər zaman fantastika ilə əlaqəlidir”. [25, s.36) Məsələn, “bir almanın superrealistik portreti” imitasiya olmasına baxmayaraq , empresyonist təqdimatından daha real görünə bilər. Maqik realizmin təqdim etdiyi gerçəkliyə diqqət yetirən Roh, “maqik” (sehrli) ifadəsini istifadə edərək, "aydın və praktiki detallara diqqət çəkib, kotidyan (günlük) reallığın bəxş etdiyi yenilik hissinə" işarə edir. [7, s.13) Roha görə yeni bir reallıq “kotidyan reallığı” nın bədii təqdimat ilə birləşməsi vasitəsilə formalaşır. Maqik realizm sehrli atmosferi sayəsində realist ədəbiyyatın göstərə bilmədiyi gizli gözəlliyi göstərir. Aleyn Rob Qrilet “Realizmdən Gerçəkliyə” (“From Realism to Reality”) yazdığı məqalədə xəyali qağayılardan necə istifadə etdiyini izah edir: “Mənim üçün vacib olan yeganə qağayılar ... başımda olanlar idi. Yəqin ki, oraya xarici dünyadan və bəlkə də Bretanidən gəlmişdilər; lakin onlar dəyişdilər, eyni zamanda fərqli bir şəkildə daha gerçək oldular, çünki artıq xəyali idilər”. [26, s.161-162) O anda yazıçı üçün təsvir etdiyi qağayıların insanlara özlərinin gerçək olmadığını hiss etdirmələrinə baxmayaraq, gerçək olandan daha real olduğunu hiss etmək olar. Yazıçıya görə, bütün yazarlar realist olduqlarına inanırlar və heç biri özlərini fantastik, illüzionist və ya xəyalpərəst kimi qələmə vermir,onlar gerçək dünyanı təsvir etməyə çalışırlar .Hər bir yazıçı bunu ən yaxşı şəkildə etmək üçün mübarizə aparır. Gerçəkliyi özünəməxsus şəkildə təsvir edən yazıçılardan biri olan Cenit Vinterson, yeni həqiqətləri oxuculara göstərmək azadlığını yazıçıların vəzifəsi olduğunu düşünür. Yaşadığı kiçik mühitin hüdudlarından kənara çıxaraq həyatını heç bir məhdudiyyət olmadan, istədiyi kimi yaşamaq üçün gənc yaşlarında diqqətəlayiq bir yazıçı olmağı bacarır. Öz həyat təcrübəsindən ilhamlanaraq, oxucularına özlərindən başqa heç kimin nəzarət etmədiyi çətin, lakin müstəqil bir həyatı və ya məhdud bir həyatı yaşamağın onların yalnız öz seçimləri olduğunu söyləməyə çalışır.Bununla yanaşı, Vinterson yazıçının həyatında baş verən bütün hadisələrin əsərdə əksini tapması fikrinin əleyhinədir və ona görə bu əsəri tərcümeyi-hala çevirir. Vinterson, həqiqət və qeyri-reallıq arasındakı sərhədlərin və xəyallarında da azadlıqdan zövq almalarına maneə olan zaman xronologiyasının olmadığı dünyanı təsvir edən maqik realist hekayələr yazır. Təklif olunan gerçəkliklə kifayətlənməyən Anqela Karter, hekayələrində qəbul edilən həqiqətlərdən kənara çıxır. Yazılarında rast gəlinən fantastik və mifik keyfiyyətlərin birləşməsinə baxmayaraq, fərqli baxış mövqelərini ifadə edən müxtəlif təhkiyə üslublarının insanların gündəlik həyat gerçəkliklərini çatdırmaqda əhəmiyyəti olduğunu iddia edərək gerçəklikdən qaçmaq istəmədiyini israrla ifadə edir. Hadisələrə fərqli perspektivlərdən baxmağın zəruriliyini müdafiə edən Karter, həyat şərtlərini aşaraq nizamlılıq əvəzinə təklif edilən alternativləri - canlı, cəsarətli, uyğunsuz xarakterləri təsvir edir. Sosial və cinsi rolları təyin edən ənənəvi sərhədlərə qarşı çıxaraq, o, bu sərhədlərin xarakterlərin öz seçimlərini etməkdə, sosial normalarla məhdudlaşmadan həyatlarını idarə etməkdə mane olduğunu vurğulayır. Əsərləri vasitasilə həyatla bağlı mesajlarını verən Karter oxuculardan yazılarına təsdiq deyil , əksinə öz həqiqətlərini yaratmaq üçün açıqfikirli olmalarını istəyir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, səh. 51-52.