Xalqçı Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xalqçı Partiyası

Azərbaycan Sosialist İnqilabçılar Partiyası
Sədri Aslan bəy Səfikürdski
Quruluş tarixi 1919
Dağılma tarixi 28 aprel 1920
Sələfi İttifaq Partiyası
Müsəlman Sosialist Bloku
Baş qərargah
İdeologiya sosializm
Müttəfiqlər Hümmət Partiyası
Parlamentdə
4 / 120
(27 aprel 1920)
Mətbuat orqanı Xalqçı

Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar PartiyasıAzərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya.[1][2]

1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur.

1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi.[3][4][5][6] 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi.[7] 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-AslanovCamo bəy Hacınski daxil oldular.[1] Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.[8]

1917-ci ildə bərpa olunmuş eser təşkilatlarının milli şöbələri aktiv fəaliyyətə başlamışdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci il dekabrın 7-də açılan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində daha sonralar yaranacaq Xalqçı Partiyasının 4 üzvünün — İbrahim İsmayılov, Rza bəy Qaraşarlı, Camo bəy HacınskiAslan bəy Səfikürdskinin də daxil olduğu Sosialistlər fraksiyası mövcud idi. Daha sonra Xalqçı Partiyasının sədri olan Aslan bəy Səfikürdski Sosialistlər fraksiyasınını da sədri seçilmişdi. Fraksiyaya Xalqçılardan başqa, sağ hümmətçilər Səməd ağa Ağamalıoğlu, Qasım bəy Camalbəyov, Əliheydər Qarayev, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Hacı Kərim SanılıƏhməd bəy Pepinov daxil idilər.

1919-cu ilin payızında Bakı eserləri arasında ayrılıq baş verdi. Sosialist firqəsinin üzvləri Azərbaycan Sosial Demokrat Fəhlə Partiyasını təsis etdi. Aqrar məsələdə onlarla anlaşmayan üzvlər isə Azərbaycan Sosialist İnqilabçılar Partiyası və ya Xalqçı Partiyasını təsis etdilər. Beləliklə İttifaq Partiyasının iki xələfi sol — "Əkinçi Partiyası" və sağ — "Xalqçı Partiyası" fəaliyyət göstərməyə başladı. Azərbaycan qəzetinin 22 noyabr 1919 tarixli sayında "Bakı xəbərləri" rubrikasında "Yeni bir sosialist firqə" adı altında yazı çap olunmuşdu:

" Kəndçi, fəhlə və zəhmətkeş, ziyalı qisim əhaliyi bir araya toplayıb onları Azərbaycan daxilindəki və xaricindəki əksinqilabi qüvvələrdən müdafiə etmək üçün yeni Azərbaycan Sosialist İnqilabçılar “Xalqçı” Partiyası təsis olunmuşdur. Partiyanın ümumi iclasında bu tərkibdən ibarət Bakı Komitəsi seçilmişdir: sədr Aslan bəy Səfikürdski, sədr müavini Rza bəy Qaraşarlı, katib Rzaqulu Həsənov və xəzinadar Yusif Ağabəyov Hər barədə məlumat almaq üçün parlament binasında sosialiatlər fraksiyasında hər gün saat 10-dan 2-yə kimi partiyanın komitəsinə müraciət etmək olar. "

Partiyaya Camo bəy Hacınskiİbrahim İsmayılzadə də daxildir. 1919-cu ilin noyabrında partiyanın mərkəzi komitəsi və eyniadlı qəzet (cəmi 7 nömrəsi çıxmışdır) fəaliyyətə başladı. Sosialistlər fraksiyasının proqramında bütün millətlərin hüquq bərabərliyi əks olunmuşdu.

1920-ci il aprelin sonlarında, 11-ci Qırmızı Ordunun Azərbaycanı işğalından bir neçə gün əvvəl yeni baş nazir vəzifəsinə Məmmədhəsən Hacınski ilə yanaşı, Aslan bəy Səfıkürdskinin də namizədliyi müzakirəyə qoyulmuşdu. "Xalqçı" qəzetinin Cümhuriyyətin süqutu ərəfəsində çıxan son nömrəsində sovet hakimiyyəti alqışlanırdı, lakin Aprel işğalı yeni kabinənin təşkilinə imkan vermədi, beləliklə, Xalqçı Partiyasının da fəaliyyətinə son qoyuldu. Sovet hakimiyyəti dövründə Bakı eser təşkilatının azadlıqda qalan üzvləri ilə birgə xalqçılar da gizli fəaliyyətə keçdilər, lakin 1922-ci ilin sonunda Bakıda eser təşkilatının məhkəməsi başlandı. Aslan bəy Səfikürdski daxil olmaqla, onların bütün üzvləri sovet hakimiyyəti əleyhinə fəaliyyətdə ittiham edilərək həbs olundular. Sonralar onların çoxu qətlə yetirildi.[9]

Mətbu orqanları

[redaktə | mənbəni redaktə et]

21 fevral 1920-ci ildə Xalqçı Partiyasının mətbuat orqanı olan "Xalqçı" qəzeti nəşr olunmuşdur. "Xalqçı" qəzeti sağ-esserlərin mətbu tribunası olaraq 4 səhifədən ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında yerləşən qəzetin ilk sayı heyəti-təhriyyə, sonrakı nömrələri isə Rza bəy Qaraşarlının baş redaktorluğu ilə çap olunmuşdur. "Haqqı mübarizələrdə alarsan" şüarı ilə çapa hazırlanan "Xalqçı"da müəlliflər əsasən gizli imzalarla çap olunurdu. Qəzetin 7-ci və son sayı 1920-ci ilin 25 aprel tarixində çıxmışdır.[10]

  • Xalqçı Partiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 215. ISBN 9952-417-44-4.
  1. 1 2 Azərbaycan tarixi, 7 cilddə, c 5, B., 2001
  2. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), B., 1998
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 215. ISBN 9952-417-44-4.
  4. Айдын Балаев. Азербайджанское национальное движение в 1917-1918 гг. Елм. 1998. səh. 126. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  5. Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918. University of California Press. 1967. 108. ISBN 978-0-520-00574-7.
  6. Aдpec-каледарь Азербаиджанской Ресбублики на 1920 г., Б., 1920
  7. Cəmil Həsənli. Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920. Routledge. 16 December 2015. 24–25. ISBN 978-1-317-36617-1. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2021.
  8. Çıraqzadə V., Aslan bəy Səfikürdski, B., 1994
  9. Aдpec-каледарь Азербаиджанской Ресбублики на 1920 г., Б., 1920
  10. www.elibrary.az https://www.elibrary.az/docs/qazet/qzt2018_96.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2024-06-20.