Sxolastika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Orta əsr Avropa universitetində tədris prosesi (XIV əsr)

Sxolastika (lat. Scholastica, yun. σχολαστικός — "məktəbə aid", yun. σχολή — "məktəb") — katolik ilahiyyatı ilə Aristotel fəlsəfəsinin sintezindən ibarət, universitetlərdə tədris edilən sistematik Orta Əsr Avropa fəlsəfəsi. Sxolastika dini-doqmatik düşüncələrin rasionalist metodika və formal məntiq problemləri ilə əlaqələləndirilməsilə xarakterizə edilə bilər.

Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmaq və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər.

Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə, xüsusilə Proklın görüşlərinə gedib çıxır.

Sxolastizmin dövrləri

[redaktə | mənbəni redaktə et]

Sxolastizm üç dövrə bölünür.

  • Erkən sxolastika
  • Orta sxolastika və ya Klassik sxolastika
  • Müasir sxolastika

Erkən sxolastikaya (IX–XIII əsrlər) neoplatonizmin təsiri olmuşdur (Kenterberili Anselm, İbn Sina, İbn Rüşd, Akvinalı Foma)

Klassik sxolastika dövründə (XIV–XV əsrlər) xristian aristotelizmi (Böyük Albert), üstün idi. 15–16 əsrlərdə katolik (neosxolastiklər, ispan yezuiti F. Suares) və protestant (F. Melanxton) ilahiyyatçılar arasındakı mübahisələr əslində katolik Kilsəsinin Reformasiyaya qarşı mübarizəsini əks etdirirdi.

Müasir sxolastika – yeni dövrün fəlsəfi təlimlərinin (Dekart, Hobbs, Lokk, Kant, Hegel və b.) təsiri ilə sxolastikanın əvvəlki mövqeyi sarsıldı. 19 əsrdən müxtəlif katolik (tomizm, Platon-Avqustin məktəbi və b.) və protestant məktəblərini birləşdirən sxolastikaya maraq artdı.