Dəbistan (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Dəbistan"
Növ pedaqoji jurnal
Təsisçi Əlisgəndər Cəfərzadə, Məhəmmədhəsən
Təsis tarixi 16 aprel 1906
Qərargah Bakı
Dil Azərbaycan dili

"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal.

Haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

"Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi.[1]

Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır.[1]

"Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı:[1]

" Mütəəlimlərə (şagirdlərə) məxsus iki həftədə nəşr olunan və əbnayi - millətimizin tərəqqi və təkamülünə xidmət edən müsəvvi (rəsmli, şəkilli) türk jurnalıdır. "

Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər.[1]

Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur.

Jurnalda əks olunan mövzular

[redaktə | mənbəni redaktə et]

"Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi.

Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu. Bir çox tarixi — təbiət, elmi, fənni, ədəbi və ictimai məlumat tapmaq mümkün idi. "Dəbistan"ın "Valideynə məxsus vərəqə"si də olmuşdur.[1]

Jurnalın bağlanması

[redaktə | mənbəni redaktə et]

Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur. Bu məcmuə 1908-ci ilin martın 1-nə kimi davam etmişdir. Məcmuə maddi zəiflikdən dolayı bağlanmışdır. Son nömrəsində Həsən bəy Zərdabinin şəkli, tərcümeyi-halı, fəaliyyəti, xidməti və mərasimi-dəfni öz əksini tapıb.[1]

  • N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
  • Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 485–486.
  • ""Dəbistan" jurnalı". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 6–52.
  1. 1 2 3 4 5 6 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]