Dirilik (jurnal)
Dirlik | |
---|---|
Baş redaktor | Əliabbas Müznibi |
Növ | Siyasi jurnal |
Təsisçi | Əbülfəzl Mətləbzadə |
Təsis tarixi | 16 sentyabr, 1914 |
Qərargah | Bakı, Azərbaycan |
Dil | Azərbaycan dili |
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]"Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır. Rus imperiyasının dünyaya hakim olmaq planlarından bəhs edən "Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" adlı tarixi sənəd də "Dirilik"də dərc olunmuşdur.
Məramı
[redaktə | mənbəni redaktə et]Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Əliabbas Müznibi "Məqsədimiz" adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət edir, fikirlərini ümumiləşdirir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini göstərir. "Dirilik"də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra dəyərli nümunələri çap olunmuş, ədəbi-bədii fikrin formalaşmasına xidmət etmişdir. Əmin Abid Mütəllibzadəin, Ümmügülsümün, Rəcəb Əfəndizadənin ədəbi yazılarında vətənə məhəbbət, islam əxlaqına uyğun insani münasibətlər təbliğ olunurdu."Dirilik" bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun yüksəlişinə xidmət etdi. "Dirilik" Azərbaycan mətbuatı tarixində ideya rəhbəri Əliabbas Müznibin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır" şüarı ilə nəşr edildi və tarixləşdi.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875-1920). Bakı: Elm və Təhsil, 2009, 296 səh.